İŞİD Vatikana hücüm edir

“Allahın izni ilə biz sizin Romanızı fəth edəcəyik, xaçlarınızı sındıracağıq, qadınlarınızı qul edəcəyik…”

 

Mətbuatda İŞİD-in Vatikana “bayraq hücumu” barədə xəbərlər yayılıb. Xəbərin müəmmalı müzakirəsi getdiyi vaxtda Analitik.az xarici mətbuata istinadən hadisənin əsl mahiyyətini üzə çıxarıb. Sən demə, İŞİD terror qruplaşması özünün təbliğat jurnalı olan “Dabiq”in üz qabığında Vatikanın Müqəddəs Pyotr meydanı fonunda qara bayrağının fotosunu dərc edib. 

Xarici mətbuatda yalnız fotoşəklin bayraq hissəsi təsvir olunduğundan məsələnin əsl mahiyyəti qaranlıq qalıb. Çoxları bayrağın Vatikan meydanında təsvirinin fotomontaj olduğunu yazıb. Əslində isə bu, İŞİD-in təbliğat jurnalının üz qabığıdır. Jurnalın 4-cü sayının əsas mövzusu ABŞ-ın İŞİD-ə qarşı antiterror əməliyyatının “iflasa uğramasına” həsr olunub. Jurnalda, həmçinin, “Roma” və “romalılara” qarşı mübarizədən bəhs edilir. İŞİD-çilərin terminologiyasında “Roma” dedikdə bütövlükdə Avropanın nəzərdə tutulduğu bildirilir. Həmin materialda İŞİD-in mətbuat katibi Muhammed əl-Adnaninin bəyanatı verilir: “Allahın izni ilə biz sizin Romanızı fəth edəcəyik, xaçlarınızı sındıracağıq, qadınlarınızı qul edəcəyik. Bunu biz edə bilməsək, uşaqlarımız və nəvələrimiz buna nail olacaqlar, onlar sizin oğullarınızı qul kimi satacaqlar”.
Bu bəyanatlar baş nazir Matteo Rensinin İŞİD-ə qarşı ABŞ koalisiyasında İtaliyanın iştirakını gücləndirməsindən sonra səslənməyə başlayıb. Bundan əvvəl bu ölkənin daxili işlər naziri bildirmişdi ki, İtaliyanın Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakı cavab reaksiyalarına səbəb ola bilər.
İŞİD-in “Dabiq” jurnalı bir neçə Avropa dilində nəşr edilir və əsasən, Qərb ölkələrindən gənclərin ələ alınmasına xidmət edir.

COMMENTS