İsraildən Azərbaycan və Türkiyəyə tarixi reverans

Yəhudi dövləti saxta erməni soyqırımının yubiley tədbirini boykot elədi; aprelin 24-də rəsmi Təl-Əviv İrəvana nümayəndə göndərməyəcək; az öncə prezident Rivlin BMT tribunasından Xocalı soyqırımı haqda danışmışdı…

Saxta erməni soyqırımının yubileyinə bir şey qalmadı – təxminən 50 gün. Hələ ki ermənilərin dünya birliyini qardaş Türkiyəyə qarşı öz sərsəm iddialarına inandırmaq cəhdləri ciddi effekt vermir. Və nə yaxşı ki, vermir.

Artıq Ermənistanda bu reallığın dərki başlayıb. Yerli mətbuat, müstəqil ekspertlər tərəfindən hətta Sərkisyan hökumətinin “sayəsində” 100 illik yubiley tədbirlərinə hazırlıq işinin iflas olması haqda ittihamlar səslənir. Bunu da ilk növbədə 24 aprel törənlərinə dünya liderlərinin qatılmasını təmin eləmək yönündə iqtidarın yetərli fəaliyyət göstərə bilməməsi, daha çox daxili siyasi (müxalif) qüvvələrə, intriqalara baş qatması ilə əlaqələndirirlər.  

Doğrudan da, yubileyə az qalmasına rəğmən, bu günə yalnız Fransa prezidenti Fransua Olland İrəvana təşrif buyuracağını rəsmən bəyan edib. İngiltərənin baş naziri Devid Kemeronun qatılmayacağı isə bəllidir. BMT Təhlükəsizik Şurasının 5 daimi üzvündən yerdə qalan digər ikisi – Çin və ABŞ liderləri də böyük ehtimalla Ermənistana gəlməyəcəklər.
Həmçinin Təhlükəsizlik Şurasının 5-ci daimi üzvü, son vaxtlar Türkiyə ilə münasibətləri əhəmiyyətli dərədəcə irəli getmiş, blokadada olan Rusiyanın prezidenti Vladimir Putun çətin ki, bu addımı atıb Ankaranı qıcıqlandırsın. Yerdə kim qaldı ki? Böyük dövlətlərin qatılmadığı tədbir isə çətin ki, beynəlxalq əhəmiyyət daşısın və ermənilərin gözlədiyi nəticəni versin.
Başqa bir səbəb sözsüz ki, saxta “genosid” iddiasının dünya üçün daha əvvəlki tək maraq kəsb etməməsi, açığı, dünyanın bu məsələdən yorulması, qlobal güclərin isə Türkiyəyə qarşı zaman-zaman istifadə elədikləri bu təzyiq alətinin ənənəvi effekti verməməsidir. Dünyanı indi əlbəttə ki, daha ciddi və ağrılı problemlər – terrorçuluq, İŞİD, Yaxın Şərq (İraq, Suriya) məsələləri düşündürür. Həmin məsələlər nəinki yaxın aylar, yaxın illər üçün beynəlxalq təhlükəsizlik baxımından ön sıralarda dayanacaq, nəinki qondara “genosid” mövzusu.
Bu mənada ermənilərin öz iddialarını heç olmasa, 2015-ci ildə – yubiley ilində beynəlmiləlləşdirmək arzusu daşa dəymiş hesab edilə bilər. Bundan əlavə, Türkiyə və Azərbaycan lobbilərinin son illər qat-qat fəal iş aparması da öz sözünü deməkdədir. Habelə, rəsmi Ankaranın anti-soyqırım təbliğatı – 24 aprelə Çanaqqala zəfəri ilə bağlı yubiley tədbirinin planlaşdırılması və s. kimi kontur-addımlar öz müsbət təsirini göstərməkdədir…                 
Bu arada dünya siyasətinə ciddi təsiri olan yəhudi lobbisinin və onun dövlətinin – İsrailin 24 aprellə bağlı mövqeyi də bəlli olub. İsrailin Ermənistandakı səfiri Şmuel Meyrom erməni mediasına müsahibəsində diplomatik nəzakətlə, lakin kifayət qədər açıq mətnlə rəsmi Təl-Əvivin 24 aprel törəninə qatılmayacağının anonsunu verib.

Sitat: “Bu il İsrailin Müstəqillik Günü aprelin 22-dən başlayır və bütün sonrakı gün davam edir. Aprelin 24-ü cümə gününə təsadüf edir. Məhz cümə günü axşam Şabbat başlayır. Ona görə də İsrailin rəsmi şəxslərinin həmin gün bu tədbirlərdə iştirakı sadə məsələ deyil. Bizim nəzərimizcə, 24 aprel hansısa rəsmi səfər üçün problemli tarixdir. Ümid edirəm ki, İsrailin rəsmi nümayəndə heyəti İrəvana il ərzində baş çəkəcək”.

Diplomatik dildən tərcümədə bu, elə imtina deməkdir. Eyni zamanda erməni “genosidi” iddialarının yəhudi dövləti və lobbisi tərəfindən ciddi qəbul edilmədiyinin, İsrailin onu heç vaxt tanımayacağının etirafıdır. Nəhayət, rəsmi Təl-Əvivin hazırda heç də isti münasibətlərdə olmadığı Ankaraya və əlbəttə ki, Bakıya mühüm, tarixi reveransıdır.     
    
Yada salaq ki, az öncə – yanvarın 28-də İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost qurbanlarının xatirəsini anım mərasimində çıxışı zamanı dünyanın müxtəlif regionlarında, o cümlədən Əfqanıstan, Suriya, Bosniya və Nigeriyada törədilmiş soyqırım və qırğınlardan danışarkən Xocalı faciəsindən də söz açmış, dünya birliyinin soyqırıma qarşı mübarizəsinin kifayət qədər effektiv olmadığını vurğulamışı.

Sitat: “Bu mübarizə Bosniyada kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda qətliamın qarşısının alınmasına təsir göstərə bildimi? Yaxud əfqanların Taliban tərəfindən öldürülməsinin qarşısını aldımı? Bəs bu gün Suriyada kifayət qədər effektivdirmi?..”

COMMENTS