Kərim Kərimli: “Laçinda heç vaxt erməni kəndi olmayıb”

Kərim Kərimli: “Laçinda heç vaxt erməni kəndi olmayıb”

“Mən işğala qədər Laçını qarış-qarış gəzmişəm.  O zaman, mən “Qarabağ” qəzetinin zona müxbiri çalışırdım. Bununla yanaşı, həm də mən orada yaşayırdım. Təbii ki, Laçının Zabux kəndində işğala qədər azərbaycanlılar yaşayıb. İşğaldan sonra dövrü mətbuatda gedən məlumatlara görə, oraya ermənilər köçürdülər. Hazırda bu məsələ aktualdır. Razılaşmaya görə, Laçın boşaldılmalıdır”.

Bu fikriləri jurnalist Kərim Kərimli Herbiand.az-a bildirib. Jurnalist həmçinin  Laçının işğaldan əvvəlki və sonrakı vəziyyətini də şərh edib:
“Mən belə düşünürəm ki,  üçtərəfli bəyanatdan və ondan sonra olan razılaşmalara görə,  Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ümumiyyətlə, razılaşmalar olmasa belə  bizim tələbimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Keçmişə nəzər saldıqda, Laçının Zabux kəndində heç vaxt ermənilər yaşamayıb.  Sovet termini ilə desək, Azərbaycan SSRİ ilə Ermənistan SSRİ arasında olan sərhəd Zabuxdan bir qədər aralıdadır. Sərhəddən bizim tərəfdə erməni yaşamayıb. Məsələn, Şuşada 5 erməni kəndi var idi. Baxmayaraq ki, o kəndlərin birində 4 ev olsa belə, kənd sayılırdı. Laçında isə tarixən demək olar ki, erməni kəndi olmayıb”.

Qarabağ münaqişəsinin yaranması və baş verənlər barədə kifayət qədər məlumatlı olan Kərim Kərimli Laçında məskunlaşdırılmış ermənilərin hara və necə köçürülməli olduğuna da münasibət bildirib:
“Hazırda  üçtərəfli bəyanata əsasən, Qarabağ bölgəsindən  Ermənistana yol çəkilir. Bəyanata əsasən, o yol 3 il ərzində istifadəyə verilməli idi. Məlumata görə, işlər sürətlə davam edir. Mənim fikrimcə, o yol tikintisi başa çatdıqdan sonra, Azərbayacana aid olan kənd, qəsəbə, rayon mərkəzləri  I Qarabağ müharibəsindən əvvəl orada yaşayan sakinlərə   geri qaytarılmalıdır. Həmin yol istifadəyə verildikdən sonra Zabux kəndi  boşaldılmalıdır. Ermənilərin Laçında bizlə bir yerdə yaşaması doğru deyil. Çünki işğala qədər orada erməni yaşamayıb. Erməni Zabuxa işğaldan sonra gəlib. İşğal nəticəsində gəldikləri üçün ora boşaldılmalıdır. Hardan gəliblərsə, qayıdıb  orada da yaşamalıdırlar”.

DOSYE.ORG

COMMENTS