Lamiyə və Aslanovun kriminal – Romanı

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətli məsələsi yenidən gündəmə gəlib. Buna səbəb qətldə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinin ictimailəşməsidir. Bu məsələni Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov mətbuata açıqlayıb.

Komitə sədri Lamiyə Quliyevanın həbsxanada təcavüzə məruz qaldığını ehtimal edib və məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət ünvanlayıb. Lakin Penitensiar Xidmət məlumat yayıb ki, Lamiyə Quliyeva təcavüzə məruz qalmayıb, o, öz istəyilə ana olub. Lakin bundan sonra subay bir qızın həbsxanada necə ana olması sualı ortaya çıxıb. Penitensiar Xidmət bu məsələyə aydınlıq gətirə bilməyib. Yalnız uşağın atasının kimliyi barədə araşdırma aparıldığı bildirilib.

Dünən isə Lamiyə Quliyeva vəkili vasitəsilə baş verənlər barədə açıqlama yayıb. O, bildirib ki, Kürdəxanı təcridxanasında istintaq olarkən məhbuslardan biri ilə yaxınlıq edib və uşaq da həmin şəxsdəndir.

Bu məsələdən sonra Aslan Aslanovun oğlunun qətli də mətbuatın gündəminə gəlib. Qeyd edək ki, bu qətl hadisəsinə görə Lamiyə Quliyeva ilə yanaşı onun keçmiş nişanlısı Vüqar Əliyev də həbs olunub. O, ömürlük azadlıqdan məhrum edilib. Vüqar Əliyev bu günlərdə “Azadlıq” qəzeti vasitəsilə mətbuata çağırış edərək Lamiyə Quliyevanın onun nişanlısı kimi təqdim olunmamasını xahiş edib. Vüqar Əliyev artıq ailə qurduğunu və öz ailəsinə cavabdeh olduğunu bildirib.

“Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, Vüqar Əliyevin xanımı Aynur Əliyeva isə Ruslan Aslanovun qətlilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan bəzi detalları açıqlayıb. Bəlli olub ki, Lamiyə Quliyeva hələ 12 yaşında olarkən Ruslan Aslanov tərəfindən təcavüzə məruz qalıb. Və bundan sonra da onunla münasibəti olub. Aynur Əliyevanın sözlərinə görə, Vüqar Əliyev Lamiyə Quliyeva ilə nişanlanarkən bundan xəbərsiz olub. Aynur Əliyeva həmçinin bildirib ki, Lamiyə Quliyeva Ruslanı qətlə yetirərkən bətnində 4 aylıq körpəsi olub. Uşaq Ruslan Aslanovdan imiş. Sonradan Aslan Aslanov  uşağı götüzdürüb. Keçmiş icra başçısının məqsədi hadisənin namus üstdə olduğunu ört-basdır etmək imiş.  

Vüqar Əliyevə Lamiyə barədə nə deyiblər?

Lakin Vüqar Əliyev həbsdə olarkən başına gələnləri bədii üslubda qələmə alıb. Onun əlyazması redaksiyamıza daxil olub. Materialın bədiilik çalarlarından imtina edərək oxuculara hadisənin mahiyyəti üzrə hissələri təqdim etməyi qərara aldıq. Vüqar Əliyevin yazdıqlarını oxuduqda Aslan Aslanovun iki insanın həyatını necə məhv etdiyi üzə çıxır. Beləliklə, Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə nişanlandıqdan sonra onun Ruslan Aslanovla münasibətləri barədə eşidib. Bu barədə onunla danışıb, lakin Ruslan “anam-bacım olsun, Lamiyə qeyrətli qızdır” deyərək bu söhbətlərin yalan olduğunu bildirib. Lamiyə özü də deyilənləri təsdiq etməyib. Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə yaxınlıqdan sonra onun bakirə olmadığını bilib və ondan ayrılmağı qərara alıb. Lamiyə Quliyeva isə təcavüzə məruz qaldığını deyərək başına gələnləri təfərrüatı ilə ona danışıb. Lamiyə əvvəlcə onu aldatmasına aydınlıq gətirib: “Bağışla məni, Vüqar. Səni itirmək istəmirdim, ona görə də bu çirkin əmələ əl atdım. Mən də xoşbəxt olmaq istəyirəm, bu da qismətimə yazılmayıb. Bilirəm getməyə haqqın var, yalvarıram sənə heç olmasa mənə qulaq as, gör məni necə bədbəxt ediblər”.

Lamiyə Quliyeva başına gələnləri danışır

Vüqar Əliyevin yazdıqlarına görə, bundan sonra Lamiyə deyib ki, o, hələ 12 yaşında olarkən Ruslan ona təcavüz edib. Lamiyənin sözlərinə görə, hadisə məktəbdə sinif otağında olarkən baş verib. Lamiyə sinifdə tək imiş. Ruslan sinifə daxil olaraq ona təcavüz edib. Bu məsələdən həm Ruslanın ailəsi, həm də Lamiyənin ailəsi xəbər tutub. Ruslan Aslanovun anası Lamiyə Quliyevanın anasına hədə-qorxu gəlməklə bu məsələnin ört-basdır edilməsinə nail olub. Bütün bunları dinləyən Vüqar bundan sonra onunla ailə qura bilməyəcəyini deyib: “Lamiyə bütün bu olanlardan sonra, səni sevsəm də bizim yolumuz ayrılır. Amma həqiqəti üzə çıxarmaq üçün indi mənə danışdıqlarının hamısını audio kasetə yazıb ver mənə. Görüm bundan sonra Ruslan nə deyəcək!”

Lamiyə onun dediyi kimi də edib. Eyni zamanda Vüqar Əliyevdən xahiş edib ki, dərhal nişanı qaytarmasın: “Vüqar bilirəm bütün bu olanlardan sonra sən nişanı qaytaracaqsan. Buna haqqın da var. Amma səndən çox xahiş edirəm bir az gözlə. Mayın 20-də böyük bacımın ”uşaq gördü”sünə gedəcəyik, heç olmasa onun xoşbəxtliyinə mane olmayım”.

Vüqar Əliyev Lamiyənin xahişini yerə salmayacağını deyib və kaseti götürərək Ruslanla görüşməyə gedib. Vüqar Əliyevin sözlərinə görə, Ruslanı “Şəmkir” futbol klubunun Badri Kravavaşvilinin “Mercedes” markalı maşınında görüb. Maşını Ruslan sürürmüş və maşında heç kim yox imiş.

Ruslan Aslanovun yalanı necə üzə çıxır?

Görüş zamanı Vüqarla Ruslan arasında belə bir dialoq olub:

“- Salam, Ruslan! Yenə maşınını vurmusan, yoxsa gözünün qurdunu öldürürsən?

– Düz tapmısan, qaqa, hərdən gözümün qurdunu öldürmək üçün bicodan götürüb sürürəm. Ölürəm də bu maşından ötrü!

– Mənə də gəlmə də! Dədən istəsən sənə nəinki “Mercedes”, təyyarə də alar!

– Orası elədi amma dədəm deyir ki, xarici maşınlardan əl çək. Düşmənimiz çoxdur. “Mercedes”ə tamah salıb sən qarışıq oğurlayarlar. Belə də ki, onsuz da şəhərdə kimin maşınını istədim götürüb sürürəm. Bunlar bir yana de görüm bu halda hara gedirdin?

– Desəm inanmazsan, səni axtarırdım. Səninlə işim var. Mümkünsə sür işıq idarəsinin yanına.

– Təki sənin işin düşsün mənə. Qulluğunda daima varam”.

Ruslan maşını işıq idarəsinin yanında saxlayıb, lakin Vüqar məsələni açmayıb. Ondan maşını erməni qəbirstanlığının yanına sürməyi xahiş edib. Orada isə Vüqar birbaşa mətləbə keçib:

“- Yadındadı srağagün səndən Lamiyə haqqında soruşanda mənə dedin ki, anam-bacım olsun. Lamiyə qeyrətli qızdı! Adam da ana-bacı dediyi qızla yaxınlıq edər?

– Yalandır! Yenə mənə böhtan atırlar! Onu kim deyirsə yalan deyir! Bizim aramızı vurmaq istəyir!”.

Bundan sonra Vüqar cibindən Lamiyənin səs yazısı olan kaseti çıxararaq maşının maqnitofonuna taxıb. Ruslan Lamiyənin danışdıqlarını eşidən kimi rəngi ağarıb. Vüqar bu zaman ona deyib:

“- Buna nə deyirsən? Bu da yalandır?

– Qaqa, bizi üzləşdir görüm bu kasetdə dediklərini üzbəüz olanda da deyəcək?”

– Mən onsuz da bu söhbətdən sonra nişanı qaytarıram. Artıq Lamiyə ilə məni heç nə birləşdirmir. Hansınızın yalan dediyi artıq mənim üçün maraqlı deyil. Ən əsası mən əmin oldum ki, Lamiyə bakirə deyil. Qalanını özünüz ayırd edin, mənsiz. Neynək, indi ki, hər şey qismən də olsa aydın oldu. Sür gedək evə”.

Bununla belə Vüqar Əliyev Lamiyəni Ruslanla üzləşdirib…

(Ardı var)

COMMENTS