“Mövsümi amilləri də nəzərə alsaq qiymət artımı gözlənilən bir prosesdir”
Havaların soyuması ilə paralel olaraq kənd təsərrüfatı məhsullarının da qiyməti bahalaşıb. Bunu baş çəkdiyimiz “Yaşıl bazar”da müşahidə etdik. Bu bazarda əvvəllər alıcı aktivliyi olsa da, indi sanki bir boşluq vardı. Adətən, bazara gedib əlləri dolu çıxan alıcılar indi bir neçə zəruri məhsulları almaqla kifayətlənməli olur. Bunun da səbəbi qiymətlərin bahalaşmasıdır. Düzdür, bahalaşma cüzidir. Ancaq toplam hesabda məbləğ əhəmiyyətli dərəcədə nəzərə çarpır.
Satıcılar xüsusən mövsümi məhsulların qiymətinin bahalaşdığını və bunun da təbii bir proses olduğunu bildirirdilər. Satıcı Aydın Məmmədov mövsümi məhsulların baha satıldığını dedi: “Bir sıra məhsullar var ki, artıq onların vaxtı gedir. Qışda həmin məhsullar olmur. Yəni havalar soyuyanda kəndçinin məhsulu az olur və bu da qiymətin bahalaşması ilə nəticələnir. Məsələn, əvvəl narı 40-50 qəpiyə satırdıqsa indi 60 qəpiyə satırıq. Çünki biz də bu məhsulu artıq ucuz almırıq. Üstünə 10-20 qəpik qoyanda gəlib o qiymətə çıxır. Biz də burada boşuna dayanmırıq. Buranın yer pulu var. Elə etməliyik ki, heç olmasa 5-10 qəpikdə özümüzə çörək pulu qalsın”.
Digər satıcı Arzu Əliyev isə qiymətlər cüzi artım olduğunu bildirdi: “Bir sıra məhsulların qiyməti artıb. Digər məhsulların qiyməti eynidir. Biz bu məhsulları bura gətirib çıxarana qədər satdığımız məhsulun yarısı qədər pulumuz çıxır. Ona görə də bizi heç kim qınamasın”.
Alıcılar isə bu vəziyyətdən narazıdır. Alıcı Samirə Qarayeva aldığı məvacibin aylıq ərzaq ehtiyaclarını ödəmədiyini dedi: “Yay qışa baxanda daha yaxşı olur. Ən azından qiymətlər nisbətən ucuz olur. Qışda bilmirsən nə alasan ki, həm ucuz olsun, həm də bir ailənin qida təminatını ödəsin”.
İqtisadçı-ekspert Azər Mehtiyev mövsümi amilləri nəzərə alaraq qiymət artımının gözlənilən bir proses olduğunu dedi: “Azərbaycan iqtisadiyyatında ciddi bir inhisarlaşma mövcuddur. Buna görə də təbii ki, hər zaman inhisarçılar özlərinə sərf edən formada qiymət qaldırmağa meylli olurlar.
Kənd təsərrüfatı məhsullarında da inhisar mövcuddur. Kənd təsərrüfatı məhsullarının emal müəssisələri inhisardadır. İnsanlar öz məhsullarını emal müəssisələrinə sata bilmirlər. Çünki dediyim kimi bir neçə inhisarçı bu sahəni əlində cəmləyib. Bunun nəticəsində kənd təsərrüfatı istehlakçıları bir çox məhsulların satışını normal təşkil edə bilmirlər.
Ancaq bazarda, mağazalarda pərakəndə satışa çıxarılan məhsullarda qiymət artımının iki səbəbi ola bilər. Bunlardan biri yerlərdə kənd təsərrüfatı istehsalçılarının xərclərinin artması səbəbindən məhsulların üzərində əlavələr etməsi. Yəni onlar öz xərclərini qarşılamaq üçün ən azı məhsulun qiymətini qaldırmağa məcbur olurlar. Ölkədə elə məhsullar var ki, son zamanlar onlar böyük həcmdə istehsal olunub. Məsələn, üzüm bu məhsullar sırasındadır.
Ancaq satışında çətinliklər var. Üzümü yetişdirən adam nəinki xərclərini çıxardır, hətta onu dəyər dəyməzə satmağa məcbur olurlar. Lakin biz bu ucuz qiymətə şəhərdə bazarlarda görmürük. Bu da daşınma xərclərinin artması, ticarətlə məşğul olan insanlara əlavə müəyyən məcburi ödənişlər səbəbindən qiymətlərin qalxması və sairə kimi amillər burada rol oynayır.
İndi də qiymət artımı xüsusən də son devalvasiyadan sonra süni surətdə alınmışdı. Çünki devalvasiyadan sonra qiymət artımı qaçılmaz olur. İndi insanlar o xərcləri tədricən məhsulların üzərinə yükləməyə meylli olurlar. Ümumiyyətlə mövsümi amillərdə nəzərə alınsa burada qiymət artımı gözlənilən bir prosesdir”.
COMMENTS