35 ailəni dəhşətli partlayışdan yanğınsöndürənlər xilas edib Polis zərərçəkənlərin şikayətini araşdırmır, nazirə edilən müraciət də nəticəsiz qalıb
“Bizim ailəyə məxsus Şirvan şəhərində yerləşən 20 ilin bağı qəsdlə yandırılıb. Hadisə barədə polisə müraciət olunsa da, şikayət ərizəmiz qəbul edilməyib”.
Bu sözləri “Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimov bildirib. O, Şirvan şəhər polisinin hərəkətsizliyindən və pozulmuş əmlak hüquqlarının bərpa olunmasından ötrü müvafiq dövlət qurumlarına müraciət edib.
“Biz Füzuli rayonundan məcburi köçkünük. Ailəmiz 1993-cü ildən müvəqqəti olaraq Şirvan şəhəri, RMZ-nin uşaq bağçasında məskunlaşıb. Elə hadisə də burada baş verib. 22.06.2015-ci il tarixdə, saat 01.00 radələrində ailəmizə məxsus bağ qəsdlə yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını yanğının ağır nəticəsinin qarşısını alıb. Beləliklə, bağın ərazisinə yaxın sahədən keçən yüksək gərginlikli elektrik və qaz xəttinə yanğının çatmasına imkan verilməyib. Beləliklə, 35 ailənin həyatı təhlükədən xilas olunub. Amma hadisə nəticəsində bizə maddi və mənəvi zərər dəyib. 20 ilin ağacları yanıb kül olub”,-deyə R.İbrahimov bildirib.
Şikayətçi hadisə ilə bağlı iyunun 22-də saat 01.26-da Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. “Hadisə yerinə gələn iki polis əməkdaşına biz dedik ki, hadisənin orta yaşlı Rövşən adlı şəxsin törətməsindən şübhələnirik. Çünki o bağı yandıracağını deyirmiş. Polislər həmin gün saat 11.00-da Şirvan Şəhər Polis İdarəsinə olmağımızı bildirdilər. İdarədə hadisdə ilə bağlı ərizəmizin və izahatımızın alınacağı deyildi”.
Zərərçəkmiş bildirir ki, valideynləri deyilən vaxtda polis idarəsində olublar: “Amma qəsdlə törədilən hadisə ilə bağlı şikayət ərizəmiz qəbul olunmayıb. Bununla da bizim Konstitusiya və “Vətəndaşların müraciəti haqqında” qanunla tənzimlənən hüquqlarımız pozulub. Odur ki, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və İnsan Hüquqları üzrə Müvəkkil (obudsmana) müraciət olunub. Ağacların məhv edilməsi ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub”.
Zərərçəkənlərin hadisə ilə bağlı Şirvan Şəhər Polis İdarəsinə ünvanlanan ərizənin qəbul edilməməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova edilən şikayətə nazirliyin katiblik rəisi Nüsrət Şirinov 25.06.2015-ci il tarixdə cavab verib. Cavabda müraciətin FHN-ə göndərildiyi bildirilir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət yanğın təhlükəsizliyi Xidmətinin əməkdaşları zərərçəkmişə bildiriblər ki, bu hadisənin araşdırılması polisin səlahiyyətindədir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının zərərçəkənlərin müraciətinə 30.07.2015-ci il tarixli cavabında yazılıb ki, müraciət daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazova göndərilib.
“Konstitusiyanın 12.2.5-ci maddəsinə əsasən şikayətdə əks etdirilən halların yoxlanılması və nəticəsi barəsində 10 gün ərzində bizə xəbər bildirməyinizi xahiş edirik”-deyə A.Səfirxanlının nazir müavininə müraciətində bildirilir.
Problemlə bağlı “Bizim Yol”a danışan hüquqşünas Müzəffər Baxış bildirib ki, qanuna əsasən hadisə qəsdlə törədilərkən cinayət işlərinin istintaqı polis orqanlarına aid olur: “Özgənin əmlakını qəsdlə məhv etmə, zədələmə və zərər vurduqda və bu ziyan yandırmaqla, partlatmaqla və başqa ümumi təhlükəli vasitələrdən istifadə etməklə vurduqda bu əməl Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsif olunur.
Bu əmələ görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Prosesual Məcəllənin tələbinə görə, Cinayət Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan cinayət işlərinin istintaqı polis orqanlarına aiddir”.
Keçmiş polis rəisi Mahmud Hacıyev “Bizim Yol”-a bildirib ki, polis ərizəni qəbul etməməklə qanunu pozub: “Qanuna əsasən polis ərizəni qəbul etməli, polisə aidiyyatı varsa, araşdırmalı, yoxsa, müraciəti müvafiq təşkilata göndərməliydi. Polis ərizəni qəbul etməməklə qanunu və zərərçəkmişin daha bir hüququnu pozub”.
Zərərçəkmiş bildirir ki, Daxili İşlər Nazirliyinə və digər hökumət təşkilatlarına edilən müraciətdən sonra da Şirvan şəhər Polis İdarəsi qəsdlə törədilən hadisə ilə bağlı tədbir görməyib.
COMMENTS