Litva prezidenti niyə Azərbaycana deyil, Gürcüstana bel bağlayır?

Şahin Cəfərli: “Qərbin gözündə Gürcüstanın əzabkeş obrazı var”

Litva prezidenti Dalya Qribauskaytenin Cənubi Qafqazla bağlı son açıqlamaları Azərbaycanda da müzakirələr doğurub. Xanım dövlət başçısı bildirib ki, Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, ona bel bağlamaq olar.

Məsələni NATO istiqamətindən dəyərləndirən Litva rəhbəri rəsmi Tiflisin bu qurum yolunda atdığı addımları yüksək dəyərləndirib və bir növ Cənubi Qafqazda Gürcüstana önəm vermələrini bu yolla izah edir. D.Qribauskayte Gürcüstandakı islahatları da müsbət qələmə verib.

Məlumdur ki, Azərbaycanla Litva arasındakı əlaqələr ən yüksək səviyyədədir. Rusiyanın əlaltısı hesab olunan Cənubi Qafqaz ölkələrindən biri kimi Ermənistanı haradasa başa düşmək olar, amma Azərbaycanla müqayisədə xanım prezidentin nədən Gürcüstana bu qədər etibar etdiyi suallar doğurur.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Litva prezidentinin Gürcüstanın şəninə tərif deməsinin çox sadə səbəbi var: “Gürcüstan Litvanın yolu ilə gedir. Litva və digər Baltik cümhuriyyətləri SSRİ dağılan kimi, dərhal və tərəddüdsüz Qərbə inteqrasiya yolunu seçdilər, 2004-cü ildə Avropa Birliyi və NATO-ya üzv oldular. Gürcüstan da uzun müddətdir bu yolu seçib. Bu seçim şübhəsiz ki, Baltik ölkələrində Gürcüstana simpatiya yaradıb. Eyni zamanda, Rusiya tərəfindən başına gətirilən fəlakətlərə və ən müxtəlif əngəllərlə qarşılaşmasına baxmayaraq, inadla avroatlantik inteqrasiya kursunu davam etdirməsi Gürcüstana olan simpatiyanı artırmaqla yanaşı, ona münasibətdə acıma duyğusu da yaradıb. Yəni hazırda Baltik ölkələrinin və Qərbin gözündə Gürcüstanın əzabkeş obrazı var. Xanım Qribauskaytenin sözləri də məhz buradan qaynaqlanır. Vaxtilə sovet imperiyasının tərkibində olmuş Baltik xalqları və siyasətçiləri gürcülərin halını daha yaxşı anlayır. Baltik regionunun Qərbə inteqrasiya hamar və ağrısız olduğu halda, Gürcüstan Rusiyanın hücumuna məruz qalan və əraziləri birbaşa Moskva tərəfindən işğal olunan kiçik bir ölkədir.

Bu səbəblə, istər Litva, istərsə də Latviya və Estoniya hökumətləri hesab edirlər ki, Qərb Gürcüstana, eləcə də Ukraynaya daha aktiv dəstək verməlidir. Onların Cənubi Qafqazda Gürcüstanı xüsusi fərqləndirməsi Gürcüstanın özünün Ermənistan və Azərbaycandan fərqli siyasət yeritməsi ilə əlaqədardır. Ermənistanın Rusiyaya nə qədər sıx bağlı olduğunu hamı bilir. Azərbaycanın Qərb və Rusiya arasında balans saxladığı, hər hansı tərəfə üstünlük vermədiyi hər kəsə aydındır. Gürcüstan isə NATO və Avropa Birliyinə tamhüquqlu üzvlüyü öz xarici siyasətinin prioriteti elan edib. Ona görə də Litvanın bu bölgədə Gürcüstana üstünlük verməsini təbii qarşılamaq lazımdır. Litva çox istərdi ki, Gürcüstan qısa müddətdə avroatlantik strukturlara qəbul edilsin, hətta Moldova ilə Ukrayna da onlara qoşulsun. Altı keçmiş sovet respublikasının yenidən eyni inteqrativ məkanda bir araya gəlməsi ehtimalı var. Bunun gerçəkləşməsi nəticəsində həmin 6 ölkə NATO-nun və Avropa Birliyinin içərisində yeni güc mərkəzi formalaşdıra bilər. Bu halda hazırda adı çəkilən qurumlarda elə də güclü mövqelərə malik olmayan Litvanın, Baltik ölkələrinin ağırlığı artacaq. Mən Dalya Qribauskaytenin bəyanatında Azərbaycana qarşı hər hansı xoş olmayan baxış, neqativ münasibət hiss etmədim. Litva-Azərbaycan ikitərəfli əlaqələri yaxşı səviyyədədir. Sadəcə, qeyd etdiyim kimi, Gürcüstana fərqli münasibət var”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, Baltik respublikalarının Rusiyaya münasibətinin kəskin olması məlumdur: “Onun Cənubi Qafqazda bel bağlanası ölkə olaraq Gürcüstanı göstərməsi də sırf Rusiya Qərb münasibətləri ilə bağlıdır. Bilirik ki, Gürcüstan Saakaşvili vaxtından Rusiya ilə diplomatik münasibətlər saxlamır, insanları Rusiyaya vizasız gedə bilmirlər və vizanı almaq belə çox çətindir. Rusiyaya loyallığı bildirilən İvanaşvili hakimiyyətə gələndən sonra da Gürcüstanda anti-rus mövqeləri yumşalda bilmədi. Çünki Kreml körpüləri elə yandırmışdı ki, onunla hansısa iş birliyinə getmək istəyən hakimiyyət gürcü xalqı tərəfindən qısa müddətdə siyasi meyitə çevrilə bilərdi. Bütün bunları nəzərə almaqla Litva prezidenti fikirləri səsləndirib. Burada bir həqiqət var ki, Gürcüstan Rusiya Qərb münasibətlərində birmənalı Qərbi dəstəkləyir, çünki başqa alternativi də yoxdur. Bu siyasi baxımdan söylənilən konkret məqsədi olan fikirlərdir”.

Dosye.org

COMMENTS