“Küçələrdə bərkdən gülən, ya da kiməsə söz atan gənclər yoxdur”

“Dalğa”nın qürbətdəki keçmiş sədri danışdı

İndi heç kimi belə cümlələrlə təəccübləndirmək olmaz: “Filan xarici ölkədə küçələri şampunla yuyurlar, itlər üçün gözəllik salonları var…” Çünki dünyanın o biri ucu bir kompüter düyməsi qədər yaxındır bizə. Hər şey barədə anında, detallı bilgi əldə etmək isə su içimi qədər asan… Amma və lakin xarici ölkəni bir azərbaycanlı mühacirin dilindən dinləməyin özgə gözəlliyi var. O ölkənin bir parçası olmuş və ya olmaq istəyən, bunu arzulayan… bir azərbaycanlının təqdimatında yaşadığı xarici ölkə.

 “Yeni Müsavat” oxucularına yeni bir rubrika təqdim edir: “Qürbətdəki BİZ”.

Xatırlayanlar xatırlayır, unudanların yadına isə salaq ki, qəzetimizin bundan öncə “Onunla Azərbaycan” adlı rubrikasında bunun tamamən əksi təqdim edilmişdi. Azərbaycanda yaşayan əcnəbilərin gözü ilə ölkəmiz, onun gözəllikləri, qəribəlikləri, insanlarımızla bağlı hər şey…. bir amerikalının, hindlinin, ispanın, çinlinin… gözü ilə, sözü ilə oxuculara çatdırılmışdı. İndi isə bizim gözümüzlə xaricilərə baxmaq zamanı gəlib.

“Azərbaycanda qalmaq təkcə bizim yox, həm də qızımızın təhlükəsizliyini sual altına alırdı”
“Qürbətdəki BİZ”in bu həftəki qonağı Niderlandda yaşayan Vəfa Cəfərovadır. Dalğa Gənclər Təşkilatının keçmiş sədri, ictimai fəal olan bu xanım həm də musiqiçi Azər Cırtdanın həyat yoldaşıdır. İki qız anasıdır və girişdə dediyimiz kimi, 2011-ci ildən Niderlandda (Hollandiya) yaşayır.

V.Cəfərova bizimlə söhbətinə öncə Niderlanda köçmə hekayəsindən danışmaqla başladı. Amma ondan öncə xüsusi vurğuladı ki, niderlandlılar öz ölkələrinin Hollandiya adlandırılmasından razı deyillər və bunu hər fürsətdə vurğulayırlar: “Bura köçməyimiz ani qərar deyildi, çox düşündük. Bir tərəfdən ailə və vətən, o biri tərəfdən qızımız və yeni perspektivlər. Azərbaycanda qalmaq təkcə bizim deyil, həm də qızımızın təhlükəsizliyini sual altına alırdı. Və bu, təkcə siyasi repressiya qorxusu deyildi. Səhiyyə sistemi bərbad, təhsil sistemi bərbad, fərqli fikirlilik təqib olunur… Nə isə, vəziyyəti məndən yaxşı bilirsiz. Qərar qəbul etdik və sizə deyim ki, o gündən bəri bir gün də olsun bu qərar üçün nə peşman olmuşam, nə də özümü günahkar hiss etmişəm”.

“Qərarımız bu idi ki, burda oturub Azərbaycanda baş verənlərə qarışmayaq”

Müsahibimiz söylədi ki, o məlum, geniş yayılmış “onlara ölkədə hansı təzyiq vardı ki, mühacirət etdilər” sualını birbaşa onlara verməyiblər. Daha doğrusu, o sualı eşitməyib: “Biz getmək qərarı verəndə başqa qərar da almışdıq. Bu qərar əslində getmək qərarından daha çətin idi. Avropada oturub Azərbaycanda baş verənlərə qarışmamaq. Çünki müşahidələrim göstərir ki, burdan hər hansı müdaxilə etmək, birincisi, effektiv deyil. İkincisi, köməkdən çox mane olur, lazımsız müzakirələr yaradır. Və ən nəhayətində qınaq obyektinə çevrilirsən. Sonuncu əhəmiyyətsizdir. Əgər nəsə uğur əldə edirsənsə. Uzun sözün qısası biz təbii ki, Azərbaycanda baş verənləri ürək ağrısı ilə izləyirik. Yalnız dəyişdirmək şansımız olmadığı üçün mane də olmaq istəmirik. Azərin (həyat yoldaşını nəzərdə tutur-S.T.) sahəsi daha spesifıkdır. O, öz fikirlərini, arzularını, ümidlərini musiqisi ilə çatdırır. Bu istedadına hərdən paxıllıq edirəm. (gülür”)

“Yarımfabrikatlarla, dondurulmuş pizzalarla qidalanırlar”

V.Cəfərova üçün Niderlanddakı ilk günləri çox da ağır olmayıb. Dediyinə görə, böyük mədəni şok yaşamayıb. Sadəcə, yeməyi onu heyfisləndirib ki, indiyə qədər də bu yemək mədəniyyətinə alışa bilməyib: “Gündə üç dəfə yeyirlər. Səhər-günorta buterbrod kofe ya da çayla. Axşam 5-də isə isti yemək yeyirlər. Təəssüf ki, istədikləri üçün marketdən alınma və mikrodalğalı sobada 5 dəqiqə qızdırdıqları yeməyi yeyirlər. Yəni yarımfabrikatlarla, dondurulmuş pizzalarla qidalanırlar. Milli mətbəxləri isə demək olar ki, yoxdur. Burda italyan və Asiya mətbəxi çox məşhurdur”.

“Onlar deyirlər ki, biz velosipedlə anadan olmuşuq”

Müsahibimiz həmçinin niderlandlıların küçədə tanımadıqları adamlarla salamlaşmasının da onu sözün yaxşı mənasında təəccübləndirdiyini dedi. Qürbətdəki həmvətənimiz fürsətdən istifadə edib, niderlandlıları da təsvir etdi: “Niderlandlar, qayda-qanuna riayət edən, idmanı həyat tərzi kimi qəbul edən, qənaətcil, gülərüz, velosipedi gəzməkdən üstün tutan, heyvansevər insanlar kimi xarakterizə edərdim. Velosiped burda ayrı mövzudur. Niderlandlilar özləri zarafat edir ki, biz velosipedlə anadan olmuşuq. Qənaətcillik, var-dövlətini insanların gözünə soxmamaq bura insanının ən sevdiyim xüsusiyyətidir. Qənaətcillik deyəndə bizdə qəbul edilmiş ”hacıqaralığı” nəzərdə tutmuram. Sadəcə, buranın insanları əşyapərəst deyillər. Belə zarafatları da var ki, ürəyimiz ancaq endirimdə olan şeyləri istəyir. Çox çalışqandılar. Keçən il qonşum özü evini təmir edib, bağçasına daş döşəmişdi. Onu heyranlıqla və həsəd hissi ilə izləyirdim. Mən heç lampa dəyişə bilmirəm. Burda isə qızlı-oğlanlı uşaqları kiçik yaşlarından əməyə öyrəşdirirlər. Niderland deyəndə insanlar kofeshop və “qırmızı fanarlar” küçəsi barədə düşünürlər. Amma bura gəlsəz, bu yanlış stereotipdən qurtulacaqsız. Yazda hər yan yaşıllıq və gül olur. Hər ailə bağçasında rəngarəng güllər əkir. Elə bil bütün Niderlanda güllərdən xalça salırsan. 4 ildir burdayam. Amma hələ də bu gözəllik mənim üçün adiləşməyib, hər dəfə sevindirir”.

“Məsləhətxanada mənə 1 aylıq uşağımla söhbət etməyi məsləhət gördülər”

V.Cəfərova yaşadığı ölkəni yerə-göyə sığdıra bilmir. Dediyinə görə, Niderlandda hər şey xoşuna gəlir, havadan başqa: “Hava çox dəyişkəndir. Səhər yağış yağır, günorta gün çıxır, axsam isə qar yağa bilər”.

Vəfa Cəfərova: “Təkcə yeməklərinə öyrəşə bilmirəm –  daha çox yarımfabrikat və dondurulmuş qidalar…”

Müsahibimin böyük qızı Eva Azərbaycanda doğulub, kiçik qızı Sofiya isə Niderlandda. Uşaq haqları, hüquqları, uşağa güzəştlər… bunlar necə həll olunur Niderlandda? V.Cəfərovanın sözlərinə görə, sistem Azərbaycandakından tamamilə fərqlənir: “Uşaqların 18 yaşına qədər sığortası pulsuzdur. Uşaqların söz haqqı var. Uşaqla doğulandan şəxsiyyət kimi davranırlar. Məsləhətxanada mənə 1 aylıq uşağımla söhbət etməyi tovsiyə edəndə bir az çaşmışdım. Sonra verdikləri kitabda oxudum ki, uşağa ətrafında baş verənlərin hamısını izah eləmək lazımdır. Dinləmək vərdişini körpəlikdən tərbiyə etmək lazımdır. Bir də burda ailədaxili şiddət məsələsi nəzarətdədir. Xüsusən gəlmələr üçün. Əgər uşaq evdə şiddətə məruz qaldığını deyirsə, əmin olun ki, səhəri sizin evə yoxlama gələcək. Qonşular və başqa şahidlər bu şiddət faktını təsdiqləsə… vəssalam, əmin olun ki, uşaq ailədən alınır. Daha bir detal isə peyvəndlə bağlıdır. Peyvənd mütləqdir. Əgər imtina edirsənsə və ağlabatan səbəbin yoxdursa, cərimə ödəyib, yenə də peyvənd eləməlisən və s. və ilaxır”.

Niderlandda uşaqların təhsil məsələsinə gəlincə, V.Cəfərova dedi ki, orda məktəb 4 yaşından başlanır: “Və Azərbaycandakından fərqli olaraq, burda tədris proqramı uşağı məhv etmir. Məsələn, ilk iki il ancaq uşaqla məntiqini, beynini inkişaf etdirən oyunlar oynanılır, idman edirlər və cəmiyyətdə özünü aparmaq haqqında bilgilər verilir. Yol çəkməyi, velosiped sürməyi öyrədirlər. Maraqlısı odur ki, orda özəl məktəblər açmaq sərbəstdir. Məsələn, mən istəsəm, Azərbaycan məktəbi aça bilərəm. Və dövlət buna subsidiya ayırır. Tək şərt kifayət qədər şagird toplamaq və ümumi məcburi fənlərin tədrisi. Bu plandan əlavə mən istədiyim fənləri sala bilərəm. Təbii, nazirliklə məsləhətləşib bunu etmək mümkündür”.
“Harasa qonaq gedirsizsə, əvvəlcədən deməlisiz ki, orada nə qədər qalacaqsız”
Müsahibimiz deyir ki, Azərbaycanda Niderlandla bağlı formalaşmış ən yanlış təəssürat burda hamının marixuanadan istifadə etməsidir: “Yerli əhali burda kofeshoplara utana-utana girir”.
Bununla belə, V.Cəfərova üçün Niderlanda, oranın insanlarına öyrəşmə sürəci davam edir. Müsahibimiz yeri gəlmişkən, yerli əhalinin ilginc adət-ənənələrinə də toxundu: “Məni ən çox təəccübləndirən onların qonaq qəbul etmələridir. İlk vaxtlar özümü çox narahat hiss edirdim. İndi artıq öyrəşmişəm. Bir yerə qonaq gedirsizsə, əvvəldən vaxtı danışmalısız. Həm də təkcə görüş vaxtını yox, nə qədər oturacağınızı da. Bir fincan kofeyə getmisizsə, maksimum 30 dəqiqə oturub söhbət edirsiz. Şam yeməyi üçün yeməkdən 1 saat əvvəl gəlirsiz və yemək bitdikdən sonra maksimum bir saat otura bilərsiz. Amma buna da çox tez öyrəşirsiz. Hətta bir müddət sonra bunun nə qədər rahat olduğunu anlayırsız. Sevmədiyim adət isə doğumdan sonra tost və şokolad qırıqları yemə məcburiyyətidir. Təsəvvür edin, o boyda zülmdən sonra sənə quru çörəklə şokolad qırıntıları verirlər”. (gülür)

“Burda orta statistik insanlar siyasət və incəsənətlə çox maraqlanmır”

Niderlandlar və azərbaycanlılar arasındakı ortaq, fərqli cəhətlərə gəlincə, müsahibimizin cavabı gözlənilən oldu. Öncə dedi ki, insanlar dinindən, irqindən və cinsindən asılı olmayaraq, hər yerdə eynidir: “Hamı yaxşı, rahat yaşamaq istəyir. Bu, bizim hamımızı birləşdirən cəhətdir. Azərbaycanda avropalılar haqqında bir sıra yanlış stereotip var. Burda orta statistik insanlar siyasət və incəsənətlə çox maraqlanmır. İşdən sonra gəlib yemək yeyirlər, sonra ya futbola, ya da ”O səs Niderland” tipli verilişlərə baxırlar. Dünyanın hər yerində olduğu kimi, burda da “Bozun 50 çaları” bestsellərdir. Amma burda uşaqlıqdan bağçada, məktəbdə və təbii ki, ailədə hamının bərbər olduğunu anladırlar. Fərqli fikirli və həyat tərzli insanları heç kim təhqir etmir. Müzakirələr yüksək səslə getmir. 4 ildir burda yaşayıram. Amma küçədə böyürən, bərkdən gülən, ya da kiməsə söz atan gəncləri görməmişəm. Əsas fərq bundadır. İnsanlar çox nəzakətlidir. Avtobusa “kolyaska” ilə minəndə sürücüdən tutmuş sərnişinlərə qədər hamı köməyini təklif edir. Hamilə olanda isə artıq öyrəşmişdim ki, sürücü düşüb mütləq kolyaskanı içəri daşıyacaq və mən oturmayana qədər yerindən tərpənməyəcək. Deyirlər şeytan detallarda gizlənib. Yəqin eyni şeyi xoşbəxtlik haqqında da demək olar. Belə epizodlar məni hədsiz xoşbəxt edir”.

Vəfa xanım deyir ki, niderlandlılar bir qayda olaraq miqrantlara tolerant yanaşırlar. Böyük əksəriyyət isə ümumən nəzakətlidir: “Mən yaşadığım yerdə gəlmə çox deyil. Böyük şəhərlərdə bəlkə bu, çox kəskin hiss edilir. Amma özümə qarşı heç bir ayrı-seçkilik hiss etməmişəm”.(musavat.com)

 

COMMENTS