“Həqiqətən çətin yarışdır. İdmançılarımızı uzun müddət idi ki, bu yarışa hazırlayırdıq. Medal ümidlərimiz çoxdur və onlar da istədiyimiz nəticəni verir. Əməyimizin bəhrəsini gördüyümüzü düşünürəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın boks üzrə yığma komandasının baş məşqçisi Pedro Roka boksçularımızın “Bakı-2015” Birinci Avropa Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.
O, 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənlə görüşdə qaşından və gözündən ciddi zədə alan boksçumuz Məhəmmədrəsul Məcidovun son durumu haqda da məlumat verib: “0, indi özünü yaxşı hiss edir. Amma Boks Federasiyası belə qərara gəldi ki, Məhəməmdrəsul Məcidovu “Rio-2016″ Olimpiya Oyunlarına hazırlayaq. O, final görüşünə çıxmayacaq”.
Qeyd edək ki, həkimlər superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidovun sabah rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə verməyib.
COMMENTS