Məmməd İsmayılın Müsavatdan istefasına reaksiya gəldi

Məmməd İsmayıl: “Onlar da mənim partiya sıralarında qalmağımı istəmirlər”; Gülağa Aslanlı: “Məmməd İsmayıl kimi yaşı 70-i keçmiş tanınmış bir şairin hər hansı bəhanə axtarmasına ehtiyac yoxdur”

Azərbaycanın tanınmış şairi, hazırda Türkiyənin Çanaqqala Universitetində müəllim işləyən Məmməd İsmayıl “Azadlıq” qəzetinə müsahibəsində Müsavat Partiyasında formal üzvlüyünə son verdiyini bəyan edib. O bildirib ki, 1990-cı illərdə Türkiyədə-qürbətdə olan Müsavat Partiyası özəyi Azərbaycana köçürüləndə və vətəndə yenidən bərpası gerçəkləşəndə partiyanın qurucu üzvlərindən biri olub.

Vətəndə yaşadığı vaxtlarda partiyanın işində gücünün yetdiyi qədər iştirak edib. Türkiyəyə getdikdən bir müddət sonra isə Müsavata üzvlüyü formal xarakter daşımağa başlayıb: “Övladlarıma bir parça çörək arxasınca Türkiyəyə üz tutmamışdan öncə partiyanın o zamankı başqanı İsa Qəmbərlə görüşmüş, vəziyyətimi anlatmışdım. İlk qürbət illərində partiya ilə zəif də olsa əlaqələrimiz vardı. Sonra yavaş-yavaş bu əlaqələr sıfır nöqtəsinə endi.

Partiya sıralarına buna haqqı olmayan iddialı adamlar gəldi və məni yenidən partiyanın Məclisinə seçmədilər. Buna bir anlam verməsəm də, ümumi işimiz və tutduğumuz qutsal yolun xatirinə mənə qarşı sayğısızlığa aldırmadım. Soruşsam, səbəbi, əlbəttə, qürbətdə olmağımla bağlayacaqlardı. Partiyalar tarixində sıradan üzvlərin yox, hətta partiya öndərlərinin xaricdə yaşamaq zorunda qaldığını bilirik. Amma partiyanı yönləndirənlər, görünür, mənim dəstəyimə ehtiyac duymadılar. Halbuki gücümün yetdiyi qədər Türkiyədə şəxsi fəaliyyətimlə partiyanın nüfuzunun yayılmasına kömək göstərdim, Türkiyədən Bakıya partiya nümayəndələrinin gedib-gəlməsinə çalışdım, amma…

Bəlkə misalım yerinə düşməyəcək, yenə də deyim. Bulaqlardan başlanğıc alan çaylar yollarda qolları da içinə alıb gücünə güc qatıb və əzəli arzusuna – dənizə qovuşmaq üçün can atar. Əslində partiyalar da eyni missiyanı daşımalıdır. Yollar boyu əzəli missiyasına – milləti, ölkəni idarə etmək amacına doğru gücünə güc qataraq irəliləməlidir. Gəlin görək Azərbaycandakı müxalifət partiyaların çoxu edə bildimi?

Xüsusilə Azərbaycanın ən köklü partiyası olan Müsavatın düşdüyü indiki durum məni çox narahat edir. Bu başlayan dağılma prosesi nəyin göstəricisidir? Əlbəttə, buna təbii proses demək doğru olmazdı. O zaman buna nə ad verək? Artıq mən Müsavat Partiyasının sözdə, formal üzvü olmaq istəmirəm və bu müsahibə ilə də üzvlüyümə son verdiyimi bəyan edirəm. Onu da bilirəm ki, Müsavat Partiyasının yeni rəhbərliyi üçün mənim bu bəyanım sürpriz olmayacaq, çünki mənə münasibətlərindən görünür ki, onlar da mənim partiya sıralarında qalmağımı istəmirlər”.

M.İsmayılın dediklərinə və istefasına Müsavat rəhbərliyinin münasibətini öyrəndik.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, Müsavat Nizamnamə ilə tənzim olunan partiyadır və partiyanın bütün üzvlərinin seçmək, seçilmək hüququ var. Eyni zamanda Müsavat Partiyasının qəbul elədiyi əsasnamələrdə göstərilir ki, Müsavat Partiyasında seçkili orqanlara seçilmək üçün namizədliyin irəli sürülməsi kampaniyası mövcuddur. Hər kəs də namizədliyini şəxsən özü irəli sürməlidir. Ona görə də Məmməd İsmayılın “Məni Məclisə seçmədilər” anlayışını heç cür qəbul etmək mümkün deyil:

“Namizədliyini irəli sürmədiyi halda onun seçilməsi də mümkün deyildi. Məmməd İsmayıl indiyə qədər ”formal partiya üzvü” olduğunu da ifadə edib. Bütün bunlar yəqin ondan irəli gəlir ki, hörmətli şair Müsavatın Nizamnaməsi ilə ətraflı tanış deyilmiş. Məhz bu səbəbdən də Məclisə namizədliyini irəli sürməyib”.

Məmməd İsmayılın partiya rəhbərliyinin onun partiya sıralarında qalmasını istəmədiyi barədə dediklərinə gəlincə, G.Aslanlı vurğuladı ki, qətiyyən belə deyil, Müsavat Partiyasının öz üzvlərinin hər birinə ehtiyacı var, necə ki, hər bir üzvün də Müsavata ehtiyacı var:

“Məmməd İsmayıla Müsavat Partiyasında hər hansı mənfi münasibətin şahidi olmamışam. Bir neçə il öncə Məmməd İsmayılın yubileyi Müsavat Partiyasında xüsusi qeyd olunub. Özünün ifadəsi ilə desək, Müsavatda formal üzv olmasına baxmayaraq, Müsavat Partiyası həmişə onu bir şair, ziyalı kimi qiymətləndirib və onun yubileyini təntənə ilə keçirib.

Başqa nələrsə gözləmək qarşılıqlı münasibətdən asılıdır. Məmməd İsmayıla Müsavatda lazımi diqqət yetirilib. Onun özü etiraf edir ki, partiyaya üzvlüyü formal olub, partiya üzvü kimi partiyanın işlərində, tədbirlərində iştirak eləməyib. Buna görə Müsavat rəhbərliyi Məmməd İsmayıla heç vaxt narazılıq etməyib, ona “gözün üstə qaşın var” deyən olmayıb.

Müsavat Partiyası partiyadan gedən hər bir şəxs üçün təəssüflənir. Amma gedərkən də həqiqəti söyləyib getmək daha düzgün olardı. Əlavə iddialara ehtiyac yoxdur. Məmməd İsmayıl kimi yaşı 70-i keçmiş tanınmış bir şairin hər hansı bəhanə axtarmasına da ehtiyac yoxdur”.

COMMENTS