Lalə Azərtaş ” “Gözəl qadın dəhşətli fəlakətdir”

Dosye.org teleaparıcı Lalə Azərtaşın atvxeber.az saytına müsahibəsini təqdim edir.

– Sosial şəbəkələrdə xeyli fanatlarınız var. Şəkillərinizi paylaşırlar, xoş sözlər yazırlar… Az-az aparıcı tapılar ki, hamı onun haqqında xoş söz desin.

– Sevindirici haldır. Artıq illərdir ki, sosial şəbəkədəyəm. Bu günə qədər bir dənə də olsun, mənfi rəy yazılmayıb. Belə deyək də, xalqın gözü tərəzidir. Ağı-qaradan seçməyi bacarır.

– Sizcə, bütün bu xoş sözlər, tamaşaçı sevgisi nədən irəli gəlir?

– Yəqin ki, səmimiyyətdən… Sizin vasitənizlə mənə xoş sözlər deyən hər bir tamaşaçıya təşəəkkür edirəm.

– Necə oldu ki, ATV-nin ilk xanım aparıcısı oldunuz?

– Xəbər proqramının açılmasına qərar veriləndən bir il sonra çıxdım efirə. Ona qədər radioda xəbərləri təqdim edirdim. Biz o zaman çox az idik. Proqramın təməli yeni qurulduğu üçün demək olar ki, heç kim yox idi. Dəvət etdilər, böyük məmnuniyyətlə qəbul elədim. Müsabiqələr keçirildi. Minlərlə cavanlarımız gəldilər-getdilər… Yəqin ki, bu mənim şansım idi… Tək xanım olaraq qaldım və illərlə efirə tək çıxdım. Daha sonra xanım aparıcılarımız gəldi və mən bəzi şəxsi işlərlə əlaqədər ATV-dən uzaqlaşdım.

– On bir il efirdə olmadınız. Bu müddət ərzində neylədiniz?

– Bu işi sevmək lazımdır. Efir güzgüdür. Hər kəs orda necədirsə, elə də görünür. Tamaşaçı da məni olduğum kimi görür.

– Darıxdınızmı? Efirə qayıdanda çətinlik çəkmədiniz ki?

– Darıxmışdım. Onda başa düşdüm ki, “burnumun ucu göynəyir” ifadəsi nə deməkdir. Amma evdə iki körpə var idi. Müəyyən müddət var ki, həmin dövrü körpə məhz ana qoxusu ilə böyüməlidir.

– Qızlarınızı necə böyüdürsünüz? Adətən analar qızları ilə tez-tez küsüb-barışırlar. Sizdə də olurmu belə şeylər?

– Bizdə anayla balanın küsməyi yoxdu. İki bacının küsməyi var. Dostluq şəraitində çalışırıq ki, münasibətimizi quraq. Şənbə-bazar bizim istrahət günlərimizdi. Yeganə küsmə halı onda baş verər ki, həftə sonunda onlara diqqət ayırmayaq. Qızlarımla dost kimiyəm. Bizdə uşağın üstünə qışqırmaq yoxdur. Hər şey qarşılıqlı anlaşma ilə olur.

– Özünüzə hansı qadağaları qoymusunuz?

– Ümumiyyətlə, qadağanı sevmirəm. Nə özüm özümə qadağa qoymuram, nə də ki, kiminsə mənə qadağa qoymasını xoşlamıram. Qadağa istədiyin hədəfə çatmaq üçün bəzən maneədir. Hədəfə də çatmaq üçün heç bir maneə görməməlisən. Mən hədəfimi doğru seçdikdən sonra ona tərəf gedir, qarşımdakı bütün qadağa və maneələri məhv edirəm.

– Bir müsahibənizdə demisiniz ki, sadiq üç dostunuz var: maşın, musiqi və dəniz… Bu qədər insanların arasında dost axtarışını niyə dayandırmısınız ki?

– Onlar sadiq dostlardılar. Həyat bizə çox şey öyrədib. Həmişə deyirlər dəyişən biz deyilik, zamandır. Lakin mən razı deyiləm. Zaman elə qaldığı kimidir… Mən heç kəsə “dost” demirəm. Çünki deyib yanıldığımı görmüşəm. Dostum ailəmdir. Bir də maşın, musiqi və dənizdir… Mən danışıram onlar sadəcə qulaq asır. İnsanları çox sevirəm. Ümumiyyətlə pis insan yoxdur. Baxır hansı insanı necə danışdırırsan. Hər insanın içində müsbət və mənfi cəhətləri var. Hansını görmək istəsən, onu görərsən. Hansına toxunsan, sənə onla cavab verəcək. Amma “dost” məfhumu mənim üçün yoxdu və qəti deyirəm, heç vaxt da olmayacaq.

– Soyadınız dərhal insan beynini məcbur edir ki, sizi yaddaşa köçürsün. Bilirik ki, babanızdan gəlmədir. Cənubi Azərbaycandan olub. Ümumiyyətlə, o yerlərdə heç olmusunuzmu? Arazın o tayı ilə bağlı nə düşünürsünüz?

– Deməli, mən təzə gələndə belə bir fikir səslənirdi: – İnsan var illərlə öz adı üçün işləyir. Amma ilk gündən adın sənin üçün işlədi. Bu, həqiqətən də, belədir. “Azərtaş” həm tez qəbul edilən, həm də yadda qalan bir soyad idi. “Azər” azərbaycanlı anlamındadır. “Taş” isə qədim türk dilində soyad sonluğudur. Sözsüz ki, baba ocağı ilə əlaqələr möhkəmdi. Gedirik, gəlirik. Arazın o tayında da bizi izləyirlər. Doğma evindəki kimi hiss edirsən özünü.

– Nənənizin üzüyünü saxlayırsız hələ də?

– Ay maşallah, mənim haqqımda hər şeyi bilirsiniz ki… Hə, evimin ən dəyərli köşəsində saxlamışam. Həyatımdakı ən dəyərli zinət əşyasıdır. O, mənim üçün bəxt üzüyümdən də dəyərli və əzizdir.

– Müsahibələrinizin birində qadını fəlakət adlandırmısınız. Hələ də belə düşünürsünüz?

– Elə düşünürəm. Qadın fəlakətdir, gözəl qadın isə dəşətli fəlakətdir. Qadınlarımız çox ağıllı və gözəldirlər.

– Fəlakəti, yəqin ki, yaxşı mənada demisiniz…

– Bəli. Qadın güclüdür, anadır. Bütün analarımızın əllərindən öpürəm.

– Bizim xanımlarımızın özəlliyi nədir?

– Bizim qadınlar digər ölkərdəki xanımlardan fərqli olaraq, yaşlandıqca daha da gözəlləşirlər. Üzlərindəki nur artır, daha xanım-xatın olurlar.

– Ən çox kimləri oxuyursunuz, kimlərdən bəhrələnirsiniz?

– Ronda Bernin “Sirr”ini təkrar oxuyuram. Çox faydalı kitabdı. Hər kəsə oxumağı tövsiyə edirəm. Orda həyatdakı uğurun sirri açılır. Fəlsəfi əsərləri çox oxuyuram. Bəzən elə kitablar olur ki, dönə-dönə oxumaqdan doymursan.

– 30 martda doğulmusunuz… Şanssız gündü… Ad gününüzü necə qeyd edirsiniz?

– Ad günümə həmişə böyük həvəslə yanaşıram. Belə deyim, bir ay öncədən hazırlaşıram. Kimlər gələcək, harda keçirəcəm, necə olacaq… “Yaşın üstünə yaş gəlir” deyimini xoşlamıram. Hər yaşın öz gözəlliyi var. Bir yaşı tutub qalmayacağıq ki… Mənim yaşımın üstünə yaş, balamın isə ən gözəl dövrü gəlir. Ona baxıb sevinirəm. Həyata necə baxsan, ayna kimi onu sənə qaytaracaq.

– Heç sizə deyiblər ki, həyatda başqa, efirdə başqa cür görünürsünüz?

– Deyiblər ki, efirdə yaxşısan, həyatda yox. Və ya əksini deyənlər olub. Hətta bizdə qrim otağında qızlarla, həmkarlarımızla oturanda deyirlər ki, niyə məhz sən efirdə arıq görünürsən. Biz arıq ola-ola kök görünürük. Bunun sirri nədədir? Deyirəm, onu deməzlər. Əslində burda elə bir sirr yoxdu. Bu nəsə bir şansdı, gətirib.

– Gözəl qalmağınız üçün nələri qurban vermisiniz? Bu qurbanvermələr hələ də davam edir?

– Ümumiyyətlə, gözəllik qurban tələb edir. Amma mən elə bir qurban verməmişəm.

– Nəyi nəzərdə tutursunuz?

– Yəni heç bir plastik əməliyyat etdirməmişəm. Gözəllik üçün yeganə qurban verə biləcəyim şey dadlı yeməklərdi. Mən qurmanam, dadlı yeməklər bişirməyi sevirəm. Bax özümə burda qadağa qoyuram ki, çox yemək olmaz.

– Əlinizin duzu var?

– Deyilənə görə var.

– Özünüzdə bəyənmədiyiniz mənfi xüsusiyyət…

– Əvvəllər ürəyimə çox qulaq asırdım. Ağıl sözünü deyirdi, amma yenə də ürəyimə qulaq asırdım. Çox zaman udduğum qədər uduzurdum. İndi hiss eləyirəm ki, artıq ikisinə də qulaq asıram. Mənə elə gəlir sırf ağıla qulaq asmaq lazımdı. Ürək insanın yolunu dəyişə bilir. Düşünürəm ki, illər sonra yalnız və yalnız ağıla qulaq asacam. Mənim üçün iki prinsip var ki, onlar bütün uğurların açarıdır: biri sevgidi, biri də səbr. Hər ikisini özümdə görürəm.

– Özünüzü şanslı qadın hesab edirsinizmi?

– Allahıma hər gün şükür edirəm. Ümumiyyətlə, mən şükür etməyi sevən insanam. Xanımlara da tövsiyyəm budur ki, bəylərinə istənilən incə hərəkət üçün təşəkkür etsinlər. Bilirsiz niyə? Təşəkkür qarşıdakı insanı yaxşı əməli təkrarlamağa sövq edir.

COMMENTS