Məhkəmə yenə Taleh Bağırovun şikayətinə baxacaq

Barəsində həbs-qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətin baxılacağı tarix açıqlanıb.

T.Bağırovun vəkili Cavad Cavadov “Report”a bildirib ki, T.Bağırovun iddiasına 2016-cı ilin yanvar ayının 6-da baxılacaq.

Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində T.Bağırov barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmədə apelyasiya şikayəti təmin edilməyib.

COMMENTS