Deputatlar həbsdə uşaq dünyaya gətirən məhkum barəsində danışıblar
Şəmkirin sabiq icra başçısı, keçmiş kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən və həbsdə atasız uşaq dünyaya gətirən qadın məhkum Lamiyə Quliyevanın işi ilə bağlı Milli Məclisdə məsələ qaldırılıb.
ANS PRESS-in məlumatına görə, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Penitensiar Xidmət haqqında qanunun tələblərinin pozulduğunu düşünür.
O bildirib ki, həmin qızın qanunvericiliyə görə, nikahdan kənar heç kimlə görüşmək imkanı yoxdur. Millət vəkili həbsdə olan qadının necə uşağının olduğunu anlamaqda çətinlik çəkdiyini söyləyib.
“Ən dəhşətli fakt odur ki, bu gün həbsxanada həmin qadına ərizə yazdırırlar ki, o, öz xoşuma kiminləsə yaxın münasibətdə olub. Buna necə nəzarət olunub? İçəridən dustağa videomaterial yaydırırlar. Qanun bunu elə sistemə salmalıdır ki, bu adamlar cəzalanmalıdır. Ora dövlətin nəzarətində olan bir yerdir”- deyə deputat söyləyib.
Millət vəkili Zahid Oruc isə bildirib ki, Lamiyə Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli və günahkarlar cəzalandırılmalıdır:
“Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir”.
COMMENTS