“Lotu Quli”nin qardaşının “vor zakon” titulu alınmayıb

Daha çox “Şakro Molodoy” kimi tanınan məşhur “qanuni oğru” Zaxari Kalaşov üç azərbaycanlı avtoritetin “vor zakon” titulundan məhrum edildiyi deyilən sonuncu “kriminal sxodka”da iştirak etməyib.

“Zaxari Kalaşov 40 il stajı olan “qanuni oğru”dur. O, bu “sxodka”da iştirak etməyib. Ona görə də “Şakro Molodoy”un öz qardaşları barədə qiyabi hökm çıxarması, onların taleyini bu qayda ilə həll etməsi heç cürə mümkün deyil” – deyə Rusiyanın nüfuzlu kriminal avtoritetlərindən biri virtualaz.org və haqqin.az saytlarının Moskvadakı xüsusi müxbirinə açıqlamasında bildirib.

“Aydın görünür ki, müəyyən qüvvələr “Şakro Molodoy”la “Lotu Quli” arasında intriqa yaratmağa, bu iki şəxsin münasibətlərini korlamağa çalışır. Sonuncu “sxodka”da “Lotu Quli”nin qardaşı Namiq Səlifovun, “Rafət Əlibayramlinski”nin və “Ceyhun Gəncinski”nin “oğru” titulundan məhrum edilməsi məsələsi ümumiyyətlə müzakirə olunmayıb” – deyə mənbə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya KİV-lərində hazırda Bakıdakı 8 saylı kolonda cəza çəkən və daha çox “Lotu Quli” kimi tanınan azərbaycanlı “vor zakon” Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifovun martın 5-də oğru titulundan məhrum edilməsi barədə xəbər yayılmışdı.

Xəbərdə deyilirdi ki, 38 yaşlı Namiq Səlifovla bağlı bu qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı isə nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. Bu “sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” bu tituldan məhrum edilib.

Xəbərdə deyilirdi ki, onların arasında “Lotu Quli”nini ad verdiyi digər “oğru”lar – 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) da var.

“Oğru dünyası”ndakı irimiqyaslı təmizləmələrin ideya müəllifi kimi “Şakro Molodoy” və yaxın ətrafı göstərilirdi.

 

COMMENTS