İqbal Ağazadə: “Azərbaycan müxalifətində dəhşətli bir xəstəlik yaranıb”

İqbal Ağazadə: “Azərbaycan müxalifətində dəhşətli bir xəstəlik yaranıb”

Millət vəkili İqbal Ağazadə: “Hamı cəmiyyəti Avropa dəyərlərinə açıq şəkildə səsləyir; amma kimsə Rusiyaya bağlı kriteriyalara səsləyə bilmir ”

 

Ölkədə və regionda baş verən son olaylarla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırmaq üçün “Ümid” Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadəni redaksiyamıza dəvət etdik.

İ.Ağazadə ilə müsahibədə qəzetimizin baş redaktoru Rauf Arifoğlu və siyasi şərhçimiz Azər Rəşidoğlu iştirak edib. Müsahibənin ikinci hissəsini təqdim edirik.

(əvvəli ötən sayda)

– Ya qanunvericilik və qaydalar pozulubsa?

– Pozulubsa, artıq edə biləcəyimiz bir şey yoxdur. Biz onda xahiş edə bilərik. Necə ki, əfvlə bağlı xahiş edirik, amnistiya ilə bağlı xahiş edirik; o cür də həbsdən azad olunması ilə bağlı xahiş edirik, həbs-qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı və sair… bunu xahiş edə bilərik. Qanunlar pozulubsa, biz başqa nə edə bilərik? Çox maraqlı bir tendensiya yaranıb. Məsələn, Rauf Mirqədirov haqqında, Leyla Yunus haqqında çox ağır ittiham irəli sürülüb ki, onlar vətənə xəyanət ediblər… Bizsə işin mahiyyətini bilmirik. İctimaiyyət, media bu haqda heç nə bilmir. Vəkil deyir ki, mən istintaqda qol çəkmişəm, iltizam vermişəm ki, istintaq sirrini aça bilmərəm, yaya bilmərəm. İndi Azərbaycan hökumətinin və yaxud da prokurorluq orqanlarının elan etdiyi ittiham maddələri və faktlar məni qane etmir, mən onlara inanmıram, vəkil də cavab vermir. Mən indi arestantları necə müdafiə edim, mən nəyi müdafiə edim?

“Rusiyadan demokratiya gələn deyil, vətəndaş cəmiyyətinin müdafiəsi ilə bağlı, siyasi partiyaların inkişaf etdirilməsi, demokratik seçki tələbləri gələn deyil; ”Seçki Məcəlləsini dəyişdir, demokratikləşdir” tələbi də gələn deyil. Rusiyadan gələn tələb, təhdid, təhlükə iqtidarla xalqı birləşdirə bilən faktorlardır; hakimiyyət də bundan arxayındır”

– Amma müdafiə prosesində sizin şəklinizi gördük. Yeri gəlmişkən, müxalifət toplaşmışdı onda…

– Şəklimi gördünüz. Bu, bizim bir görəvimizdir. Biz prinsip olaraq onları müdafiə edirik; çünki ədalətsiz məhkəmələrin olduğu bir məmləkətdə hətta haqlı tutulan adam belə haqsız, haqsız tutulan adam belə haqlı görünür… Çünki məhkəmənin ədaləti yoxdur. Azərbaycanda məhkəmələr ədalətsizdir, bunu hər birimiz bilirik. Azərbaycanda siyasi sifarişlə həbs olunan o qədər adamlar olub ki… Mənim müdafiə istiqamətim məsələn budur, prosessual pozuntular olmasın və ən başlıcası, həbs olunan insanlar Azərbaycan ictimai-siyasi düşüncəsində, fikrində o qədər tanınmış adamlardır ki, bunları tutqusuz da yarğılamaq mümkündür, tutqusuz da bu adamlar üzərində istintaq işi aparmaq mümkündür və daha şəffaf aparmaq mümkündür. Biz buna görə müdafiə edirik ki, sən hökmənmi bir ailənin iki üzvünü həbs etməlisən, – Leyla Yunusu da, Arif Yunusu da, – arxasınca gedən olmasın? Bunun evi var, sabit yeri var…

– Amma hakimiyyət illərlə onlara dözmüşdü. Birdən-birə niyə tutdu?

– Hakimiyyətin onları birdən-birə tutmasının səbəbini izah etdim – ən böyük səbəbini. Azərbaycan yerini seçib Avropa siyasi coğrafiyasında, Avropa siyasi coğrafiyasında dəyərləri onunla birlikdə müzakirə edəcək ikinci, üçüncü bir cameənin, rəy liderlərinin, fərqli düşərgənin olmasını istəmir. Deyir bu dəyərləri qəbul edən də, ona qapını açan da, müzakirə edən də mən olmalıyam. Bu metod uzun illərdir işləyir. Vaxtı ilə Rusiyanın qapısı da açılanda həmin dəyərlər üzərində Azərbaycan hökuməti ciddi addımlar atıb. Təsəvvür edin, Azərbaycan 1993-2000-ci illərdə Rusiyaya bağlı siyasətçilərin böyük əksəriyyətini haradan gətirdilər? Rusiyadan… O adamlar ki, burada bu hakimiyyətə qarşı çıxırdılar, qaçıb Rusiyaya getmişdilər, Rusiya onları geriyə təhvil verdi. Çünki oyun qaydalarını Rusiya ilə bu şəkildə müəyyən etmişdilər. İndi Avropa siyasi coğrafiyasında olmağın özü Avropa üçün də, Qərb üçün də ciddi bir dəyərdir. Yəni Avrasiya İttifaqını seçməmək…

“Hakimiyyət strateji seçim anlarında basqılar edir. Azərbaycan yolunu, xəttini təkrar formatlamaq məcburiyyətində qalanda… 1994-95-ci illər, 2000- 2003-cü illər, 2011-ci – 2013-cü illər və 2014-cü il”

– Qərb dəyərlərini və Qərb oriyentasiyasını seçmək özü əlifba olaraq bu tərzə qarşıdır. Sən, necə ola bilər , Qərbi və onun dəyərlərini onunla işləməyi seçəsən, amma…

– Əvvəlcə siyasi coğrafiyanı seçirlər, coğrafiya seçiləndən sonra, harada olacağını bəlli edəndən sonra dəyərləri addım-addım qəbul etdirməyi düşünürlər. Hər kəs bilir ki, bu gün Azərbaycana Avropa dəyərlərini, Avropada hakim olan demokratik dəyərləri birbaşa əxz etdirmək də mümkün deyil. Hansı basqı olsa da, mümkün deyil. Avropa da çox yaxşı bilir ki, uzunmüddətli basqıların nəticəsində Rusiyanın yanına gedəcək Azərbaycan hakimiyyətinə təsir imkanları çox böyük deyil. Və yaxud da uzun basqılar nəticəsində tam şəkildə Avropanın yanına gedəcək Azərbaycanın üzərinə gələn Rusiya basqılarını Avropa tam şəkildə əngəlləyə bilməyəcək. Bunu hər kəs bilir və hər kəs də maraqları və beynəlxalq təşkilatların ümumi strategiyası uğrunda bir müstəvi cızıb.

– Baş verənləri 2015-ci il parlament seçkisinə hazırlıq kimi dəyərləndirmək olarmı?

– Hesab etmirəm ki, bu, 2015-ci il parlament seçkiləri ilə bağlıdır. 2015-ci il parlament seçkilərindən daha böyük məsələ istiqamət üzrə strateji seçim məsələsidir. 2015-ci il parlamenti ilə 2010-cu il parlament seçkiləri arasında nə fərq var ki? 2010-cu il parlament seçkilərində nə olub ki, 2015-ci ilin parlament seçkilərində nə olsun? Müxalifətmi ayaqlanıb, daha çox birlikmi yaranıb, hamı bir yerdədirmi, Seçki Məcəlləsimi yumşalıb, komissiyalarınmı tərkibimi dəyişib? Heç nə dəyişməyib. Hər şey əvvəlkindən, 2010-cu ildəkindən daha pisdir. Niyə 2015-ə bunu hesablamalıdır? Diqqət etmək lazımdır, hakimiyyət nə zaman basqılar edir. Hakimiyyət strateji seçim anlarında basqılar edir. Azərbaycan yolunu, xəttini təkrar formatlamaq məcburiyyətində qalanda… 1994-95-ci illər, 2000-2003-cü illər, 2011-ci-2013-cü illər və 2014-cü il… Bu dönəmlərdədir basqılar. 2010-la 2015-in arasında fərq yoxdur. 2015-ci il seçkilərinə yönəlik deyil bu. Daha böyük bir kampaniyaya, hansı coğrafiyada necə yer alacağı və bu coğrafiyadan gələn təhlükələr…

Məsələn, Azərbaycan üçün Rusiyadan gələn təhlükə bəllidir. Bu, iki xətt üzrə təhdid yaradır: Ermənistan-Azərbaycan cəbhəsindən və etnik-milli konfliktlərdən. Hər ikisində də Azərbaycan hakimiyyətinin avantajı yaranır. Bu cür təhdidlər iqtidara dərhal imkanlar yaradır ki, xalqı və müxalifəti yanına alaraq, onlarla bir sırada təzyiqlərə qarşı dayansın. Xalqla, müxalifətlə bir yerdə olmaq isə xarici bədxahın planlaşdırılan hədəfini puç edir. İstər Qarabağ cəbhəsindən, istərsə də etnik-milli konfliktlərdən Rusiya yararlanmağa çalışsa, Azərbaycan hakimiyyətini daha da gücləndirəcək. Rusiyadan demokratiya gələn deyil, Rusiyadan vətəndaş cəmiyyətinin müdafiəsi ilə bağlı, siyasi partiyaların inkişaf etdirilməsi, demokratik seçki tələbləri gələn deyil, “Seçki Məcəlləsini dəyişdir, demokratikləşdir” tələbi də gələn deyil. Rusiyadan gələn tələb, təhdid, təhlükə iqtidarla xalqı birləşdirə bilən faktorlardır; hakimiyyət də bundan arxayındır.

Avropadan gələn tələb və təhdidlər isə bir başqadır. Avropa nə Dağlıq Qarabağda, nə də ölkə daxilində etnik, milli konfliktləri qaldırmır. Onun qaldırdığı məsələ nədir? Demokratik seçki, insan haqları, azadlıqlar, dəyərlər-filan. Bu tələb-təkliflərə münasibət isə Azərbaycanda o cürdür ki, iqtidarın yanına Azərbaycan cəmiyyətindən bir adamı da getməz. Hər kəs bilir ki, iqtidar burada təklənir, daha çox cəbhə yaranır. İqtidar nə edir? İqtidar bu cəbhənin parçalanmasına çalışır, onunla bu mövzuda Qərblə müttəfiq ola biləcək dairələrin siyahısını kiçildir, vəssalam. Bu qədər bəsit.

– Rusiyanın başqa bir təzyiq mexanizmi də var axı- hakimiyyət daxilində olan, o cümlədən müxalifətdə olan agenturasını fəaliyyətə keçirtmək…

– Azərbaycan müxalif cameəsi açıq şəkildə Rusiyanın yanında ola biləcək vəziyyətdə deyil. Ola bilənlər də ciddi siyasi qüvvəyə malik deyil.

– Bəs Milli Şura? Axı o model Rusiyadan – Moskvadan gəlmişdi və hələ də siyasi məkanda önəmli bir yerdədir.

“Birinə durub deyirlər ki, sənin keçmişin ləkəlidir, digərinə deyirlər, sənin gələcəyin pisdir, o birinə deyirlər sənin mənimlə münasibətin pisdir; hamı kənara çəkilsin, demokratiya ilə biz ikimiz məşğul olacağıq…”

– Alt yapıda işləyə bilərlər. Amma Milli Şuranın bütün bəyanatları, hətta xatırlayırsınızsa. 2013-cü ilin prezident seçkiləri öncəsi Milli Şurada olanlardan birinin bəyanatı bu idi ki, “Biz Milli Şuranı Rusiya projesindən Qərb projesinə çevirdik”. Yəni bu da açıq şəkildə mesaj şəklində verilirdi.

– Amma təkrar edək, model olaraq Moskvadan gəldi…

– Amma Rusiyanın sona qədər modelə sahib çıxması, hətta orada olanların bunu açıq şəkildə ifadə etməsi və xalqı bu istiqamətdə səsləməsi yoxdur. Baxın, hamı Avropa dəyərlərinə açıq şəkildə səsləyir; amma Rusiyaya bağlı kriteriyalara səsləyə bilmirlər; demək o dəstəklər də açıq deyil. Azərbaycan hakimiyyəti daxilində Rusiyanın yanında ola bilib, parçalayıcı gücə malik olan bir adam belə hakimiyyətdə yoxdur. Hə, Rusiya gələrsə, Rusiyanın yanında yer ala biləcək çoxlu məmurlar var. Amma Rusiyanın “bu gün sən hakimiyyətdəsən və oradan ayrılın, beş nəfər, on nəfər, siz Rusiyanın xəttini müdafiə edin”,- deyə biləcəyi Azərbaycan hakimiyyətində məmurları yoxdur; tək halında da mövcud deyil. Yenə deyirəm, Rusiyanın yanında yer alacaq məmurlar var. Amma bunun üçün Rusiya gərək yenidən işğal edə Azərbaycanı…

– Bəlkə var, sadəcə olaraq hələ fəaliyyətə keçməyiblər?

– Fəaliyyətə keçməkləri də mümkün deyil. Azərbaycan hakimiyyətində olanların da xarakterini, xasiyyətini, proseslərdəki rolunu və yerini də bilirik. Ona görə də bu, mümkün deyil.

– Bu prosesdə üçüncü sektorun, QHT sektorunun repressiyasında müxalifət düşərgəsi necə təpki verdi, özünü necə apardı? Siz ona olan reaksiyalardan birində iştirak etmisiz. Məsələn, müşahidə olundu ki, Milli Şura və AXCP gəlmədi oraya. Bu barədə indiki münasibət, reaksiya nədir?

– Mən hesab edirəm ki, müxalifət bacardığı qədər reaksiya verir. Zorla şişirdilən reaksiya gözləmək doğru deyil. Amma bizim toplum olaraq, müxalifət cameəsi olaraq birgə təpki verə bilməməyimizin nədənləri var. Məsələn, mən Milli Şura nümayəndələrindən birinin mövqeyinə rast gəldim, “onlar niyə yığışmışdı, biz əvvəlcədən yığışmışdıq”,- filan deyib. Biz İntiqam Əliyevi müdafiə edirdik, hətta onun müxalifətçi olub-olmaması, siyasi cizgisi bəlli deyil. Buraya daha çox adamı toplamaq əvəzinə, daha çox adama imza atdırmaqdansa, qoşulan adamları da təkləyirlər… Bilirsinizmi, Azərbaycan müxalifətində dəhşətli bir xəstəlik yaranıb. Xüsusən çox təəssüf ki, bu, Milli Şuraya aiddir. Axı elə insanlar var ki, onlar demokratiyaya müəyyən məsafəyə qədər yardım edə bilir, gücü o qədər çatır. Sən gücü on kilometrə çatmayan adamı on kilometr qaçırdarsan, ölər… Birinə durub deyirlər ki, sənin keçmişin ləkəlidir, digərinə deyirlər, sənin gələcəyin pisdir, o birinə deyirlər sənin mənimlə münasibətin pisdir; hamı kənara çəkilsin, demokratiya ilə biz ikimiz məşğul olacağıq. Qalan heç kim məşğul ola bilməz.

– Bu ikili kimdir?

– Onların adları…

(davamı sabahkı sayımızda)

COMMENTS