“Jirinovski yenə sarsaqlasa, onu qoyun kimi mələdəjəm” – Hafiz Hacıyev

“O vaxt o, azərbaycanlıları “qoyun” adlandıranda, onu oturdub başa saldıq. Sözümüzü də dedik. Əgər Jirinovski yenə sarsaqlasa, bu dəfə onun özünü qoyun kimi “mələdəcəyəm”.

 

Bu sözləri Hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, RLDP sədrinin Bakıya gəlişini casusluq fəaliyyəti kimi qiymətləndirmək olmaz: “O, bizim ölkədəki inkişafı görməyə gəlir. Gəlir ki, baxıb valeh olsun. Heydər Əliyevin qurduğu Azərbaycan onda hər zaman xoş ovqat yaradıb”.

Hafiz Hacıyev həmçinin bildirib ki, əgər Jirinovski Bakıya “xəbər toplamağa” gəlirsə, onu bəzi insanlarla görüşdürməyə icazə vermək olmaz: “Qəmbərov İsa, Kərimov Əli, Həsənli Cəmillə görüşməyə qoysalar, onlar Jirinovskinin altından qalayıb, yola salacaqlar. Altdan-üstdən, yalan-palan o qədər şey danışıb beynini dolduracaqlar ki, gəl görəsən. O, da “sağəməlli” adam deyil, başdan xarabın biridir. Gedib Rusiyada, Avropada bizim əleyhimizə danışacaq”.

MMP sədrinin sözlərinə görə, Jirinovskinin O vaxt xalqımızı qoyun adlandırmasının günahkarı RLDP sədri deyil: Biz günahkarı öz içimizdə axtarmalıyıq. Bəzi üzdəniraqlar, qoyunlar dedirdib, o sözü Jirinovskiyə”. Hafiz Hacıyev Jirinovski ilə görüşmək niyyətində olduğunu da deyib: “Biz o gələnə kimi onun gəlişini müzakirə edəcəyik. Ona bir–iki sözümüz olacaq. Xoş dillə danışacağıq. O vaxt biz ona “qoyun” sözünü “yedirdəndə” bizdən üzr istəmişdi. Bizə rəğbət bəsləmişdi. Hətta ümummilli lider haqqında da xoş sözlər demişdi”.

MMP sədri həmçinin “rusiyalı millətçinin” bu dəfə də artıq-əskik danışdığını eşitsə, onunla başqa cür rəftar edəcəyini deyib: “Bizə qarşı “çaşdığını” görsək, ona atasının türk olduğunu, anasının türkün qucağından qaçdığını, bir sözlə “keçmişini yadına salacağam ki, sənin dədəndən xəbərin yoxdur, “bijsən”. O vaxt o azərbaycanlıları “qoyun” adlandıranda onu oturdub başa saldıq. Sözümüzü də dedik. Əgər Jirinovski yenə sarsaqlasa, bu dəfə onun özünü qoyun kimi “mələdəjəm””.

Xatırladaq ki, Rusiya liberal Demokrat Partiyasının (RLDP) sədri V.Jirinovki sentyabrın sonunda Bakıya gələcəyini açıqlayıb. 

COMMENTS