Leyla və Arif Yunusların məhkəməsi başladı

Vəkillər onların ev dustaqlığına buraxılmasını, ittihamların ləğv edilməsini istədilər Hakim təqsirləndirilən şəxsləri məhkəməyə hörmət etməyə çağırdı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bizimyol.info xəbər verir ki, prosesdə hər iki təqsirləndirilən iştirak edib. Onlar üçün məhkəmə tərəfindən tərcüməçi də təyin edilib.

Hakim məhkəmə tərkibini elan edərək, təqsirləndirilən şəxslərdən hakimlərə və ya bütün tərkibə etirazları olub-olmamasını soruşsa da cavab almadı. Həmçinin, anket məlumatlarının dəqiqləşdirilməsi zamanı Leyla və Arif Yunuslar hakimin suallarına cavab verməkdən imtina etdilər.
Hakim Əfqan Hacıyev:

– Sizin cavabdan imtinanız protokola qeyd edildi. Bu məsələyə növbəti iclasda baxarıq. Əgər mhkəmədə iştirak etmək istəmirsinizsə, bunu da sizin üçün təmin edərik.
Qeyd edək ki, iş üzrə dövlət ittihamını Bakı Şəhər Prokurorluğunun prokuroru Fərid Nağıyev müdafiə edir.

“Arif Yunus sadəcə kiminsə hikkəsinə qurban gedib”

Leyla Yunusun hüquqlarını vəkillər Ramiz Məmmədov və Elçin Qənbərov, Arif Yunusun hüquqlarını isə vəkil Əfqan Məmmədov müdafiə edir.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Rəna Səfərəliyevanı vəkili Şöhrət Allahmanov təmsil edib.

Prosesdə vəsatətlər səsləndirilib. Vəkil Ə.Məmmədov A.Yunusun şüşə kabinədən çıxarılaraq yanında əyləşməsinin təmin edilməsi və əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinə xitam verilməsi barədə vəsatət verdi. O, qeyd etdi ki, digər vəsatətləri hələlik vermir. “Məhkəmə bu vəsatəti təmin edərsə, həmin vəsatətləri verməyin mənası olmayacaq. Bu cinayət işində A.Yunusa qarşı irəli sürülmüş ittihamların heç bir əsası, sübutu yoxdur. Dələduzluqla bağlı ittiham verilib, amma dələduzluq cinayətinin obyekti yoxdur, kim aldadılıb, kimin əmlakına ziyan dəyib? Arif Yunus sadəcə kiminsə hikkəsinə qurban gedib. Bu səbəbdən cinayət işinə xitam verilməsi barədə vəsatətə münasibət bildirilməsini xahiş edirəm” – deyə vəkil bildirdi.
Hakim isə dedi ki, bütün vəsatətlərə münasibət hazırlıq iclasının qərarında əksini tapacaq.

“Leyla Yunusun həbsdə ölməsini istəmirəm”

Daha sonra Leyla Yunusun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxsin vəkillərinin yanında əyləşməsi, prosesdə audio və video çəkilişlərin aparılmasına şərait yaradılması barədə vəsatətlər qaldırıb.

Vəkil həmçinin Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı da vəsatət verib. Vəkil Leyla Yunusun səhhətində ciddi problemlər olduğunu, Avropa Şurası tərəfindən təmin edilmiş həkimlərin ona 40 min manatlıq dərman yazdığını bildirib.

“Leyla Yunus şəkər xəstəliyindən əziyyət çəkir, qara ciyərində problem var. Bir neçə dəfə qadın xəstəliyinə görə və gözündən əməliyyatlar keçirib. Mən Leyla Yunusun həbsdə ölməsini istəmirəm. Müdafiə etdiyim şəxsin səhhəti ilə bağlı sənədləri də vəsatətə əlavə etmişəm. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil. Artıq istintaq bitib, şahidlərə, zərərçəkənlərə təsir edə bilməz, istintaqa mane ola bilməz, gizlənməsi və yayınması da mümkün deyil. Bu səbəbdən də onun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edirəm”.

Vəkil həmçinin L.Yunusa qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyərək, cinayət işinə və zərərçəkmişin statusuna xitam verilməsini istəyib.
L.Yunusun digər vəkili Elçin Qənbərov vəsatətində bir neçə şahidin siyahıdan çıxarılmasını istəyib. Leyla və Arif Yunuslar bütün vəsatətləri dəstəklədiyini bildiriblər.
Dövlət ittihamşısı Fərid Nağıyev vəsatətlərin əsassız olduğunu deyərək, təmin edilməməsini istəyib. Məhkəmə müşavirəyə getdiyi üçün iclasda fasilə elan edilib.

Leyla Yunus jurnalistlərə açıqlama verdi

Fasilə zamanı Leyla Yunus jurnalistlərə açıqlama verərək, özünün və həyat yoldaşı Arif Yunusun səhhətindəki problemlərdən danışıb. O, bildirib ki, Arif Yunusun başında xərçəng şişi olmasından narahatdırlar. O, qeyd edib ki, A.Yunus qapalı şəraitdə saxlandığı üçün yanına həkimlər buraxılmır.
Leyla Yunus müxtəlif vaxtlarda təzyiqə məruz qaldığını, səhhətinin normal olmadığını, baş və böyrək ağrılarından əziyyət çəkdiyini deyib. Leyla Yunus jurnalistlərə açıqlama verdiyi zaman nəzarətçilər onu və Arif Yunusu hakimlər gələnədək məhkəmə zalından çıxarıblar.

Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını elan edən zaman Leyla Yunus söz istəyib. Hakim isə qərarı elan etməyə davam edib. L.Yunus söz demək hüququnun pozulduğunu, hakimlərin göstəriş əsasında hökm çıxardığını və sifarişlə işlədiyini söyləyib.Leyla Yunus danışarkən, hakim də, eyni zamanda qərarı açıqlamağa davam edib. Qərarda vəsatətlərin təmin edilməməsi, cinayət işinə mahiyyəti üzrə baxışa təyin edilməsi və ilk prosesin iyulun 27-nə təyin edildiyi əksini tapıb. Qərarı elan etdikdən sonra hakim Leyla Yunusu məhkəməyə hörmət göstərməyə çağırıb: “Sizə dəflərlə müraciət etdik, susdunuz, cavab vermədiniz. Hamının iştirakı ilə protokola da qeyd edilib” – hakim bildirdi.

Qeyd: Leyla Yunus barəsində ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə Qanunsuz sahibkarlıq), 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma) 320.1-ci və 320.2-ci (saxta sənədlərdən hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Leyla və Arif Yunuslar Amnesty İnternational tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

COMMENTS