KOLUMBİYALI DİPLOMAT MƏRKƏZİ ELMİ KİTABXANADA OLUB

Kolumbiyanın Azərbaycandakı səfirliyinin daimi işlər vəkili Assad Xose Xater Penya AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Əvvəlcə qonaq MEK-in kitab fondlarını ziyarət edib. Əsas kitab fondunda Cənubi Amerika mədəniyyəti, incəsənəti və ədəbiyyatına dair nəşrlərlə tanış olub.

Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Səfirlik və Kolumbiyanın elmi təşkilatlarının vasitəçiliyi ilə Azərbaycanın tanıdılması, eləcə də iki ölkənin elm və mədəniyyət sahəsindəki təmaslarının gücləndirilməsi üçün MEK ilə birgə layihələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb.

Səmimi qəbula görə MEK rəhbərinə təşəkkürünü bildirən səfirlik rəsmisi ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. İki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Diplomat Kolumbiyanın regionun lider dövləti olan Azərbaycana böyük maraq göstərdiyini vurğulayaraq respublikamızda bütün sahələrdə müşahidə edilən inkişafı yüksək qiymətləndirib.

Daha sonra ölkəsinin elm və mədəniyyət təşkilatlarının fəaliyyəti haqqında məlumat verən qonaq iki ölkənin elmi təşkilatları arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Sonra əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Həmçinin Kolumbiya Milli Kitabxanası ilə MEK arasında əməkdaşlıq haqqında ilkin razılaşma sənədi səfirlik rəsmisinə təqdim edilib.

Sənəddə Kolumbiya elm və incəsənətini əks etdirən sərginin kitabxanada təşkili, Kolumbiya Milli Kitabxanası ilə informasiya mübadiləsi, Kolumbiya və Azərbaycan yazıçılarının əsərlərindən ibarət kitabların azərbaycan və ispan dillərində çap edilməsi və digər məsələlər öz əksini tapır.
Görüşdə diplomat öz növbəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrin önəmini vurğulayıb və bu yöndə səylərini əsirgəməyəcəyini söyləyib.

Sonda qonaq Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin seçilmiş əsərlərinin ingilis və ispan dillərinə tərcümə edilmiş nəşrlərini kitabxanaya hədiyyə edib. Həmçinin MEK rəhbəri Azərbaycan mədəniyyəti və incəsənətinə dair kitabları qonağa təqdim edib.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

 

COMMENTS