Lamiyə işində vəzifəli şəxslərin həbs anonsu…

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır.

“AzərTac” xəbər verir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, L.Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

Baş Prokurorluqdan bildiriblər ki, L.Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.

Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla, nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Baş Prokurorluğun rəsmi mövqeyi ifadə edilən bu açıqlamada “Lamiyə işi”nin hansı istiqamət üzrə aparılacağını təxmin etmək mümkündür. AzərTac-ın əsasən ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlı rəsmi xəbərlər yayımladığını və cinayət hadisələri ilə bağlı ardıcıl informasiya tirajlamadığını, belə mövzulara nadir hallarda müraciət etdiyini nəzərə alsaq, məhkum qadının işində kəskin dönüş olduğunu söyləyə bilərik. Xüsusilə rəsmi məlumatın son cümləsində ifadə edilən fikir istintaqın dərin araşdırmalara baş vuracağına da şübhə yeri qoymur. Belədə sifariş verənlə sifariş olunanların yerlərinin dəyişəcəyi də gözləniləndir.

COMMENTS