Məhərrəm Əliyev MTN-nin yeni rəhbəri təyin edilə bilər

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.  

Virtualaz.org-un məlumatına görə, bir çox Kütləvi İnformasiya Vasitələri dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bəzi əməkdaşlarının həbsi və xüsusi xidmət orqanları işçilərinin kabinetlərində xüsusi əməliyyat keçirilməsi barədə informasiya yayıb.  

İddia edilir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər.    Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.  

Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.   Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.  

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.   Müvafiq qurumlarla əlaqə saxlanılsa da, hələlik MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh verilmir. Prezidenti İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  

Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin. Dünən isə bəzi KİV-ləri sabiq nazirin yerinə kimin təyin edilə biləcəyi ilə bağlı da məlumatlar yayıblar. Qeyd edilir ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı şəhər BPİ-nin keçmiş rəisi general Məhərrəm Әliyevdir. 

COMMENTS