İŞİD Misirdə yeni İslam dövləti qurmağa hazırlaşır

İŞİD Misirdə yeni İslam dövləti qurmağa hazırlaşır

İraqda ağır zərbələr alan qruplaşma Suriyada İdlibə nəzarət uğurunda digər müxalif qruplarla savaşır

İraqda yeni formalaşan könüllü birliklər İŞİD-in mövqelərinə hücum həyata keçirib. Rəmadi şəhəri ətrafında, Fəlluca şəhərində İraq qüvvələri ilə İŞİD arasında döyüşlərdə çoxlu sayda terrorçu öldürülüb.

İraq ordusu ilə savaşan İŞİD eyni zamanda öz içində də “təmizləmə” aparır. İraqın Səlahəddin əyalətində İŞİD qüvvələri daxilində baş verən qarşıdurma çoxlu sayda təşkilat üzvünün ölümünə səbəb olub. İraq mediasının məlumatına görə, toqquşma iraqlı İŞİD üzvləri ilə gəlmə terrorçular arasında baş verib. Qarşıdurmadan sonra Tikrit şəhərinin şimalında Serkat bölgəsində yerləşən əcnəbi yaraqlılar Mosula geri qayıdıblar. İddiaya görə, münaqişəyə səbəb əcnəbi İŞİD-çilərin yerli iraqlıların intiharçı-kamikadze olmasını istədiyi, onların isə bundan imtina etməsinə görə baş verib. Baş verən qarşıdurma sonradan silahlı toqquşmaya çevrilib və əcnəbi İŞİD-çilər Mosula qayıdıblar.

Hazırda İraq ordusu və könüllü qüvvələr ölkənin bir sıra bölgələrində İŞİD-ə qarşı hücum əməliyyatı həyata keçirirlər. Müşahidəçilərə görə, bu əməliyyatların əsas hədəfi İŞİD-i mövqelərindən vurub çıxarmaq və payıza ertələnən Mosulun azad edilməsi əməliyyatı üçün zəmin hazırlamaqdır. Xatırladaq ki, Mosulun azad edilməsi əməliyyatı yaza təyin olunsa da, sonradan təxirə salındı. Hazırda isə İraqın mərkəzində havalar 50 dərəcədən çox istidir. Bu isə döyüş əməliyyatlarına təsir edir.

İŞİD “ixvan”dan beyət istəyir

İŞİD-in mövcud olduğu ikinci əsas ölkə olan Suriyada da müxalif qruplarla savaşı davam edir. Fələstinin SAMA Agentliyinin məlumatına görə, İŞİD Qahirə əyalətinin yaradılması üçün Misirin Müsəlman Qardaşlar Hərəkatına müraciət edərək onlardan beyət istəyib. İŞİD liderlərindən Əbu Məhəmməd əl-Cizavi adından yayılan açıqlamada Müsəlman Qardaşlar Hərəkatının İŞİD-ə beyət etməsi (tabe olması) zamanının gəldiyi qeyd olunur. Eyni zamanda əl-Cizavi deyib ki, Misirdəki rejimi yıxıb islam dövləti qurmanın yeganə yolu silahlı mübarizədir.

Əhrar əş-Şama İŞİD-dən böyük zərbə

Bu arada məlum olub ki, Suriyanın İdlib şəhərində İŞİD və “Əhrar əş-Şam” qruplaşması arasında ağır döyüşlər gedir. Şəhər bir neçə ay əvvəl Suriya ordusunun əlindən alınıb. Ancaq bundan sonra İdlibə kimin nəzarət edəcəyi ilə bağlı İŞİD və digər qruplaşmalar arasında savaş qızışıb. İdlibdə ötən gün Əhrar əş-Şam qruplaşmasının hərbi qərargahına terror hücumu təşkil edən İŞİD yaraqlıları qruplaşmanın liderlərindən olan Əbu Əbdürrəhman və daha 11 yaraqlını öldürüblər. Belə ki, İdlibdə Salkın məhəlləsində yerləşən Əhrar əş-Şam hərbi qərargahına gələn İŞİD yaraqlısı hərbi toplantı keçirilən zaman binaya daxil olaraq özünü partladıb.

Qeyd edək ki, Suriyada bir neçə qruplaşmanın birləşməsi ilə yaradılan Əhrar əş-Şam qruplaşmasının lideri keçmiş əl-Qaidə üzvüdür. Ancaq İŞİD digər qruplaşmalar kimi bu təşkilatı da “müxalif və kafir” adlandırır və qruplaşma bu qrupdan olan bütün təşkilatların liderlərinin qətlinə fərman verib. Qeyd edək ki, əsasən də Suriyanın şimalında bu qruplaşmalarla İŞİD arasında savaşlar artıq iki ildir ki, davam edir. Ötən il də İŞİD terrorçuları Əhrar əş-Şam qruplaşmasının qərargahında partlayış törətməklə qruplaşmanın lideri Həsən Ahdud da daxil olmaqla, 34 nəfəri öldürmüşdü.

COMMENTS