Karantin cərimələrinin ləğvi yenidən GÜNDƏMDƏ

Karantin cərimələrinin ləğvi yenidən GÜNDƏMDƏ

Azərbaycanda tezliklə karantin qaydalarının ləğv edilməsi gözlənilir. Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dövründə yazılmış inzibati cərimələrin də silinməsi təklif olunur.

Bununla bağlı Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, cərimələrin ləğv edilməsi ilə bağlı təkliflər mövcuddur. Hətta bununla əlaqədar Milli Məclisdə də məsələ qaldırılıb:

“Hesab edirəm ki, biz artıq pandemiya dövrünü uğurla başa vurmağımızı qeyd edə bilərik. Nəticələr göz qabağındadır. Düzdür, 10 min nəfərə yaxın insanımız dünyasını dəyişib, ancaq koronavirus ümumi bəla idi, şəxslərin əməli nəticəsində meydana gəlməmişdi.

Qeyd etmək lazımdır ki, cərimələr yalnız maska ilə bağlı deyil, müəyyən iaşə obyektlərinə tətbiq edilmiş digər cərimələr də var. Bunların hamısına amnistiya elan olunması yüz minlərlə insanın sevincinə səbəb ola bilər. Bununla da aztəminatlı Azərbaycan vətəndaşlarının büdcəsinə dəstək vermək olar. Hüquqi baxımdan təkliflərin qəbul olunmasına heç bir maneə yoxdur”.

Hüquqşünasın fikrincə, cərimələrin ləğv olunması barədə yuxarı instansiyalarda qərar qəbul oluna bilər:

“Səhv etmirəmsə, başqa ölkələrdə belə nümunələr mövcuddur. Biz də bu addımı atmalıyıq. Yenə də deyirəm, yüz minlərlə insanı sevindirə və aztəminatlı ailələrin büdcəsinə kömək ola bilərik”.

Ç.Qənizadə, eyni zamanda quru sərhədlərinin də açılmasının vacibliyini diqqətə çatdırıb:

“İndiyədək quru sərhədlərimizin niyə bağlı qaldığını başa düşə bilmirəm. 500 nəfərlik toylara icazə verilir, yaslara icazə verilir. Bunun əvəzində sərhədlərdən sənədlər, COVID pasportu və digər PCR testi olan şəxslərin buraxılmaması başa düşülən deyil. Azərbaycan dövləti sərhəddə qalan vətəndaşlarına sahib çıxmalıdır”.

DOSYE.ORG

COMMENTS