KİV: Senatorlar Trampa dair kompromatın müəllifi ilə görüşəcəklər

ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələrinin olmasına dair hesabatın müəllifi, Britaniya kəşfiyyatının əməkdaşı Kristofer Stilə Amerika Senatının kəşfiyyat üzrə komitəsində şahid kimi çıxış etmək təklif edilib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşrin məlumatına görə, britaniyalının təklifi qəbul edəcəyi ehtimalı azdır. Amma alternativ kimi, Respublikaçılar və Demokratlar partiyalarından olan bir sıra konqresmenlər Stil ilə Böyük Britaniyada və ya neytral ərazidə görüşmək imkanlarını nəzərdən keçirirlər.

Hələlik, sabiq casus Amerika senatorlarının iki həftə əvvəl etdikləri təklifə cavab verməyib. Amma Stilin ətrafında olanlar onun təhlükəsizliyinə dair bəzi şərtlər yerinə yetirildiyi halda, əməkdaşlığa hazır olduğunu bildiriblər.

Martın 2-də ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat üzrə xüsusi komitəsi Donald Trampın qərargahının Rusiya ilə əlaqələrinin mövcud olmasına dair məlumatın yoxlanmasına dair araşdırma aparacağı məlum olub. Daha öncə Amerika xüsusi xidmətlərinin ABŞ prezidentinin ətrafının Moskva ilə mümkün əlaqələrinə dair istintaq apardığına dair məlumat yayılmışdı. 

Yanvarın 11-də “BuzzFeed” nəşri Britaniya kəşfiyyatının agenti Kristofer Stilin Trampın Rusiya ilə “dərin əlaqələrinə” dair hesabatını dərc etmişdi. Sənəddə Rusiya kəşfiyyatının respublikaçıya və seçkilərdə onun əsas rəqibi olan demokrat Hillari Klintona qarşı kompromat topladığı bildirilirdi. Həmçinin FTX-in milyardçını 2013-cü ildə Moskvaya səfərinə görə şantaj etdiyi də deyilirdi.

Tramp sənəddə təsvir edilmiş iddiaları təkzib etmiş və müəllifi “uğursuz casus” adlandırmışdı. O, həmçinin “BuzzFeed” nəşrini materialı dərc etdiyi üçün cəzalandırmağı da vəd etmişdi. Kremldə isə Trampa dair kompromatı cəfəngiyyat adlandırmışdılar.

dosye.az

COMMENTS