Top.Mail.Ru

Jalə Əliyeva parlamentdə seçicilərin müraciətlərini səsləndirib

Jalə Əliyeva parlamentdə seçicilərin müraciətlərini səsləndirib

“Ötən həftə, deputatı olduğum Zərdab və Ucar rayonlarında mövcud sosial izolyasiya şərtləri nəzərə alınaraq, növbəti dəfə silsilə görüşlər keçirdik, yardıma ehtiyacı olan, kimsəsiz, ahıl şəxslərə, valideynsiz uşaqlara, şəhid ailələrinə, veteran ailələrinə baş çəkib, onların problemləri ilə maraqlandıq. Müşahidələrimdən biri o oldu ki, insanlar, əksərən hazırki karantin vəziyyətini, yaranan çətinlikləri anlayışla qəbul edir və öz davranışları ilə dövlətə bir mənada yardımçı olmağa çalışırdılar”.

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında çıxış edən deputat Jalə Əliyeva deyib. O bildirib ki, görüşlərdə vətəndaş-dövlət birliyinin, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin sevginin və minnətdarlığın bir daha şahidi olduq:

“İnsanlar, hətta ən çətin, gözlənilməz şəraitdə belə dövlətin öz vətəndaşlarının yanında olmasından, onları tək qoymamasından məmnunluq ifadə edirdilər. Mən də bu təşəkkürləri parlament mikrofonu vasitəsilə ölkə rəhbərliyinə çatdırmağı özümə borc və şərəf bilirəm. Mən eyni zamanda buradan vətəndaşların bəzi xahişlərini də səsləndirmək istəyirəm. bir neçə məqamı da səsləndirmək istəyirəm. Mövcud şəraitdə bəlkə də əlavə vəsait tələb edən hansısa layihə haqqında danışmaq doğru deyil. Lakin, cənab Prezidentin də söylədiyi kimi, bu il həyata keçirilməsi planlanan layihələrin davam etdiriləcəyini nəzərə alaraq, deputatı olduğum hər iki rayonla bağlı bir neçə problemi səsləndirmək istəyirəm, belə ki, hazırda hər iki rayonda suvarmayla bağlı böyük çətinliklər yaşanmaqdadır. Zərdab rayonunun Şahhüseynli, Gəndəbil, Əlibəyli, Allahqulubağı, Əlvənd, Otmanoba, Məlikumudlu, Çallı, Gödəkqobu, Xanmədli və Hüseynxanlı kəndləri, Bəyimli qəsəbəsi, Ucar rayonunun Bərgüşad kəndi susuzluqdan əziyyət çəkir. Bu kəndlərdən bəzisi daha əvvəlki müraciətlərimiz əsasında 2019-2023-cü illər sosial-iqtisadi inkişaf dövlət proqramına daxil edilib. Lakin, yaz mövsümü və dolayısıyla əkin mövsümü olduğunu nəzərə alaraq, adı çəkilən kəndlərin həm əkin, həm də içməli su probleminin aradan qaldırılması işlərinin sürətləndirilməsi vacibdir”.

Jalə Əliyeva qeyd edib ki, ard-arda müraciətlərdən sonra Zərdab rayonunda 2011-ci ildə başladılan, lakin 1 il sonra məlum olmayan səbəblərlə tikintisi yarımçıq saxlanılan kanalizasiya xətti çəkilişi işlərinin də yenidən başladılması artıq bir zərurətə çevrilib:

“Zərdab rayonu Kür çayının səviyyəsindən aşağıda yerləşir. Bu günə qədər rayonda kanalizasiyanın olmaması xüsusilə yaz aylarında, çaylarda suyun artdığı dövrdə təhlükə mənbəyinə çevrilir. Ucar rayonunun Bərgüşad kəndinin 2010-cu ildə çəkilən lakin hazırda bırbad vəziyyətdə olan 16 km-lik Qəzyan-Bərgüşad yolunun əsaslı təmirinə və tamamilə yararsız vəziyyətdə olan elektrik xətlərinin yenidən qurulmasına ehtiyac var. kənddə mövcud olan 14 transformatorun 2-si ötən il dəyişdirilib, lakin ilin sonundan etibarən işlər dayandırılıb. Hər iki rayonla bağlı müxtəlif sahələri əhatə edən təklif və xahişlərimizi yazılı şəkildə Nazirlər Kobinetinə göndərmişik. Lakin indi səsləndirdiyimiz bu məsələlərin daha sürətlə həllinə ehtiyac var. Odur ki, buradan əlaqədar qurumlara səslənərək, məsələnin qısa zamanda həllinə yardımçı olmalarını xahiş edirəm”.

DOSYE.ORG

COMMENTS