Kreml Paşinyanın yerinə adam tapıb

Kreml Paşinyanın yerinə adam tapıb

 

Ermənistan baş nazirinin “ipini” öz baltası ilə kəsirlər

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin 10 gün öncə istefaya göndərilən sabiq sədri Artur Vanetsyan baş nazir Nikol Paşinyan üçün ciddi başağrısına çevrilir. Paşinyanın ən yaxın adamlarından və hakimiyyətin əsas dayaqlarından sayılan A.Vanetsyan indi ona qarşı təhlükəli rəqibə çevrilir. A.Vanetsyan Moskvaya gedib və oradan Paşinyana qarşı hücuma keçib.

Vanetsyan-Paşinyan savaşının vüsət alması Ermənistanda hakimiyyətdaxili vəziyyəti daha da gərginləşdirib. Ölkənin birinci şəxsi ilə xüsusi xidmət orqanının keçmiş rəhbəri arasında ölkə tarixində görünməmiş hal yaşanır. Erməni mediası yazır ki, qarşılıqlı ittihamlar tərəflər arasında gərginliyi günbəgün artırır. Erməni mediası artıq Vanetsyanı Paşinyan hakimiyyətinin “altına qoyulan minaya” bənzədib.

A.Vanetsyanın Moskvada olan erməni oliqarxlarla təmaslar qurduğu və onların dəstəyini aldığı bildirilir. General Vanetsyan artıq baş nazirlə şantaj dilində danışır, beynəlxalq qüvvə rolunu oynamağa, Rusiya təsiri altında olan kriminal oliqarxiyanı ona qarşı qaldırmağa çalışır.

Erməni mediası A.Vanetsyanın ölkəni tərk edə bilməsində Rusiya izi axtarır. Eyni zamanda bildirilir ki, dövləti, Paşinyanın bütün sirlərini bilən bu general Kreml üçün göydəndüşmə fiqurdur. Onsuz da Paşinyandan narazı olan Moskva erməni baş naziri onun öz “silahı” ilə vuracaq. Kreml uzun illər ərzində Qarabağ klanının avtoritar təmsilçilərinin Ermənistan cəmiyyətində nüfuzdan düşdüyünün və onları erməni cəmiyyətinə qəbul etdirməyin çətin olduğunun fərqindədir. Paşinyana hələ də dözüm nümayiş etdirilməsində bu amil də rol oynayıb. Eyni zamanda dəfələrlə əksər siyasi analitiklər bildiriblər ki, Moskva Paşinyanın uzaqlaşdırmaq üçün zaman gözləyir. Uyğun fiqur tapılandan sonra həmin zaman yetişəcək. İndi belə görünür ki, Kreml Paşinyanın yerinə adam tapıb. Daha doğrusu həmin adam özü Moskvanın qucağına düşüb.

Beləliklə, qarşıdakı zaman Nikol Paşinyan üçün çox ağır keçəcək. Çünki o, bundan sonra təkcə Robert Köçəryan və Serj Sərkisyanın liderlik etdiyi Qarabağ klanlı ilə yanaşı, hakimiyyətinin öz içindən çıxmış general Artur Vanetsyan cəbhəsi ilə döyüşməli olacaq. Nəzərə alsaq ki, hər iki rəqib tərəfə Rusiyadan dəstək olacaq, Paşinyan üçün üfüqdə yaxşı gələcəyin olmadığı indidən görünür.

Erməni hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, Vanetsyan məsələsi, sadəcə, həll ediləsi vacib bir məsələ idi. Paşinyan-Vanetsyan münaqişəsini gərginləşdirmək yox, nizamlamaq gərək idi. Lakin Paşinyan çox ciddi strateji-taktiki səhvə yol verdi. Onun sözlərinə görə, bu münaqişə bir səbəbdən qızışıb ki, güc strukturlarının rəhbərləri vəzifədən çıxarılarkən cəmiyyətə hər hansı bir səbəb göstərilməli idi: “Hakimiyyət tərəfindən mütləq izah verilməlidir. Əgər Vanetsyan və Osipyanın qovulmalarının səbəbi göstərilsəydi, belə vəziyyət də yaranmazdı. Cəmiyyət Vanetsyanın nədən istefaya göndərilməsini bilərdi, Vanetsyan da belə bir sərt açıqlamalar verməzdi. Bunlar olmadığından vəziyyət çox ağrılı nəticələrə gətirib çıxara bilər. Əgər qarşılıqlı təhqirlər, hədələr davam edəcəksə, bu, milli təhlükəsizliyə təhlükə yarada bilər. Çox həyəcanlı vəziyyətdir”.

Hüquq-müdafiəçisi ümid edir ki, Vanetsyan vaxtilə ona həvalə edilən qurumun məxfi xəbərlərini geniş ictimaiyyətə açıqlamayacaq.

Politoloq Armen Badalyan isə Vanetsyanın Paşinyana qarşı yeni siyasi hərəkat yarada biləcəyi qənaətindədir. Onun qənaətincə, Vanetsyan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Və Vanetsyanın yeni siyasi güc mərkəzi kimi ortaya çıxmasında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları mühüm rol oynaya bilər. Badalyan bildirib ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sərkisyanın əks siyasi qütbə rəhbərlik etmək şansları yoxdur və bu məsələdə tamamilə yeni siyasətçilər önə çıxmalıdırlar. Bundan başqa, onların tərəfdarlarının təmsil olunduğu Respublika Partiyasının da sıraları getdikcə seyrəlir. Politoloq bu amillərə söykənərək iddia edib ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq. MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyə malikdir.

Diqqətçəkən məqamlardan biri də odur ki, A.Vanetsyanın Rusiyaya gedişindən dərhal sonra Rusiya mediasından Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Virtualaz.org xəbər verir ki, çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər. Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir. Məqalədə deyilir ki, bu inqilabdan il yarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi, əksinə, Qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Və Ermənistan Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı.

Siyasi analitik Natiq Miri hesab edir ki, Rusiya təhlükəsinin ciddiləşməyə doğru getdiyini Nikol Paşinyan indi daha ciddi hiss etməyə başlayıb: “Ona görə də Rusiyaya xoş gedəcək bəyanatlar verməkdədir. BMT Baş Məclisində son çıxışında Paşinyanın Rusiyaya yaltaqlanıb ”Rusiya Ermənistanın strateji müttəfiqidir” bəyanatını verməsi ciddi qorxu keçirməyə başlamasının əlamətidir”. (Musavat.com)

DOSYE.ORG

COMMENTS