“Kreditsiz düşmənimiz olsun” – Jurnalistlər danışdı

Azərbaycanda kredomaniyanın tüğyan etdiyi bir dövrdə banka borcu olmayan az adam tapılır. Maraqlıdır hamının dərdindən, problemindən yazan jurnalistlərimizin banklara borcu varmı? Sirr deyilsə, nədən ötrü belə bir yükün altına giriblər?

Modern.az saytı jurnalistlərlə keçirilən sorğunu sizə təqdim edir.

Sorğumuzu ilk cavablandıran borclu jurnalist, “Yeni Media Jurnalistləri” İB-inin sədri Xaqani Səfəroğludur: “Kredit borcum var. Yeni evə köçərkən bir sıra ev müxəlləfatını almaq üçün bankdan kredit götürməyə məcbur oldum. Faizlər yüksək olsa da, başqa əlacım yox idi. Ödəmək çətindir. Əmək haqqımın xeyli hissəsi kredit ödəməyə gedir…”

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə: “Bankların vətəndaşları müflis etməsiylə bağlı indiyə kimi bir neçə məqalə yazmışam. Yenə o fikirdəyəm ki, Azərbaycanda bank faizləri çox yüksəkdir. Bankların məqsədi əhalini soymaqdır. Əvvəllər bir-iki dəfə kredit üçün banklara müraciət etmişəm. Amma tələb olunan arayışı əldə edə bilmədiyim üçün mənə kredit verməyiblər. Son 5-6 ildə kredit üçün banklara müraciət etməyim yadıma gəlmir. Hazırda heç bir banka borcum yoxdur. Başqa jurnalistlər kimi mənim də pula ehtiyacım olur. Amma bu vaxt nisbətən imkanlı dostlarıma müraciət edirəm. Aldığım pulu vaxtlı-vaxtında qaytardığım üçün heç kim mənə “yox” demir. Həmkarlarıma da tövsiyyə edirəm ki, pula ehtiyacları olanda banklara yox, imkanlı dsotlara, qohumlara müraciət etsinlər”.

Borclu jurnalistlərimizdən olan AzTV-nin əməkdaşı Azər Qismət deyir ki, adam borc götürəndə sevinir, qaytaranda tez bitməsini arzulayır:
“İki banka kredit borcum var: “Bank Respublika” və “Bank of Baku”ya. “Bank Respublika”ya olan kredit borcum gələn ilin sentyabrında, “Bank of Baku”ya isə gələn ilin mayında bitəcək. “Bank Respublika”dan krediti maşın alanda götürmüşəm. “Bank of Baku”dan isə evə kombi çəkdirmək üçün kredit almışam. Kreditimi vaxtında verirəm. Amma tez qurtarmasını arzulayıram”.

Tanınmış jurnalist, Prezident yanında Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı borcsuz düşmənimizin olmasını arzulayır: “Texniki avadanlıq və maşın almaq üçün təzəlikcə kredit götürmüşəm. Ayda 350 manat ödəyirəm. Az qalır ayları ip kimi tutub çəkim ki, tez qurtaraq kreditdən”.

“Yeni Müsvat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu isə bankların xeyrinə çalışmayanlardandır, yəni hər hansı banka kredit borcu yoxdur.

“Lent.az” saytının əməkdaşı Vüsalə Məmmədova kredit götürmək istəsə də, risk etmir:
“Kreditim yoxdur, ən çox qorxduğum şey də kreditdir. Məsələn, maşın almağı çox istəyirəm, məsələ gəlib o yerə çatanda, fikrimdən daşınıram. Ətrafımda kredit ödəyən dostlarım o qədərdir ki, əziyyətini yaxşı bilirəm. Ona görə risk eləmirəm. Rastlaşdığım çox adam telefonunun və ya planşetinin kreditdə olduğunu deyir. Bu insanlara üz tuturam, həyati əhəmiyyət daşımayan heç nə üçün kredit götürməyin! Özünüz kasıblıq, ehtiyac içində çabalayıb başqalarını milyonçu eləməkdən vaz keçin! Bütün həmkarlarıma kreditsiz həyat arzu edirəm”.

QHT.az saytının baş redaktoru Sənan Nəcəfov da borclu jurnalistlərimizdəndir: “Banklara kredit borcum var. Ev təmiri üçün götürmüşdüm. Hələ 2 il də ödəyəcəm. Ödəmədə problemim yoxdur. Maaşı alanda əvvəldən kreditin pulunu ayrı saxlayıram ki, sonra çətinliyim olmasın”.

Tanınmış jurnalist Səadət Məmmədova da kredit borcu olmayanlar sırasındadır.

Digər həmkarımız, Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Əmrah Fəqanoğlu iki banka borcludur: “Maşın və ev təmiri üçün götürmüşəm. Biri gələn il, digəri 2016-cı ildə bitəcək”.

“Üç nöqtə” qəzetinin parlament müxbiri Elməddin Muradlı, ümumiyyətlə, borclu qalmağı xoşalamayanlardandır: “Hazırda borcum yoxdur. Amma keçən il kreditlə noutbuk götürmüşdüm. 8 aya bağladım. Borclu qalmağı xoşlamıram”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, “Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirov da borcu olmayan jurnalistlərimizin siyahısındadır.

Daha bir tanınmış həmkarımız – Aida Eyvazova banklardakı faizlərin çoxluğundan şikayətlənir və insanları nəfislərinə hakim olmağa çağırır: “Azərbaycan banklarında çox böyük faiz alınır. Təsəvvür edin ki, banka pul yatızdıranda, sənə ən yüksək 8 faiz verirlər. Ancaq götürəndə bəzən bu rəqəm 30 faizə qədər də arta bilər. Hər zaman məni narahat edən bir məsələ olub və insanların bank borcuna girməyinə yaxşı baxmıram. Təsəvvür edin, 300 manat maaş alan birisi gedib bankdan 10 min dollarlıq avtomobili 18 min dollara götürür. Bankın vətəndaşı aldatdığını bilsə də, buna razı olur. Bu səbəbə görə aldanmamaq, özümü sığorta edib, bankların girovuna çevrilməmək üçün heç zaman bankdan pul götürməmişəm. Allah məni heç banka möhtac etməsin! Bu, əslində nəfis, bəhs məsələsidir. İnsanlar bir az nəfislərinə hakim olsalar, bir-biri ilə bəhsə girməsələr, bankların hiyləgər girovuna çevrilməzlər. Çox istəyərdim ki, ölkəmizdə bank sektorunun işi tənzimlənsin, ən azı qonşu ölkələrdə olduğu kimi faizlər aşağı salınsın, cavanlarımız bundan faydalanıb ipoteka ilə mənzil alıb, ailə həyatı qura bilsinlər. İnsanları bankların girovluğundan azad etmək üçün mükəmməl qaydalar işlənməli və dövlət tərəfindən nəzarət gücləndirilməlidir”.

Gun.az saytının əməkdaşı Kamil Həmzəoğlunun əmək haqqının xeyli hissəsi kredit ödəməyə gedir. Dünyanın axırı adlandırdığı Abşeron rayonunun Qobu kəndindən hər gün Bakıdakı iş yerinə gəlib-gedən həmkarımız ailə qayğıları və problemləri səbəbindən borca girib. Deyir ki, özü və həyat yoldaşı birgə 4 banka pul ödəyirlər: “Gecikdirə-gecikdirə olsa da ödəyirik, çətinlik, minbir əziyyət çəksək də…”.
K.Həmzəoğlu deyir ki, indiki reallıqda nisbətən normal dolanmaq üçün 4-5 nəfərlik ailənin gəlirləri ən azı haradasa 2 min-2500 manat civarında olmalıdır”.

Tanınmış aparıcı Aytən Əliyeva: “Banklara 1 manat da borcum yoxdur. Ona görə ki, kredit kartlarından istifadə etmirəm. Bircə dəfə “World” kart almışdım. İstifadə etmədiyim üçün onu da yoldaşıma verdim. Parolu belə, yadımdan çıxıb”.

Qarabağ qazısı, tanınmış jurnalist Rey Kərimoğlu da borclular sırasındadır: “Hazırda 2 banka10 min manata yaxın borcum var. Krediti əsasən ailə üçün tibbi məqsədlə götürmüşəm ”.

ANS telekanalının aparıcısı Aytən Səfərovanın da bir çoxları kimi kredit borcu var: “Kreditim var. Hər kəsdə olduğu kimi, məndə də ehtiyacdan yaranıb bu kredit. İnşallah, nə vaxtsa ödəyib qurtararam. Əsas odur ki, haramla qazanmırıq, kiminsə cörəyinə bais olmuruq”.

COMMENTS