“Lerikin deputatı məni ölümlə hədələdi”

Rayon sakini Eldəniz Quliyev 60 sot torpağının icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən əlindən alındığı deyir; “Bu iş həll edilməsə özümü öldürəcəm”

 

Lerik Rayonu Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev Dosye.org-a müraciət edərək, kömək istəyib. Bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini zorla Lerikin icra başçısı Rövşən Bağırov və rayondan deputat olan İqbal Məmmədov müsadirə ediblər: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər. Torpağımızı zorla əlimizdən alan isə Lerikin icra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur. Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Bu gün rayon deputatı İqbal Məmmədov mənimlə
telefon əlaqəsi yaradaraq, mənə “səni aradan götürərəm” deməkdən, nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.

Zərərçəkən Eldəniz Quliyev ailəsinin yaşadığı və başına gələn müsibətlərdən danışıb : “15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. Bu məsələdə hər zaman haqq sözünü deyən, hüququ pozulanların arxa-dayağı olan “Yeni Müsavat” qəzetindən kömək istəyirəm. 75 yaşlı anamın ah-naləsini yerdə qoymayın”.

Yazıda adları çəkilən Lerikin icra başçısı Rövşən Bağırovun və Milli Məclisin deputatı İqbal Məmmədovun mövqeyini dərc etməyə hazırıq.

COMMENTS