Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində sanitar qovşaq yoxdur?! – VİDEOFAKT

Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində sanitar qovşaq yoxdur?! – VİDEOFAKT

 Əziz oxucular!

Bildiyiniz kimi, 2020-ci tədris ili pandemiya ilə əlaqədar olaraq uzun müddət məktəblilərin evdə qalmasına səbəb oldu. Məhz bu zaman kəsiyində məktəb rəhbərliyinə dəfələrlə yeni tədris ilinə kimi görüləsi işlər, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin mərhələli şəkildə reallaşmasına şərait və yetərli vaxt verildi.

Bu tədbirlərin Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində necə həyata keçirildiyi ilə tanış olmaq istədik. Lakin, məktəbdə qarşılaşdığımız ab-hava tamam fərqli oldu. Sən demə, yaşı 60 ili haqlayan bu təhsil ocağı sadə dillə desək, özünün istismar dövrünü çoxdan tamamlayıb. Gələcəyimiz olan şagirdlərin dərs aldığı bu elm ocağı tamamilə yararsız haldadır. Sinif döşəmələri qopuq, sökük olduğundan burada təmizlikdən söhbət gedə bilməz. Çəkiliş üçün gəldiyimizi görən kimi bizə yaxınlaşan şikayətçi valideynlər iddia etdi ki, pandemiyadan öncə gəlsəydiniz, burada məktəbin zirəmisində tülkü, çaqqal, siçovul leşinin iyindən məktəbə yaxın dura bilməyəkdiniz.

Valideynlərin dediklərindən o da aydın oldu ki, burada qış aylarında şagird və müəllimlər odun tədürükünü özləri ilə gətirir. Siniflər odun yandırmaqla qızdırılır. Məktəbdə istilik sistemi anlayışı mövcud deyil.

Etiraf edirik ki, bizi ən çox heyrətləndirən şikayət o oldu ki, sən demə, sözügedən məktəbdə heç sanitar qovşaq da yoxdur. Müəllim və şagirdlər təbii ehtiyaclarını ödəmək üçün qonşuluqdakı qapılara üz tuturlar. Bu da sözün bitdiyi andır.

Sonda təəssüflə bir məqamı qeyd edirik: Çəkiliş müddətində bizə hər cür ciddi cəhdlə mane olmağa çalışan Fatimə müəllimə əlindəki hərarət ölçənlə, süni şəkildə “bizim hərarətimizi yüksəldərək” guya 39 dərəcə hərarətimiz olmasını iddia etməkdən çəkinmədi. Fatimə müəllimə Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində dərs hissə müdiri çalışır. Məktəbin direktoru Yusif müəllim isə fiziki imkanı məhdud olduğundan məktəbin idarə edilməsini bu xanıma həvalə edib.

P.S. Çəkiliş zamanı özünü “burda mənəm, Bağdadda kor xəlifə” qismində yetirən Lənkəran RİH-nin nümayəndəsi Yusif adlı şəxs (soyadını yazmırıq, çünki bu insan özünü normal təqdim edə bilmədi) bizdən özümüzü təqdim etməyi istədi. Əlbəttə, normal insan kimi onun sualını cavablandırıb, özümüzü təqdim etdik. Lakin əvəzində o özünü bizə təqdim etməkdənsə, gah fotomuzu mobil telefonunun yaddaşına köçürdü, gah ora-bura var-gəl edərək “yuxarılara” zəng etdi… Uzun sözün qısası, Yusif müəllim ora nə üçün, kimin tapşırığıyla gəlmişdi, kimi-kimdən “qoruyurdu” heç özü də bilmədi…

Mövzunu diqqətdə saxlayacağıq və problemin həllinin tapılması üçün materialı aidiyyatı üzrə məsul orqanlara təqdim edəcəyik:Daha ətraflı videosüjetimizdən izləyə bilərsiniz:

Nüsrət Sakitoğlu,

Mənzər Qurbanova

COMMENTS