Lamiyə Quliyevanın keçmiş nişanlısının vəkilindən Aslan Aslanova şok ittihamlar

Vüqar Əliyev vəkilinə başına açılan müsibətlərin təfərrüatlarını açıqlayıb

4 saylı Cəzaçəkmə Müəssisəsində ana olan məhkum Lamiyə Quliyevanın nişanlısı olmuş Vüqar Əliyev vəkili Adəm Məmmədovla görüşüb. Qobustan Qapalı Həbsxanasında baş tutan görüşdə ömürlük cəzaya məhkum edilən V.Əliyev vəkilinə başına gətirilən müsibətlərin təfərrüatlarını açıqlayıb. A.Məmmədov müvəkkili ilə görüşü haqda “Yeni Müsavat”a danışıb.
Aslan Aslanovun adamları Vüqarı snayperlə vura bilər!

A.Məmmədov deyib ki, müvəkkili həbsdə olduğu 12 il ərzində daim öldürülmək təhdidi altında yaşayıb: “Vüqarın salındığı vəziyyət haqda danışacağam. Bu günki görüşümüz zamanı Vüqar baş vermiş hadisə və ondan sonrakı olaylar barədə ətraflı danışdı. Bəzi detalları açıqlayıram ki, onun vəziyyəti haqda təsəvvür yaransın. Təsəvvür edin ki, Vüqar Qobustan Həbsxanasından xəstəlikləri ilə əlaqədar bir neçə dəfə Məhkumların Müalicə Müəssisəsinə köçürülüb. Köçürülmə digər məhkumların köçürülməsindən fərqlənib. Vüqarı Müalicə Müəssisəsinə aparan zirehli maşını 2 zirehli avtomobil müşayiət edib. Halbuki başqa məhkumları 1 maşınla ora köçürürlər. Eyni zamanda, zirehli avtomobil hərəkətdə olarkən hündürmərtəbəli binaların və körpülərin altından keçərkən Pentensiar Xidmətin əməkdaşları maşının “lyuk”larını bağlayıblar. Və bunu onunla əsaslandırıblar ki, Aslan Aslanovun adamları Vüqarı snayperlə vura bilər! Digər məhkumlar bunu bildiklərindən Müalicə Müəssisəsinə Vüqarla birgə getməkdən imtina ediblər. Vüqar daim öldürülmək təhdidi altında yaşayıb”.
Vüqar Qobustanda ona işgəncə vermiş məhkum-generalla görüşüb!

Vəkil müvəkkilindən həbs olunması ilə bağlı soruşub. Onun cavabı belə olub: “Vüqar həbs olunandan sonra Şəmkir Rayon Polis İdarəsində ona amansız işgəncələr verilib. Həmin vaxt orada iştirak edən, sonradan ömürlük cəza verilərək Qobustan həbsxanasına göndərilən generalla orada təsadüfi görüşü olub. Vüqar Əliyevə “Vüqar müəllim” deyə müraciət edən sabiq generala o, “Mən müəllim deyiləm, Vüqaram! Xatırlayırsınızmı mənə verdirdiyiniz işgəncələri” deyə sual edib. Ona “o zaman siz vəzifənizdən sui-istifadə edib mənə işgəncələr verilməsinə fərman verənlərlə eyni cərgədə idiz, indi isə siz də mənim kimi dustaqsınız” deyib. Sabiq general isə susub… Bu, Allahın ədalət nişanələrindən biridir ki, haqsızlıq edənə cəza Allah tərəfindən verilir…” deyə vəkil bildirib.

Aslan Aslanov evinə aparılan Vüqarın güllələnməsinə əmr verib V.Əliyev Şəmkir RPŞ-dən Gəncə İT-ə köçürülməsini vəkilinə belə nəql edib: “Vüqar dedi ki, həbs olunduqdan sonra Şəmkir Polis İdarəsindən Gəncə İstintaq Təcridxanasına Lamiyə, Lamiyənin anası və onu zirehli avtomobildə aparıblar. Yolda hər 150 metrdən bir əlisilahlı əsgərlər düzülərək onları aparan avtomobili mühafizə ediblər. Hətta Gəncədə hərəkətdə olduqları yol da bağlanıb”.
Vəkil V.Əliyevin A.Aslanovun evində öldürülməsi əmri verilməsindən də danışıb: “Vüqarı bir müddət sonra Gəncə İT-dən istintaq hərəkətləri çərçivəsində Aslan Aslanovun evinə gətiriblər. Elə oradaca Aslan Aslanov evi mühafizə edən 2 əlisilahlı əsgərə göstəriş verib ki, Vüqarı güllələsinlər. Bunu başa düşən prokuror Seyfəddin müəllim özünü Vüqarın önünə verib. Bununla da baş verə biləcək hadisənin qarşısını alıb”.

Vəkil L.Quliyevaya qarşı şərləmə prosesi həyata keçirilərkən parallel olaraq V.Əliyevə qarşı da oxşar prosesin baş tutmasına cəhd göstərildiyini də açıqlayıb: “Lamiyəyə ikinci dəfə şər-böhtanla, saxta ittihamlarla cinayət işi başlanan ərəfədə, eyni zamanda, Vüqar Əliyevə də qarşı həbsxanada təxribatlar olub. Onu da saxta, qonradma istintaqa cəlb etmək istəyiblər”.
Vəkil müvəkilinin ona danışdıqları haqda ətraflı məlumat verəcəyini açıqlayıb. (musavat.com)

COMMENTS