Kərəm Həsənov siyasi rəhbərliyin gözündən niyə düşdü?

Kərəm Həsənov siyasi rəhbərliyin gözündən niyə düşdü?

2018-ci ildə hakimiyyətin siyasi elitasında əsaslı dəyişikliklərə gediləndə, hakim komandadan “vurulub” çıxdaş edilənlərlə yanaşı, portfelsiz məmura çevrilənlər də az olmadı. Onlar aşağı piramidalara təyinat almaqla illərlə etdikləri günahların bədəlini ödəyirdilər. Bəziləri isə rəhbərlik etdikləri qurumlar qarışıq yola salındılar və sonra sistemdən kənarda saxlamamaq naminə vəzifə ilə təmin olundular.
Misal üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olundu, amma sədri Ramiz Həsənov Xarici İşlər Nazirliyində yer tutdu, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edildi, sədri Kərəm Həsənov isə Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (Prezidentin köməkçisi-red.) gətirildi.
Yəni işsiz qoymadılar, amma onları böyük bir korrupsiya mənbəyindən, ağalıqdan məhrum elədilər, mövqelərini zəiflətdilər, təsir imkanlarını azaltdılar. Özəlliklə Kərəm Həsənovun zamanında daha böyük “imperiya” sahibi olduğunu söyləmək lazımdır – bura onun bir neçə icra başçısı üzərindən hökmranlığı, kuratorluq səlahiyyətinə sahiblənməsi, adamlarına vəzifələr pay-püş etməsi, biznes şəbəkəsi, mal-mülk siyahısı, o cümlədən Komitədə yaratdığı rüşvət piramidası, ayrı-ayrı güclərlə əlaqələri daxil idi.
AFN.Az xəbər verir ki, onun Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin olunması vəzifə yüksəlişinin qürubu idi. K.Həsənov son dərəcə dişsiz, rıçaqsız və portfelsiz məmura çevrilməklə təkcə geniş imkanlardan məhrum olmadı, bu təyinatla ona mesaj verildi ki, siyasi rəhbərliyin gözündən necə düşüb… Onun 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində kök salan Eldar Mahmudov bandası ilə üzə çıxan əlaqələri, bu şəbəkə ilə gördüyü gizli işlərin ifşası, o cümlədən baş reyestri qurban verib özünü təmizə çıxarması növbəti dəfə K.Həsənovun ölkə yanında etimadını itirməsinə səbəb oldu.
Buna qədər ona karyera yüksəlişində böyük dəstəyi olmuş, həmyerlisi keçmiş nazir Fərhad Əliyevlə bağlı tutduğu mövqe, istintaqda əleyhinə ifadə verməsi hər nə qədər yuxarıların xoşuna gəlmişdisə, bir o qədər də keçmiş komitə sədrinini nüfuzdan salmışdı, yəni sədaqətsiz biri olduğu təsəvvürü formalaşdırmışdı.
İllər sonra “MTN işi”ndə yenə K.Həsənovun fəaliyyətinin üzə çıxması, siyasi rəhbərliyi qəzəbləndirəcək nüanslar de-şifrə olunması onun üçün bir son oldu. Odur ki, indi nə səsi gələn, nə fəallığı olan PA-nın şöbə müdiri hər gün “Cəbiş müəllim” kimi işə gedib-gəlməklə məşğuldur.
Hətta bəzi iddialara görə, K.Həsənov tutduğu postda o qədər də disiplinə riayət etmir və təyinatdan bərk narazıdır. O, bu qərarı “vurulması” kimi qiymətləndirir.
Əslində, sevinməlidir ki, Mahmudov bandası ilə bağlı ortaya çıxan faktlar həbsinə gətirib çıxarmayıb və indi PA-da müəyyən vəzifəyə sahiblənməsini şans kimi dəyərləndirməlidir.
Bununla belə, K.Həsənov üçüncü dəfə verilən şansdan da xeyrinə istifadə edə bilmədi. Sirr deyil ki, hər nə qədər qol-qanadı kəsilsə də, Cəlilabad rayonu onun kurasiyasındadır. Dövlət rəhbərliyi isə bütün baş verənlərə baxmayaraq, K.Həsənova bir daha şans verərək ona yaxın kadrın Cəlilabada icra başçısı getməsinə şərait yaratdı.
Söhbət vaxtilə reyestr xidmətində çalışmış Namiq Zeynalovdan gedir. Ancaq nə baş verdi? Çox çəkmədi ki, Kərəm Həsənovun prezidentə təqdimatını verdiyi adamı kabinetində qandallanıb korrupsiya faktı ilə həbsə göndərildi.
Hərçənd, Prezident icra başçılarını təyin edəndə düzgün işləməyi tapşırmışdı, ən əsası Namiq Zeynalovun təyinatıyla Kərəm Həsənova etimad göstərilmişdi. Amma icra başçısı kuratorunun da başını aşağı elədi, özü də içəri getdi.
Artıq K.Həsənovun və çevrəsinin siyasi rəhbərliyə yararlı olmadığı təsdiqləndiyi halda, Cəlilabada bu dəfə göndərilən icra başçısı da yenə onun adamıdır. Əmlak Komitəsində sədr müavini işləmiş Rafiq Cəlilov bəlkə də K.Həsənovun son şansıdır.
Əgər onu da işindən qısa zamanda kənarlaşdırsalar, artıq PA şöbə müdiri öz iş yeri ilə də vidalaşacaq. Həmçinin, onun Cəlilabadı, sonra Yasamalı, indi də Suraxanını viran qoyan digər kadrı – icra başçısı Əziz Əzizov da nəzarətindən çıxıb.
Təkcə Cəlilabadla məhdudlaşan K.Həsənov üçün bir sınaq müddəti gedir. Ancaq burada bir adamı rüşvətlə həbs olunub, digəri isə yeni addımlamağa başlayıb. Sadəcə, Rafiq Cəlilovu media hələ Komitənin asan-kəsən vaxtlarından tanıyır.
Onun biznesi, rüşvətxor əməlləri, hətta yaşlı birini döydürməsi haqda KİV-də yetərincə məlumatlara rast gəlmək olar. O, Bakı şəhər Tikinti Trestinin rəisi Hacıyev Hüseyn Hacı oğlunu döydürmüşdü. Bu faktı rəis özü açıqlamışdı. Bildirmişdi ki, Rafiq Cəlilovun adamları ərazini zəbt edib və çıxmır: “Kərəm müəllim digər müavini Rüstəm Şahbazova tapşırıq verdi ki, problemi həll eləsin. Səhəri gün Rafiq Cəlilovun adamları bizim ərazidən çıxarıldı. Ancaq bir ay sonra həmin qoçular yenidən gəldi, ərazini işğal elədi. Mənim 73 yaşım var, yaşlı insanam. Rafiq Cəlilovun adamları etiraz elədiyim üçün məni döydülər, təhqir elədilər”.
İndi belə bir kadrı K.Həsənov Cəlilabada başçı göndərib. Əgər Prezidentə bu təqdimatı da fiaskoya uğrasa, onun üçün hakimiyyətin qapıları bağlanmış sayıla bilər.
Geriyə K.Həsənovun biznesi qalır. Lakin bu sahədə də vəziyyət ürəkaçan deyil. Aldığımız məlumata görə, onun Türkiyədəki biznesi sürətlə əlindən çıxır. Əsasən otel və turizm sahəsində fəaliyyət göstərən obyektlərinin bir neçəsinin əlindən alındığı bildirilir. Maraq üçün xatırladaq ki, Türkiyənin Antalya şəhərində yerləşən, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun öldürüldüyü “Alva Donna Exclusive Hotel & Spa” adlı turistik mərkəz Kərəm Həsənovundur. Daha doğrusu, mərkəzin rəhbəri Sərxan Babayev adlı şəxsin Kərəm Həsənovun yaxın adamı olması barədə mediada xeyli yazılar gedib.
Bundan əlavə, sabiq komitə sədrinin Birləşmiş Ərəb Əmirliklərində də biznesinin olması haqda xeyli təkzib edilməyən məlumatlar var. Həmçinin bütün məmurlar kimi, o da biznesinin bir hissəsini Çexiyaya daşıyıb. Burada xüsusilə spirtli içki biznesinin olduğu bildirilir.
Əslində normal bazar iqtisadiyyatı şəraitində qurulmuş olsaydı bu biznes imperiyası ilə K.Həsənova heç bir vəzifə lazım deyil. Lakin hər kəsə bəlli olduğu kimi, bütün varidatını 2000-ci illərin əvvəllərindən başlayan məmurluq həyatına borcludur. Korrupsiya və rüşvətlə qurulan biznesi qorumaq üçün isə mütləq vəzifə lazımdır.
Bəs Kərəm Həsənov sonuncu şansından istifadə etmək üçün nələrə əl atır? Bu haqda növbəti yazımızda daha geniş məlumat verəcəyik.
DOSYE.ORG

COMMENTS