Böyük yalanlar və xalqı qarşısında cinayətlər bataqlığında çabalayan prezident Tokayev tezliklə “çirkli geopolitik oyunlar”ın qurbanına çevrilə bilər; Nursultan Nazarbayevin isə ətraf aləmdən təcrid edildiyi və yaxud da ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmüş ola biləcəyi ilə bağlı iddialar mövcuddur…
Qazaxıstanda sabitliyin yaranmasından danışmaq hələ çox tezdir. Böyük ehtimalla bu o qədər də asan olmayacaq. Və Tokayev hakimiyyəti yaxın perspektivdə indi buraxdığı ciddi siyasi-hüquqi səhvlərin doğuracağı nəticələr ilə qarşılaşmaq məcburiyyətində qalacaq.
Əslində, son günlər baş verənlər və rəsmi açıqlamalar xarici hərbi qüvvələri – KTMT sülhməramlılarını ölkəyə çağırmış Tokayev hakimiyyətinin ciddi narahatlıq keçirdiyindən xəbər verir. Prezident Kasım-Jomart Tokayev böyük bir siyasi-hüquqi məsuliyyətin altına girdiyini nəhayət ki, anlamağa başlayıb. Üstəlik, bu siyasi-hüquqi məsuliyyətdən yayınmağın mümkün olmayacağın da fərqindədir.
Maraqlıdır ki, hazırda prezident K.J.Tokayev buraxdığı siyasi səhvləri və hüquq pozuntularını təmizləməyə çalışır. Xüsusilə də, Qazaxıstan Təhlükəsizlik Şurasının sədri, keçmiş prezident Nursultan Nazarbayevin hakimiyyətdən kənarlaşdırılmasına hüquqi don geyindirməyə cəhd göstərir. Və bu, əslində, Tokayev hakimiyyəti tərəfindən kobud hüquqi pozuntulara yol verilməsinin dolayısı ilə etiraf olunması deməkdir.
Məsələ ondadır ki, Qazaxıstanda kütləvi etiraz dalğasının baş qaldırdığı ilk anlarda prezident K.J.Tokayev xalqa müraciət edərkən, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevin tutduğu vəzifədən kənarlaşdırıldığını bəyan etmişdi. Ardınca isə həmin vəzifəni bundan sonra özünün icra edəcəyini vurğulamışdı. Və bununla da Qazaxıstan Konstitusiyasını kobud şəkildə pozmuşdu.
Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsi Nursultan Nazarbayevə ölkə Konstitusiyasına görə, ömürlük həvalə olunub. Onun bu vəzifədən kənarlaşdırılması üçün Qazaxıstan Konstitusiyasında olan həmin maddənin dəyişdirilməsi vacibdir. Prezident K.J.Tokayev ciddi hüquq pozuntusu etdiyini nəhayət ki, anlayıb. Və indi vəziyyətdən çıxmaq üçün müxtəlif siyasi manevrlər etməyə çalışır.
Tokayev hakimiyyəti vəziyyəti xilas etmək üçün Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibayə ümid bəsləyir, onun açıqlamalarını tirajlayır, ictimai rəyi çaşdırmağa, satın almağa cəhd göstərir: “Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib. KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”.
Guya Tokayev hakimiyyətinin Təhlükəsizlik Şurasının vəzifəsini qeyri-qanuni şəkildə ələ keçirməsinə hüquqi don geyindirməyə çalışırlar. Ancaq belə açıqlamalarla daha da batırlar, Qazax xalqı və Qazaxıstan dövləti qarşısında necə bir dərin cinayət bataqlığına düşdüklərini biruzə vermiş olurlar. Çünki, Nursultan Nazarbayev özünə Konstitusiya ilə ömürlük həvalə olunmuş bir vəzifəni prezident K.J.Tokayevə necə verə bilər?
Tam bir skandal açıqlamadır. Heç bir hüquqi məntiqə uyğun deyil. Birinci, belə bir qərar verməsi barədə N.Nazarbayevin hər hansı rəsmi açıqlaması mövcud deyil. Üstəlik, təcrübəli siyasətçi və dövlət xadimi olan N.Nazarbayev heç belə anormal açıqlama da verməzdi. Çünki, dövlət vəzifəsi supermarketdən alınmış hədiyyə deyil ki, onu istədiyin vaxt başqasına vermək mümkün olsun.
Digər tərəfdən, N.Nazarbayev sadəcə, bu vəziyyətdən istefa verə bilərdi ki, onun belə bir rəsmi açıqlaması da indiyə qədər bəyan edilməyib. Hətta istefa vermiş olsaydı belə, o, həmin vəzifəni prezidentə ötürə bilməzdi. Çünki istefadan sonra heç bir səlahiyyəti olmayan bir vətəndaş dövlət vəzifəsini başqasına necə verə bilər? Hələ Təhlükəsizlik Şurasının Konstitusiya ilə bağlı bir dövlət postu olması ilə bağlı hüquqi prosedurların icrası da ayrıca bir problemli prosesdir.
Nəhayət, mətbuat katibi Nursultan Nazarbayevin hazırda Qazaxıstan paytaxtı Nur-Sultanda olduğunu da iddia edib. Ona görə də, həyatının son 30 ilini Qazaxıstanın müstəqilliyinin qorunmasına və inkişafına sərf etmiş bir dövlət xadiminin əvəzinə niyə onun mətbuat katibinin açıqlama verdiyini də anlamaq çətindir. Hər halda, N.Nazarbayev öz xalqının və dövlətinin bu ağır günündə videokamera qarşısına keçib, açıqlama verə və yaxud öz imzası ilə mövqeyini bəyan edə bilərdi. Və bütün bunların baş vermədiyi halda, onun əvəzindən hansısa bir mətbuat katibi açıqlamalar verməsi istər-istəməz şübhə doğurur.
Ola bilsin ki, N.Nazarbayev həqiqətən də Qazaxıstan paytaxtı Nur-Sultandadır. Ancaq onun ətraf aləmdən təcrid edilmiş vəziyyətdə ola biləcəyi qətiyyən istisna deyil. Çünki, Qazaxıstanda baş verənlər nəticəsində onun bütün siyasi hakimiyyət mexanizmlərindən məhrum edildiyi açıq-aşkar nəzərə çarpır. Və belə anlaşılır ki, Qazaxıstan faciəsinin törədilməsinin məqsədləri sırasında N.Nazarbayevin hakimiyyətdən kənarlaşdırılması hədəfi yer almamış deyildi.
Daha bir önəmli məqamı da nəzərə almaq vacibdir. Belə ki, Qazaxıstana aid bəzi müxalif media media və sosial şəbəkə mənbələri Nursultan Nazarbayevin sağ olmadığı barədə məlumatlar yayırlar. İğtişaşların ilk günlərində onun səhhətində olan problemlər ilə bağlı rəsmi məlumatların yayıldığını nəzərə aldıqda, bu qətiyyən istisna deyil. Yəni, onun ətraf aləmdən təcrid edilmiş vəziyyətdə və yaxud da ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmüş ola biləcəyi ilə bağlı kifayət qədər ciddi şübhələr mövcuddur.
Böyük ehtimalla Tokayev hakimiyyəti tezliklə bu barədə yayılan məlumatlara rəsmi şəkildə aydınlıq gətirməli olacaq. Bu baxımdan, Tokayev hakimiyyətini gözləyən əsas problemlər hələ irəlidədir. Xüsusilə yalan texnologiyası tam gücüylə işlədikcə, Tokayev hakimiyyətini çətinə sala biləcək cavabsız sualların sayı da durmadan artır.
Məsələn, prezident K.J.Tokayevin tvitter hesabından yaydığı ölkədə 20 min terrorçunun olması, altı xarici hücum dalğasının dəf edildiyi barədə açıqlamasını niyə sildiyi də anlaşılmazdır. Belə anlaşılır ki, Tokayev hakimiyyəti terrorçu defisiti ilə üzləşib. Ortaya “altı xarici hücum dalğası”nı təsvir edəcək sayda “terrorçu” tapa bilmirlər.
Ona görə də, hətta Qırğızıstan vətəndaşı olan və Qazaxıstana konsert vermək üçün gəlmiş tanınmış cazmeni 200 dollar qarşılığında terrorçuluq etdiyi barədə məlumat yayacaq qədər aciz duruma düşüblər. “20 min terrorçu”dan danışıb, işgəncə verməklə bir Qırğız cazmenin xarici terrorçu kimi təqdim edilməsi Tokayev hakimiyyətinin nə qədər böyük yalan bataqlığının içərisində çabaladığını göstərir. Öz xalqına terrorçu damğası vuran Tokayev hakimiyyəti indi “terrorçu cazmen” ilə bağlı Qırğızıstanın rəsmi notasına da cavab verməlidir.
Göründüyü kimi, Tokayev hakimiyyəti özünü dolaşdırmaqda davam edir. Qazaxıstan prezidenti nəhəng yalanları və xalqı qarşısında cinayətləri ilə özünü Rusiyanın girovuna çevirib. Böyük ehtimalla prezident K.J.Tokayevin özü də tezliklə bu “çirkli geopolitik oyunlar”ın qurbanına çevrilə bilər. Hər halda, prezident K.J.Tokayevi bu oyuna salanlar artıq lazımsız olduğu dəqiqləşdiyi andan onu da bir kənara atacaqlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
COMMENTS