Başqan müavininin məhkəməsi isə təxirə salındı; xaricilər həbsdəki siyasi məhbuslarla görüşüblər
Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin fevralın 25-nə təyin olunan məhkəmə hazırlıq iclası növbəti dəfə qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb hakim Şəkər Məmmədovanın xəstələnməsi olub.
Bu barədə musavat.com-a F.Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Sadıqbəyli məlumat verib.
Fevralın 27-də Fərəc Kərimlinin qardaşı Sirac Kərimlinin növbəti məhkəməsi olacaq. Proses sonuncu hal şahinin ifadəsi ilə davam edəcək.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun isə fevralın 25-də həbs müddətinin artırılması ilə bağlı verdiyi apelyasiya şikayətinə baxılıb. Hüquq müdafiəçisinin şikayəti təmin olunmayıb.
Bu arada -fevralın 24 -də Avropa İttifaqının İnsan Haqları üzrə nümayəndəsi Stavros Lambrinidis və qurumun səfiri Malena Mard həbsdəki siyasi məhbuslar Tofiq Yaqublu və Anar Məmmədli ilə görüşüblər. Məhbuslar hər iki nümayəndəyə təşəkkürlərini bildiriblər. Bu barədə musavat.com-a Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin səhhətində yaranan problemlər günbəgün artmaqdadır. Hüquq müdafiəçisi Ədliyyə Nazirliyinin onun səhhəti ilə bağlı yaydığı xəbərə təcridxanadan öz etirazını bildirib. Bu barədə HMC rəhbərinin adına feysbuqda yaradılan səhifədə məlumat verilib: “…Məni kameradan adi paltarda, üst geyimsiz vəziyyətdə apardılar. Neyrocərrahiyyə Xəstəxanasında məni İftixar Qurbanov qarşıladı. Müayinə formal xarakter daşıyırdı.
Sonra həkimdən müayinələrin nəticəsini istədim. Dedi ki, nəticələr verilməyəcək. Başa düşdüm ki, məqsəd kiməsə hesabat verməkdir. Müalicə üçün isə yolda xəstələndiyimə görə 2 ədəd aspirin-upsa verdilər. Ədliyyə Nazirliyinin bəyanatında göstəriləndən fərqli olaraq heç bir müalicə tətbiq olunmur”.
***
Müsavat başqanının həbsdəki müavinlərindən biri – Yadigar Sadıqov ailəsi ilə görüşüb. Başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah görüş barədə bunları dedi: “Yadigar bəy özünü yaxşı hiss edir. Görüş zamanı o qeyd edib ki, bahalaşmanı məhbuslar belə xəstəxanada hiss edirlər. Çörək, siqaret və gündəlik zəruri məhsulların qiymətində artım müşahidə olunur”.
SMDT rəhbəri Anar Məmmədli hazırda saxlanıldığı müəssisəsinin yerinin dəyişdirilməsi ilə bağlı rəhbərliyə müraciət edib. O, səbəb olaraq 13 saylı cəzaçəkmə müəssisəsindəki dözülməz şəraiti və yolun uzaqlığını göstərib.
NİDA vətəndaş hərəkatının həbsdəki gənc üzvü Ömər Məmmədovun isə bu gün 20 yaşı tamam olur. Gənc fəal artıq ikinci ildir ki, ad gününü məhbəsdə qeyd edir. Atası Əlyar Məmmədov oğlunun tezliklə azadlığa çıxacağına ümid edir: “Hazırda vəziyyəti elə də pis deyil. Yalnız qəzetlərdən şikayət edir. Ümumiyyətlə, mətbuat orqanları verilmir. Qanundan danışırlar. Amma qanunla verməyə borcludurlar. Əfvə düşəcəyinə inanırıq”.
Həbsdəki digər NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova hər şeyin qaydasında olduğunu bildirdi: “Rəşadət heç vaxt nədənsə şikayətlənməyib. Həftə sonu gedəcəyik. Son durumu onda daha yaxşı biləcəyik”.
COMMENTS