Kəlbəcərli girovları necə azad etmək olar?

Qondarma rejim qərarı qüvvədə saxlayıb; verilən qərara reaksiyalar gəldi

Sahib Əsgərov: “Dilqəm elə oğuldur ki, nə sınası, nə də əyiləsidir”Hikmət Hacıyev: “Lazımi tədbirlər görülür”Müzəffər Baxış: “Burada Rusiyanın da maraqları var”

Xəbər verildiyi kimi, martın 10-da Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Apelyasiya Məhkəməsi” kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsindəki “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb.

Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov “Yeni Müsavat”a açıqlamasında verilən qərarın əhəmiyyətsiz olduğunu söylədi: “Heç bir xəbər yoxdur. Hamı kimi mən də internetdən xəbərləri oxuyuram. Qırmızı Xaç Komitəsi ayda bir dəfə görüşə bilir. Bu həftə də görüşməlidir. Görüşün nəticəsini gözləyirik. Qərarın heç bir mənası yoxdur. 22 il, yaxud ömürlük verdilər. Nə dəyişdi? Lap 5 il versinlər. Heç nə dəyişmir. Əsas odur ki, onları azad etmək lazımdır. Dünyanı məcbur etmək lazımdır ki, ermənilərə təzyiq etsinlər. Bu baxımdan verilən qərarlar mənasızdır. Tam qanunsuz bir işdir. Öz torpağına getdiyinə görə bu cür qərarla üzləşiblər”.
Sahib Əsgərov qardaşının azad olunacağına ümid etdiyini də qeyd etdi: “Amma hələ də nəticəsini görmürəm. Şahbaz Quliyevi bir o qədər tanımırdım. Dilqəm elə oğuldur ki, nə sınası, nə də əyiləsidir. Yüz məhkəmə olsa belə, onun üçün fərqi yoxdur. Özü məhkəmədə bildirdi ki, heç bir günahı yoxdur”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev girovların azadlığa buraxılması istiqamətində görülən işlərdən danışdı: “XİN-in qüvvədə saxlanılan ”hökm”lə bağlı açıqlaması oldu. XİN ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ilə bu istiqamətdə müzakirələrini davam etdirir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bu məsələdə aktiv işlər aparır. Beynəlxalq təşkilatlarla də müntəzəm danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar ona görə aparılır ki, bu qurum münaqişənin həllinə və eyni zamanda bundan irəli gələn məsələlərin humanitar həllinə cəlb olunub. Bu qurumun “Həştərxan bəyanatı”nda girov və əsirlərlə bağlı məsələlər var. Təəssüflər olsun ki, Ermənistan tərəf öz mövqeyinə sadiq qalmır. Buna görə əsas təmas xəttimiz ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Heç vaxt gələcək haqqında danışmırıq. Məsələ ondadır ki, vətəndaşlarımız qeyri-qanuni şəkildə girov götürülüblər. Artıq Ermənistana girovlarımızın azad edilməsi istiqamətində çağırışlar edilir. Onları azad etmək üçün bütün lazımı tədbirlər görülür”.
Hüquqşünas Müzəffər Baxış kəlbəcərli girovların azadlığı üçün ümidin yalnız Allaha qaldığını söylədi: “Son qərardan sonra demək çətindir ki, Avropa Məhkəməsinə necə müraciət etmək olar. Əsas problem ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bu məsələni çıxarmaq çətindir. Bu qərarı tanınmayan bir respublikanın ”məhkəməsi” çıxarıb. Bu “respublika” Avropa Şurasının üzvü deyil. Əslində qalsa, hüquqi proseduralarla bu məsələni həll etmək qeyri-mümkündür. Yalnız ümid təzyiqlərə qalır. Rejimə təzyiq göstərilməlidir. Effektli olmalıdır. Digər məsələ Rusiya faktorudur. Çünki onlardan biri (Dilqəm Əsgərov) bu ölkənin vətəndaşıdır. Rusiya daha ciddi təzyiqlər edə bilər. Amma görünür ki, burada Rusiyanın da maraqları var. Ən real təzyiq bu ölkə tərəfindən ola bilər. Təəssüf ki, bu da edilmir. Ancaq ümid qalır Allaha”.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
(musavat.com)

COMMENTS