Lüks həyatı ilə diqqət çəkdi, özünü DTX işçisi kimi göstərdi: “Bizə moşenniklərdən danışırdı”

Lüks həyatı ilə diqqət çəkdi, özünü DTX işçisi kimi göstərdi: “Bizə moşenniklərdən danışırdı”

Külli miqdarda dələduzluqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır. Zərərçəkmiş tərəf deyir ki, həmin şəxs özünü DTX əməkdaşı kimi təqdim edib.

Musavat.com xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Şamxal Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması apelyasiya instansiyasında davam etdirilib.

Cinayət işi materiallarında yazılır ki, zərərçəkmiş kimi tanınan şəxs Rəşid Məmmədovdur. Rəşid Məmmədov həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək etməsi üçün Şamxal Kərimova 67 min manat pul verib.

Rəşid Məmmədovun oğlu terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilək həbs edilən 11 nəfərdən biri olub. Həmin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutub. Səs-küylü və qalmaqallı iş üzrə bir müddət əvvəl hökm elan edilib. Hökmə əsasən, Rəşid Məmmədovun oğlu Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin iş üzrə hələ məhkəmə araşdırması başlamadığı ərəfədə Rəşid Məmmədov Şamxal Kərimovla tanış olub. Bu tanışlıq Rəşid Məmmədovun qızı Firuzə Məmmədova vasitəsilə yaranıb.

Belə ki, Şamxal Kərimov bu hadisələrdən bir müddət əvvəl Firuzə Məmmədova ilə tanış olub. Şamxal Kərimov sabiq polis əməkdaşı olub. Firuzənin qardaşının həbs edildiyini bildikdə onlara kömək edəcəyini vəd edib. Şamxal Kərimov daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyi üçün işdən qovulub.

Firuzə Məmmədova bu barədə ailəsinə məlumat verdikdən sonra Rəşid Məmmədov və kürəkəni Kənan İsmayılov bir neçə dəfə Şamxal Kərimovla görüşüb və 67 min manatı hissə-hissə ona veriblər. İttihamda yazılır ki, Şamxal Kərimov Rəşid Məmmədovun etibarından sui-istifadə edərək həmin pulu ələ keçirib.

Rəşid Məmmədovun xanımı Esmira Məmmədova ifadəsində göstərib ki, Şamxal Kərimov özünü DTX əməkdaşı kimi təqdim edib. Onlar da Şamxal Kərimova inanaraq pul veriblər.

“Bu gün də banklara kredit ödəyirəm. Ona görə yanıram ki, bizim hislərimizlə oynadı. Balamız həbsdə idi. Saman çöpü də axtarırdıq ki, yapışaq. Bu adamı qızımın vasitəsilə tanımışıq. Deyirdi ki, iki məhkəməyə oğlum azadlığa çıxacaq. Ümumilikdə 67 min manat vermişik. Əvvəldən şübhələnmişdim. Amma sonra dedi ki, orqan işçisiyəm. Düşündüm ki, bəlkə də, qismətdir.

Qızımla Tovuzda tanış olub. Mağazada görüşüblər. Qızımdan xoşu gəldiyini, tanış olmaq istədiyini deyib.
“Mən nə bilim ki, belə olacaq? Tovuzdan olmayan bir adam rayonda nə gəzirdi? Fikirləşdim ki, sırf bu iş üçün gəlib” – deyə, Esmira Məmmədova başına gələnləri danışıb.

Şamxal Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsində şahidlərin dediklərinə münasibət bildirərək söyləyib ki, özünü DTX əməkdaşı kimi təqdim etməyib: “Deyilənlərin hamısı yalandır. Pul Bəkir adlı şəxsə verilib. Mən 2018-ci ildə polisdən öz ərizəmlə çıxmışam”.

Amma Bakı Apelyasiya Məhkəməsində əməlini səmimi etiraf edib və peşman olduğunu bildirib.

Bu hadisələrin əsas iştirakçısı olmuş şahid Kənan İsmayılov da dindirilib. O, Şamxal Kərimovla danışıqları, görüşləri barədə məhkəməyə bildiklərini danışıb:

“Firuzə Məmmədova mənim baldızımdır. Şamxalı da ona görə tanımışıq. Əvvəl bu işə görə başqa bir adama 70 min manat vermişdik. Amma iş alınmadığı üçün pulu istədik. 50 minini qaytardı. Sonra da 20 minini verəcəkdi. Baldızım Şamxala demişdi ki, qardaşı Babəkin işinə görə bir nəfərə pul verib, amma iş alınmır. Şamxal da ona deyib ki, mən həll edərəm. Belə qərara gəldik ki, Şamxalla biz görüşək. Qayınatam Rəşid Məmmədovla danışdı.

Biləcəridə yerləşən “Bulaq” restoranında görüş təyin etdi. Biz gedəndə mürəbbəli çay içirdi. Bir az söhbət elədik. Ona daha əvvəl başımıza gələnləri danışdıq. Dedik ki, bahalı maşınla gələn, bahalı ofisdə olan bir adam bizə söz versə də, əməl etmir. Bu da bizə dedi ki, moşenniklərin variantı elə olur. Yəni bahalı maşınla görüşə gəlirlər, bahalı ofislərdə otururlar və sair.
Söhbətin sonunda razılaşdıq ki, biz ona 20 min manat verək. Sonrakı pulu da hissə-hissə verərik. Bizə deyirdi ki, qısa zamanda işi həll edəcək.

Bütün hüquq-mühafizə orqanlarından məlumatlı idi. Deyirdi ki, bu iş polisə, DTX-ya, Baş Prokurorluğa tapşırılıb”.

Kənan İsmayılov deyib ki, Şamxal Kərimov ilk görüşə gələndə “Porsche” markalı avtomobillə gəlib. Sonra isə başqa lüks avtomobillərdə gəlirmiş.

Kənan İsmayılov ifadəsinin davamında Şamxal Kərimovun onlara verdiyi vədlər haqda danışıb: “Deyirdi ki, bu iş Ali Məhkəmənin sədri Ramiz Rzayevə də tapşırılıb. İşə baxan hakim də Səbuhi Hüseynovdur. Bu deyirdi ki, iş həll olub. Səbuhi Hüseynovun qabağına nə qoysalar, onu da oxuyacaq.

40 min manatı Babəkin azadlığa çıxması üçün verdik. Sonra da pul istədi. Həmin pulu da digər uşaqlara görə istədi. Dedi ki, əgər təkcə Babəki buraxsalar, səs-küy olacaq. Buna görə də digər həbs edilənlərə də kömək etmək lazımdır. Şamxal söylədi ki, həmin işdə bir nəfərə cəza kəsiləcək. Babək və digərləri azadlığa buraxılacaq”.

Məhkəmədəki ifadələrdən məlum olub ki, Şamxal Kərimov həmin ərəfədə Novruz bayramından sonra Firuzəyə elçi gedəcəkmiş. Şamxal Kərimov deyirmiş ki, Novruz bayramına qədər də Babək Məmmədlini həbsdən çıxaracaq.

Şamxal Kərimova necə inanması ilə bağlı suallara cavab verən Kənan İsmayılov deyib ki, onu qısa müddətdə tanısa da, çox etibar edib: “Hüquq-mühafizə orqanlarında hamını tanıyırdı, hər şeyi bilirdi. Dedikləri ilə məni çox inandırdı. Onunla yaxın münasibət də yaranmışdı. Belə bir adamı tanıdığım üçün sevinirdim. Hətta mən Şamxala “gələcəyin bacanağı” da deyirdim. Ona o qədər inanırdım”.

Məhkəmənin hökmü ilə Şamxal Kərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən hər iki tərəf narazı qalıb. Zərəçəkmiş tərəf şikayət verərək Ş.Kərimova 10 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Şamxal Kərimov isə daha aşağı həddə cəza təyin edilməsi üçün məhkəməyə üz tutub.

Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

İlkin Muradov

COMMENTS