“Mənim arxamda nazirlik durur”

Ayrı-ayrı tədbirlərdə dövlət başçısı dəfələrlə məmurlara xitabən qeyd edir ki,yersiz layihələrə son qoyulmalı,maliyyə vəsaitləri düzgün istiqamətlərə xərclənməli və ən əsası israfçılığa imkan verilməməlidir.

Ancaq baş verənlər bunu deməyə imkan verir ki, ya dövlət başçısı bu sözləri xalq arasında özünə yaxşı imic formalaşdırmaq üçün söyləyir, ya da irili xırdalı məmurlar onun göstərişlərini sadəcə saya salmırlar. Belə nümunələrdən biri İsmayıllı rayonunda baş verir.

İsmayıllı rayon sakini, Həmidulla Umudov qeyd edir ki, 15 ildir ki, Ekologiya və təbbi sərvətlər nazirliyinin regional hidremeteroloji müəssisəsində gözətçi vəzifəsində işləyir.

Ancaq bu yaxınlarda idarə müdiri Telman Gərayev ona heç bir xəbərdarlıq etmədən yanına çağırıb və işdən azad olunduğunu bildirib. Qeyd edək ki,adıçəkilən idarə İsmayıllı rayonunda yerləşir və hazırda sənəd üzərində 96 işçi ilə fəaliyyət göstərir. Həmidulla Umudov qeyd edir ki,onu işdən azad etdikdən bir neçə gün sonra adına əlavə 200 azn pul mükafatı yazılıb və müdür tərəfindən mənimsənilib.

Bu idarədə adı olub özü olmayan ancaq pul kartının müdirin cibində olduğu bir neçə nəfər ölü canlar var.İdarənin qaz 53 markalı yük avtomobili və qaz 24 markalı minik avtomobili bir neçə ildir ki,işlək vəziyyətdə olmamasına baxmayaraq hər gün yol vərəqələri yazılaraq yanacaq silinir.Hər iki texnika müdirin yaşadığı ünvandadır.Hər iki avtomobilin sürücüsünün adı işdə gedir ancaq işə gəlmirlər aylıq maaşı isə müdir alır.

İdarədə mexanik,çilingər işə gəlmir bunların da əmək haqlarının hara getməsi müəmma olaraq qalır. İdarədə ştatdankənar işlərə pul ayrılıb mənimsənilir. Burada təsərrüfat işləri üzrə müdir Həsənağa Rəhimovun yalnız orta məktəb təhsili olmasına baxmayaraq, müdirlə əlbir olaraq bir sıra işləri həyata keçirirlər. Belə ki,qohum əqrabalarının adını işə yazdırıb əmək haqqlarını mənimsəyirlər.

Hər ay həmkarlar təşkilatına yığılan və kimlərəsə mükafat kimi verilən vəsaitlər hamıdan gizli saxlanılır. Təmir adı altında xeyli dövlət vəsaitləri göyə sovrulur. Ağsuçay məntəqəsində heç bir cihaz filan olmadığı halda oraya kimlərinsə adına əmək haqqı yazılır. Dəmiraparan çay,Girdiman çay,İvanovka məntəqələrində heç kim işə çıxmır ancaq əmək haqqları yazılır.

Həmidulla Umudov qeyd edir ki, müdir Telman Gərayevə nazirlikdə departamentin direktor əvəzi Xəlil Ramazanov havadarlıq edir. Mən baş prokurora korrupsiya idarəsinə müraciət edirəm əgər bu idarənin fəaliyyətini yaxlasanız görərsiniz ki, burada dövlətin xeyli maliyyə vəsaitləri mənimsənilir, biz işçilərin isə əmək hüquqları kobud şəkildə pozulur.

Faktla bağlı müəssisə müdiri Telman Gərayevlə onun işlətdiyi 070-688-80-87 nömrəli telefonuna zəng etdik. Telman Gərayev deyilənlərə heç bir açıqlama vermək niyyətində olmadığını qeyd etməklə yanaşı yalnız bunu dedi.Məni məsləhət bilib bu müəssisəyə rəhbər təyin ediblər,arxamda da nazirlik dayanıb.Vəssalam.

Bu verilən cavabın hansı zərurətdən yarandığını isə zəhmət çəkib ekologiya və təbii sərvətlər nazirliyinin yetkililəri cavablandırsınlar. Doğurdanmı Telman Gərayevin qanunsuz əməlləri nazirlik səviyyəsində dəstəklənir,ört basdır edilir?Adı çəkilən Xəlil Ramazanov haqda deyilənlər həqiqətdirmi?

Elçin İsmayıllı

Dosye.org

COMMENTS