Keşlədə 900 tikili təcili söküləcək

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidə, dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir

Lakin “Şanxay” ərazisinin sökülüb-sökülməyəcəyini sakinlər də bilmir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev AzNews.az-a bildirib ki, bu məsələyə 2016-ci ildə baxılacaq. 

“Bunun üçün ilk növbədə müfəssəl plan işlənməlidir. Planı isə yerli icra hakimiyyətləri yerinə yetirir. Bu gün isə belə bir plan yoxdur. Hələ bu məsələyə 2016-ci ilin yanvarında baxılacaq. ” 

Dövlət Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə “Şanxay” ərazisindəki qeyri-qanuni tikililərlə bağlı Nəqliyyat Nazirliyinə məlumat verildiyini deyib.

N. Əzməmmədov bildirib ki, “Şanxay” ərazisində 2840 qeyri-qanuni tikili siyahıya alınıb. Onlardan 900-ə yaxın tikili barədə təxirəsalınmaz işlərin aparılması ilə bağlı məlumat verilib. Yəni təxminən 900 tikili təcili olaraq sökülməlidir.

“Bütün bu məlumatlar Nəqliyyat Nazirliyinə təqdim edilib. Nəqliyyat Nazirliyi də öz növbəsində Nazirlər Kabinetinə həmin ərazidəki qeyri-qanuni tikililərlə bağlı məlumatı çatdırıb. Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradılıb və biz də “Şanxay” ərazisi ilə bağlı qərarı xüsusi komissiya tərəfindən gözləyirik ki, qərardan asılı olaraq müvafiq addımlar ataq”.

Xatırladaq ki, bir müddət əvvəl isə “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov mətbuata bildirmişdir ki, Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə tanınan qanunsuz tikililər söküləcək. 

Qeyd edək ki, Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. “Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir.1413613497 kesle

COMMENTS