Top.Mail.Ru

Kəmaləddin Heydərovun bacanağı iki bankdan neçə milyon qazanır? – ARAŞDIRMA

Kəmaləddin Heydərovun bacanağı iki bankdan neçə milyon qazanır? – ARAŞDIRMA

Azərbaycanda pul qazanmağı bacaran insan olduqca çoxdur. Bəzilərinin pulu isə elə puldan çıxır. Deyirlər ki, pul pul gətirər. Bax, bu insanların pulu elə puldan çıxır.

Maraqlıdır ki, o insanların əskəriyyəti gündəmdə olmağı sevmir. Amma cəmiyyətdə bu cür insanlara hər zaman maraq var və bundan sonra da olacaq. Hər şeydə bir hikmət var. Məsələn, Hikmət İsmayılov (fotosunu axtarmayın, tapmayacaqsınız)… Əminəm ki, bu ad bir çox oxucumuza tanış gəlmədi. Oxucuları qınamıram. Çünki Hikmət İsmayılov haqqında məlumat olduqca məhduddur. Hərçənd, zaman-zaman media yazır ki, bugünkü qəhrəmanımız fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Açığı, iqtisadi sayt olaraq, bu, bizi maraqlandırmır. Yalnız mehribanlıq arzu edirəm, əlimdən başqa heç nə gəlmir.

Bizim işimiz iqtisadi informasiyalarladır. Başqa sözlə, biz dəqiq məlumatlara əsaslanırıq. Həm də jurnalistikanın əsas prinsiplərindən biri də budur ki, ən dəqiq məlumat belə bir neçə mənbədən təsdiqlənməlidir. Odur ki, yazılarımızı dəqiq və rəsmi məlumatlar üzərində qururuq.

Hikmət İsmayılov haqqında dəqiq olan məlumatlardan biri budur ki, o, iki bankın sahibidir. Bəli, iki! Biri “Bank of Baku”, digəri – “AFB Bank”.

“BANK OF BAKU”NUN HİKMƏTİ

2015-ci ilin mayın 22-də “Bank of Baku”nun səhmdarlarının ümumi yığıncağında qəbul olunan qərara əsasən, Hikmət İsmayılovun bankın nizamnamə kapitalındakı payı 10% artaraq 31.11% qaldırılıb. Bankın 2014-cü il üzrə audit hesabatına əsasən, həmin dövrdə nizamnamə kapitalı 52.870 milyon manat təşkil edirdi. Sadə hesablama göstərir ki, sövdələşmə təxminən 5.3 milyon manata başa gəlib.

“GİLAN HOLDİNG” İLƏ 70 MİLYON MANATLIQ SÖVDƏLƏŞMƏ

2019-cu ilin fevralın 7-də “AFB Bank” açıqladı ki, Hikmət İsmayılov “Gilan Holding”in payını satın alıb. Korporativ məlumatların açıqlanması saytında göstərilən rəqəmlərə əsasən, Hikmət İsmayılov 55 447 səhmi 70 milyon 140.455 min manata əldə edib. Bu sövdələşməyə qədər “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99.64%-inə nəzarət edirdi. Saziş imzalanan gündən bu pay bütünlüklə cənab İsmayılova keçib.

Yeri gəlmişkən, hazırda bankın digər səhmdarları “Gilan Holding”in rəhbəri Cəmil Muradov (0,18%) və Əkbər Abdullayevdir (0,18%).

İKİ BANKDAN NƏ QƏDƏR QAZANIB?

Ümumiləşdirsək, Hikmət İsmayılov bu iki əqdə 75 milyon manatdan çox vəsait xərcləyib. Təbii ki, bu yatırımların ona nə qədər vəsait qazandırdığı maraq doğurur. Hər iki bankın son illik hesabatına nəzər salsaq, sualımıza cavab taparıq.

Beləliklə, təkcə 2020-ci ilin yekununa əsasən, cənab İsmayılov iki bankdan 9.3 milyon manat qazanıb. Belə ki, “Bank of Baku” ötən ili 12.673 milyon manat mənfəətlə başa vurub. Səhmlərin 31.11%-inə nəzarət Hikmət İsmayılova bu məbləğdən 3.9 milyon manat çatır.

“AFB Bank” isə 2020-ci ili 5.389 milyon manat mənfəətlə başa vurub. Bu məbləğin az qala hamısı Hikmət İsmayılovun payına düşür.

Index.az-ın hesablamaları göstərir ki, indiyədək (2019-cu ildən etibarən) Hikmət İsmayılov yalnız “AFB Bank”dan təxminən 12 milyon manat qazanc əldə edib. “Bank of Baku” 2015-ci ildən etibarən investora 18.4 milyon mant qazandırıb.

Beləliklə, iki bank iş adamına indiyədək toplamda 30 milyon manatdan çox qazanc gətirib.(İndex.az)

DOSYE.ORG

COMMENTS