Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Talış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Talış Həsənov 18 noyabr, 2014-cü ildə gecə saatlarında yaşadığı Dərnəgül qəsəbəsindəki yataqxananın yaxınlığında tanışı Fariz Baxışovla mübahisə edib. Mübahisə zamanı bıçağa əl atan Talış Həsənov Farizə ağır dərəcəli bədən xəsarəti yetirib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Törətdiyi cinayətə görə Talış Həsənova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Talış Həsənov ifadəsində atasının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu, ailə üzvləri ilə birlikdə yataqxanada məskunlaşdıqlarını, orta məktəbi bitirəndən sonra fəhləliklə məşğul olduğunu göstərib:
“Fariz mənimlə eyni məktəbdə oxuyub. Onu həm qonşu kimi, həm də məktəb yoldaşı kimi tanımışam. Son vaxtlar münasibətimiz daha da yaxınlaşmışdı. Birlikdə kompüter oyunları oynamağa gedirdik. Fariz taksi sürücüsü kimi də fəaliyyət göstərirdi. Hadisədən on gün əvvəl Fariz məndən 100 manat borc pul almışdı. Son günlər Badamdar qəsəbəsində tikilən məktəbin tikintisi başa çatdığından orada işim bitmişdi və Farizə verdiyim pula ehtiyacı yaranmışdı.
Hadisə baş verən gün Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində binanın altında yerləşən kompüter oyunları salonuna gedəndə orada təsadüfən Farizi gördüm. Fariz kompüterdə futbol oynayırdı. Utandığımdan əvvəlcə pulu Farizdən istəmədim. Birlikdə kompüter oynadıqdan sonra salondan çıxdıq.
Yolda gedə-gedə söhbət edərkən Farizə işsiz olduğumu, borcumu geri verməsini xahiş etdim. Fariz cavabında dedi ki, hazırda pulu yoxdur, olan kimi verəcək. Ondan pulu iki gün ərzində geri qaytarmasını tələb etdim. Bununla bağlı mübahisəmiz düşdü. Fariz məni söydü, pulumu verməyəcəyini dedi. Əsəbiləşib şalvarın arxasındakı bıçağı çıxararaq onu vurdum. Törətdiyim əməldən dərhal peşman oldum, tez oradan uzaqlaşdım. Taksiyə minib Xırdalana getdim, bıçağı yolda maşından çölə atdım.
Evə qayıdıb gələndə anam qorxudan rəngimin ağardığını görüb nə olduğunu soruşdu. Farizlə aramızda baş vermiş hadisəni ona danışdım. Ertəsi gün anamla birlikdə Binəqədi Rayon Polis İdarəsinə getdim və hadisə barədə məlumat verdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən Fariz Baxışov ifadəsində təqsirləndirilən şəxsi 10 ilə yaxındır tanıdığını, münasibətlərinin həmişə yaxşı olduğunu göstərib: “Boş olanda birlikdə kompüter salonuna gedir, oyun oynayırdıq. Ötən il noyabrın əvvəllərində Talışdan 100 manat borc aldım, pulum olanda qaytaracağımı dedim.
Hadisə baş verən gün isə Talış işsiz olduğunu deyib borcunu geri istədi. Ona “pulum yoxdur, olan kimi qaytaracam” desəm də israrla borcunu tələb etməyə başladı. Mən də əsəbiləşdim, söyüş söydüm, pulu verməyəcəyimi dedim. Bu vaxt Talış cibindən bıçaq çıxarıb məni vurdu. Sonrasa çıxıb getdi. Onun məni vuracağını gözləmirdim. Qarın nahiyəmdən qan gəldiyini görüb maşına oturub xəstəxanaya getdim. Həkimlər vəziyyətimin ağır olduğunu görüb əməliyyat etdilər. Hal-hazırda Talışla barışmışam, ona qarşı heç bir şikayət və tələbim yoxdur”.
Məhkəmə prosesi iyulun 9-da davam etdiriləcək.
COMMENTS