Kredit faizləri durmadan artır

Kredit faizləri durmadan artır

banq.jpg

Elman Rüstəmovun sədri olduğu Mərkəzi Bankın bir müddət əvvəl həyata keçirdiyi sərt tədbirlərin fəsadları artıq özünü göstərməyə başlayıb.

 

Ekspertlərin həmin tədbirlərlə bağlı bədbin proqnozları özünü doğrultmaqdadır.
Belə ki, artıq kreditlərin ölkə üzrə orta faizi ilin əvvəli ilə müqayisədə 0,18 faiz bəndi artaraq 14,13 faizdən 14,31 faizə yüksəlib. Tanınmış iqtisadçı ekspert Samir Əliyev belə rəqəmlər səsləndirib.
Ekspert deyib ki, faiz artımı fiziki şəxslərə verilən kreditlərin hesabına olub: “Fiziki şəxslərin aldığı kreditlərin orta faiz dərəcəsi 17,75 faizdən 18,29 faizə qalxıb. Hüquqi şəxslərin kredit faizləri isə 11,52 faizdən 10,96 faizə düşüb. Artım xarici valyuta ilə verilən kreditlərdə də müşahidə edilib”.
Ekspert artıma bir neçə əsas gətirib: “Əvvəla, ölkə üzrə kredit qoyuluşunun artım tempində azalma var. 2014-cü ilin 8 ayında kredit qoyuluşu 12,2 faiz artıb. 2013-cü ildə bu göstərici 18,1 faiz, 2012-ci ildə isə 12,3 faiz olmuşdu. Ümumən son üç ildə aşağı artım tempi müşahidə edilir.
İkinci səbəb regionlarda kreditlərin bahalaşmasıdır. Banklar regionlara maksimum ehtiyatlı yanaşma tətbiq edir. Bunun nəticəsidir ki, paytaxtda kredit faizləri azaldığı halda regionlarda artır, bu isə ümumi kredit faizlərinə təsir göstərir.
Üçüncü səbəb Mərkəzi Bankın sərt tədbirləri nəticəsində bankların maliyyə vəziyyətinin pisləşməsidir. Artıq zərərlə işləyən bankların sayı artıb. Hər beş bankdan biri zərərlə işləyir. İstehlak kreditləşməsi bazarında şərtlər ağırlaşdırılıb. Digər tərəfdən problemli kreditlərin artması bankları daha ehtiyatlı davranmağa sövq edir.
Yəni reallıq odur ki, bank faizlərinin azalması istiqamətində atılan addımlar hələ ki, bəhrəsini vermir. Bu il də ciddi azalma gözlənmir. Gələn il zəif banklar bazarı tərk etdikdən sonra bəzi bankların müştəri kontingenti artması hesabına faizlərdə azalma ola bilər. Amma ciddi azalmadan söhbət gedə bilməz. Xüsusilə də dünya bazarında neftin ucuzlaşması kredit faizlərini yüksək səviyyədə saxlayacaq”.
Ümumiyyətlə, Azərbaycanın bank sektorunda son vaxtlar yaşananlar haqqında bir çox ekspertlər belə düşünürlər ki, bu sektor tədricən iri oliqarxların nəzarətinə keçməkdədir. Elman Rüstəmovun rəhbərlik etdiyi qurumun həyata keçirdiyi sərt tədbirlər isə bu prosesi gücləndirir. Nisbətən kiçik, eyni zamanda himayədarı zəif banklar sektordan sıxışdırılıb çıxarılır, nəticədə bəzi oliqarxların nəzarətindəki bankların meydanı genişləndirilir.
Bəzi ekspertlər belə təmərküzləşmə prosesini faydalı hesab etsələr də, bunun zərərlərinin olacağını proqnozlaşdıran mütəxəssislər də kifayət qədərdir. Hansı tərəfin haqlı olduğunu zaman göstərəcək.
Amma indidən görünən odur ki, ölkə vətəndaşları yüksək faizli kreditlərin ağırlığı altında əzilməyə hələ bundan sonra da davam edəcəklər.

COMMENTS