Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası qarşıdan gələn Məhərrəm ayı ilə bağlı fətva verib.
APA TV-nin xəbərinə görə, idarənin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə elan olunan fətvada bildirilir ki, Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edir. Müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Qeyd olunub ki, bu gün həm də Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Məhərrəm ayının 10-u – Aşura günü noyabrın 4-nə təsadüf edir.
Aşura mərasimlərinin məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsi tövsiyyə olunub.
Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.
Qeyd olunub ki, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir.
COMMENTS