İsraildən səfirliklər geri çağrılır

Misirdə danışıqların davam etdiyi vaxtda İsrail “yanlışlıqla” daha bir BMT məktəbini vurdu, HƏMAS ikinci cəbhə açılması üçün

 

“Hizbullah”a müraciət etdi…
İsrailin Qəzza zolağını bombalaması davam edir. İyulun 7-dən başlayan hücumlar nəticəsində 1200-dən çox fələstinli həyatını itirib, 6500 nəfərdən artıq insan yaralanıb. İsrail isə HƏMAS-ın cavab zərbələri nəticəsində 2 dinc sakini və 53 hərbçini itirdiyini bəyan edib.

Qeyd edək ki, ötən gün İsrailin atdığı bombalar Qəzzada BMT-yə məxsus orta məktəbə düşüb. Nəticədə məktəbə sığınmış 15 nəfər ölüb. Ötən gün həmçinin İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbindəki Şati qaçqın düşərgəsində yerləşən “əl-Suveysi” məscidini bombalayıb. İslam.az saytının məlumatına görə, məscidə 3 raket düşüb. Nəticədə ibadətgah yerlə-yeksan olub, ətrafdakı evlərə xeyli ziyan dəyib. Ümumilikdə Qəzzada 74 məscid vurulub. Onlardan 20-si tamamilə dağıdılıb.

BMT Qəzzanın Cəbaliyə məntəqəsindəki orta məktəbin vurulmasını “utancverici” hadisə adlandırıb. BMT-nin Qaçqınlara Yardım Qurumunun yerli ofisinin direktoru Bob Törner bildirib ki, orta məktəb tank atəşi ilə vurulub. BMT yetkilisi tərəfləri mülki binaları vurmamağa çağırıb.

Qeyd edək ki, artıq iki gündür ki, HƏMAS və “İslami Cihad” qruplaşmalarının nümayəndələri Misirdə İsrail tərəfinin nümayəndələri ilə danışıqlar aparır. Ancaq HƏMAS-ın hərtərəfli sülh müqaviləsi tələbi sülh danışıqlarını pozub. Qəzza hakimiyyəti müvəqqəti atəşkəs deyil, köklü sülh müqaviləsi imzalanmasını təklif edir. Beynəlxalq səviyyədə atəşkəs çağırışlarına baxmayaraq hər iki tərəf müvəqqəti atəşkəsə razı deyil. HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deif bildirib ki, Qəzzaya qarşı tətbiq olunan embarqo ləğv olunana qədər atəşkəs olmayacaq.

Xatırladaq ki, Qəzza zolağının blokadası 2007-ci ildə HƏMAS Qəzzada hakimiyyətə gəldikdən sonra Misir və İsrail tərəfindən tətbiq olunur. 2006-cı il seçkilərində mandat yerlərinin çoxunu qazanan HƏMAS hərəkatının hökumət qurması baş tutmayıb və Ramallahda yerləşən Fələstin administrasiyası ilə hökumət qurulmasında anlaşa bilməyib. Bundan sonra HƏMAS-ın yaratdığı yeni hökumətlə Ramallah arasında anlaşılmazlıq 2007-ci ildə HƏMAS-ın Qəzzanı ələ keçirməsi ilə daha da böyüyüb. Nəticədə Fələstində iki hökumət formalaşıb: Qəzzada HƏMAS, Ramallahda isə Fəth hökuməti. Bundan sonra İsrail və Mübarəkin Misir hökuməti Qəzzaya gedən quru yollarını bağlayıb və bölgə blokada vəziyyətinə düşüb. HƏMAS-ın Misirə keçmək üçün qurduğu tunellər isə zaman-zaman vurularaq dağıdılıb. Ancaq buna baxmayaraq, ötən 7 ildə tunellər Qəzza üçün əsas keçid vasitəsi olaraq qalıb.

Bu arada məlum olub ki, 5 Latın Amerikası ölkəsi – Çili, Peru, Salvador, o cümlədən bir neçə gün əvvəl Braziliya və Ekvador hökumətləri İsraildəki səfirlərini geri çağırmaq haqqında qərar verib. Bundan başqa, Venesuela prezidenti Nikolas Maduro bir qədər əvvəl İsraili Qəzzaya hücuma görə sərt tənqid edərək, onu qatil dövlət adlandırıb.
Qəzzada atəşin dayandırılması müzakirələri ilə bağlı Misir paytaxtı Qahirədə olan HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk sensasion açıqlama ilə çıxış edib. Deyerler.org saytının məlumatına görə, o, Livanın “Hizbullah” hərəkatına müraciət edərək onu sionist rejimin şimal sərhədlərindən İsrail rejiminə qarşı hərbi əməliyyatlara başlamağa çağırıb. “Biz ümid edirik ki, ”Hizbullah” fələstinlilərə yardım etmək üçün İsrail rejiminə qarşı ikinci cəbhəni açacaq”, – deyə Əbu Mərzuk açıqlamasında bildirib.

Xatırladaq ki, ötən həftə “Hizbullah” baş katibi Seyyid Həsən Nəsrullah Fələstin müqavimət təşkilatlarının rəhbərləri, o cümlədən HƏMAS rəhbəri ilə əlaqə saxlayaraq müqavimətə dəstək verdiklərini və işğalçı rejimə qarşı hər cür əməkdaşlığa hazır olduğunu bəyan etmişdi.

COMMENTS