Məhkəmə hakimi Avropa.info-nu təhdid edir?

Azərbaycanda məhkəmə hakiminin yaxın qohumları Avropa.info xəbər portalının əməkdaşlarını təhdid edib.

Dosye.org oxucuların nəzərinə çatdırır ki,, Avropa.info-ya daxil olan məlumata görə özünü Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının əmisi oğlu kimi təqdim edən şəxs, bu gün saat 18:46-da saytımızın redaksiyasına zəng edərək, əməkdaşları təhqir və təhdid edib. 050-310-84-64 nömrəsindən zəng edən şəxs Avropa.info-da dərc olunan “Azərbaycanda məhkəmə hakimi qardaşı arvadını döydü” yazısına etiraz edərək, ən pis formada təhqirlər yağdırmağa başlayıb. Etik səbəblərdən özünü Təyyar Abbaslının qohumu kimi təqdim edən şəxsin söylədiyi hədyanları yazmırıq.

 

Qeyd edək ki, İmişli rayon sakini Hətəmxan Abbasov həyat yoldaşı Xətayə Abbasovanın Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı tərəfindən döyüldüyünü iddia edir.

 

Avropa.info-ya video müraciət edən Hətəmxan Abbasov ögey qardaşı, Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının onlara 1996-cı ildən dövlət tərəfindən ayrılmış 4 hektar ,62 sot torpaqlarını mənimsədiyini bildirib.

 

Hətəmxan Abbasovun dediyinə görə, torpağın onlara məxsus olması barədə məhkəmə qərarlarına baxmayaraq, məhkəmə hakimi olan qardaşı qanunları saya saymayaraq mülkiyyətini əlindən alıb. İmişli sakininin bildirdiyinə görə, torpaqlarını tələb etdiklərinə görə, qardaşı , Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı onun həyat yoldaşı Xətayə Abbasovanı icra nümayəndəsinin gözü qarşısında döyüb.

 

Bundan başqa, Hətəmxan Abbasov torqağın ona aid olması ilə bağlı sənədlər və məhkəmə qərarları da təqdim edib.

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə məmur özbaşnalığına görə, məmurlara barmaq silkələyib. Ölkə başçısı bəzi məmurların səlahiyyətlərini aşdığını, belələrinə qarşı ən sərt formada tədbirlərin görüləcəyini açıqlayıb. Bu gün baş vermiş olayıda məmur özbaşnalığının bariz nümunəsi hesab etmək olar.

 

Məhkəmə hakimi olan Təyyar Abbaslının öz qardaşı tərəfindən ona yönəlik ittihamlara cavab vermək əvəzinə, Avropa.info-nun əməkdaşlarını söydürməsi məmur özbaşnalığı deyil, bəs nədir?

 

Cənab hakimin diqqətinə çatdırırıq ki, mətbuat olaraq bizim işimiz müraciət edən vətəndaşın şikayətini oxucuya çatdırmaqdır. Və sizə də mövqeyinizi bildirmək üçün, saytımızda hər cür imkan yaradırıq. Buyurun, söyüş söydürməkdənsə, ittihamlara cavab verin! Avropa.info

Mövzuya qayıdacağıq.

COMMENTS