Lənkaranda Milli Park yanır-YENİLƏNİR

Lənkaranda Milli Park yanır-YENİLƏNİR

Hirkan Milli Parkında baş verən yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib.

Bu açıqlamanı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib. Onun sözlərinə görə, yanğın bu gün saat 10.00 radələrində Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gəlib. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

* * * 14:01

Hirkan Milli Parkında yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar xəttinə Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, bu, son vaxtlar dövlət park və qoruqları ilə bağlı qeydə alınan ilk yanğın hadisəsi deyil. Belə ki, təkcə bu ay ərzində Türyançay Dövlət Təbiət Qoruğunda və “İlisu” qoruğu ilə sərhəddə də yanğınlar baş verib. Təxminən bir həftə əvvəl- iyulun 21-də isə Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış yanğın sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən elə bu Hirkan Milli Parkının ərazisinə keçmişdi. O vaxt yanğını yalnız iki gün sonra, iyulun 23-də səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürmək mümkün olmuşdu…

Virtualaz.org onu da xatırladır ki, Hirkan Milli Parkı Azərbaycanın cənubi-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. 2004-cü ildə yaradılıb. Ərazisi 40 358 hektar (403,58 km²) sahəni əhatə edir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur.

Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılıb.

Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları da Azərbaycanın “Qırmızı Kitabı”na salınıb. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

COMMENTS