Son zamanlar İŞİD terror təşkilatının fəallaşması bütün diqqətləri bu qruplaşmaya yönəldib
İŞİD NƏ İSTƏYİR?
İraq Şam İslam Dövləti-İŞİD İraq və Suriyada fəaliyyət göstərən terror təşkilatıdır. Sələfi ideologiyasına xidmət edən İŞİD İraq, Suriya, Fələstin və İordaniyanın daxil olduğu ərazidə şəriətə söykənən dövlət qurmaq istəyir. Təşkilatın lideri Əbu Bəkir Bağdadidir. İŞİD-i ABŞ, Avropa İttifaqı və Türkiyə terrorçu təşkilat siyahısına daxil edib.
NƏ ZAMAN YARANDI?
İŞİD 2004-cü ildə “Təhvid və Cihad” adı ilə iordaniyalı Əbu Musab Zərkavi tərəfindən qurulub. Daha sonra Usama Bin Ladenin lideri olduğu Əl-Qaidəyə qatılıb və adını “Mesopotomiya Əl Qaidəsi” olaraq dəyişib.
İLK LİDERLƏRİ KİMLƏRDİR?
2006-cı ildə yayılan videoda Zərkavi “Mücahidlər Şurası”nı yaratdıqlarını açıqladı. O, İraqda 2006-cı il iyunun 7-si ABŞ qüvvələrinə qarşı təşkil olunan əməliyyatda öldürüldü. Yerinə Əbu Həmzə Əl Mühacir keçdi. 2006-cı ilin sonlarında Əl-Qaidəyə yaxın Əbu Ömər əl Bağdadi isə lideri olduğu İraq İslam Dövlətini qurduqlarını açıqladı.
HAZIRKİ LİDERİ KİMDİR?
2010-cu ilin aprelində ABŞ və İraq qüvvələri Sisar bölgəsində Əbu Ömər əl Bağdadi və Əbu Həmzə əl Mühacirin qaldığı evə basqın təşkil etdilər. Əməliyyatda onların hər ikisi də öldürüldü. Əbu Bəkir Əl Bağdadi təşkilatın yeni rəhbəri oldu.
ƏL NUSRA CƏBHƏSI İLƏ ƏLAQƏLƏRI VARMI?
2011-ci ilin sonlarında Məhəmməd Colaninin rəhbərliyi ilə Nüsrə Cəbhəsi Əl-Qaidənin Suriya qolu olaraq yaradıldı. 2013-cü il fevralın 9-da Əbu Bəkir Bağdadi səs yazısında Nusra Cəbhəsinin İraq İslam Dövlətinin müttəfiqi olduğunu açıqladı. Eyni ildə Bağdadi Nusra Cəbhəsi ilə İraq İslam Dövlətinin “İraq Şam İslam Dövləti” adı altında bir araya gəldiyini bəyan etdi.
İŞİD İLƏ NUSRA ARASINDA FİKİR AYRILIĞI NECƏ YARANDI?
Bir müddət sonra Əbu Məhəmməd Colaniyə məxsus səs yazısı yayıldı. Audioda Colani İraq İslam Dövləti ilə yaxın münasibət fikrinə müsbət yanaşdıqlarını, ancaq iki təşkilatın bir ad altında birləşdirilməsini rədd etdiklərini dedi. Colani səs yazısında Əl Qaidə lideri Eymən Zəvahiriyə bağlı olduqlarını açıqladı.
İŞİD ƏL-QAIDƏNIN BIR QOLUDUR?
2013-cü ilin aprelində Əl-Qaidə Suriyadakı İŞİD-i tanımadığını və təşkilatın Suriyanı tərk etməsini istədi. Əl Qaidə Suriyadakı təmsilçisinin Nusra Cəbhəsi olduğunu açıqladı. Nusra Cəbhəsi və İŞİD arasında bir çox məsələdə fikir ayrılığı yarandı. Ən sonuncusu isə İŞİD-in Nusra Cəbhəsinin nəzarətində olan Ez-zor şəhərində idarəetməni ələ keçirməsi oldu.
İŞİD SURIYA VƏ İRAQDA NƏLƏRİ İDARƏ EDİR?
İŞİD Suriyada Mumbuc, neftlə zəngin Rakka və İraqla sərhədə yaxın Deyr Əz-Zər şəhərlərini nəzarətində saxlayır. İraqda isə Anbar əyalətindəki Fəllucə və Ramadi şəhərlərini idarə edir. Son olaraq Mosulu da ələ keçirib.
HƏRBİ GÜCÜ NECƏDİR?
İŞİD-in Suriyadakı hərbi gücünün 6-7 min nəfər olduğu ehtimal edilir. Döyüşçülərinin əksəriyyəti əcnəbilərdir. İraqdakı silahlılarının sayı isə 10 mindən çoxdur.
SURİYA REJİMİ İLƏ ƏMƏKDAŞLIQ VAR?
Suriya müxalifəti İŞİD-in Suriyada çevrilişə cəhdin sabotaj edilməsi üçün rəsmi Dəməşq tərəfindən dəstəkləndiyini iddia edir. Bəşər Əsəd rejimi Suriyada müxalifətin əlindəki bölgələri mütəmadi olaraq bombaladiği halda İŞİD-ın nəzarətindəki yerlərə hücum etmir. İŞİD-ın Rakkada çıxardığı nefti də Suriya rejiminə satdığı iddia edilir.
COMMENTS