Top.Mail.Ru

Lənkəranda sərtləşdirilmiş karantin rejiminə ciddi əməl olunur

Lənkəranda sərtləşdirilmiş karantin rejiminə ciddi əməl olunur

Artıq ikinci dəfə tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Lənkəranda da COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bu gecədən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Lənkəranda şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də qurulan postlarda xidmət aparır. Nazirlər Kabinetinin qərarından irəli gələn tələblərin icrasına ciddi şəkildə nəzarət olunur.

Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Lənkəranda şəhərin və kəndlərin küçələri tamamilə boşdur. Polis və daxili qoşunların hərbi qulluqçıları kənd ərazilərində və məhəllələrdə karantin qaydalarının icrasına nəzarəti həyata keçirir.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

Qeyd edək ki, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunur.

DOSYE.ORG

COMMENTS