Kəndlərimizə girmiş erməni birləşməsi bəyan etdi – “Bir neçə saat sonra…”

Kəndlərimizə girmiş erməni birləşməsi bəyan etdi – “Bir neçə saat sonra…”

Ermənistanın “Döyüş qardaşları” qanunsuz birləşməsi bu gün (6 aprel) 19:00-da İrəvanda “Ermənistan hökumətinə qarşı müharibənin taktikası”nı müzakirə etmək üçün toplantı keçirəcək. Bu toplantının Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 aprel Brüssel görüşündən bir gün sonra təşkil olunması isə diqqət çəkir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əli Zülfüqaroğlu deyib ki, “Döyüş qardaşları” son vaxtlar Nikol Paşinyan hakimiyyətinə qarşı fəaliyyət göstərir:

“Ermənistanda polis şöbəsinə hücum, işğal altında olan Qazaxın kəndlərinə qarşı təxribat cəhdləri və digər addımları müşahidə edirik. Bu radikal təşkilat Paşinyan hökumətinə təzyiq edir. “Döyüş qardaşları”ndan istifadə edən qüvvələr kilsə və müəyyən qədər də erməni lobbisidir.

Ümumiyyətlə, belə təşkilatlar sifariş əsasında fəaliyyət göstərir. Ona görə də sözügedən təşkilatın bir mərkəzə bağlı olduğunu demək düzgün olmazdı”.

Politoloq qeyd edib ki, aprelin 6-da “Döyüş qardaşları”nın  hökumət əleyhinə planlarını həyata keçirmək üçün təcili toplantı keçirməsi istiqamətinə təşkilata göstəriş verilib:

“Rusiyanın sifarişlərini yerinə yetirməsi istisna deyil. Ermənistan daxilində kilsə və erməni lobbisinə bağlı olan təşkilatlar Rusiyanın “5-ci kolon”unun təsiri ilə hökumətə hücum rıçaqlarını işə salması, bununla da ictimaiyyət arasında etiraz dalğasının artması gözləniləndir”.

Qeyd edək ki, bir müddət əvvəl “Döyüş qardaşları” qanunsuz birləşməsi Qazaxın işğal altındakı kəndlərinə girmişdilər. Onlar kəndlərin Azərbaycana təhvil verilməsinin qarşısını almaq üçün hərəkətə keçəcəklərini elan etmişdilər.

Safura Bənnayeva

COMMENTS