“Mənim sayt üzərində nə kimi haqqım ola bilər?” – ADP sədri ittihamlara CAVAB VERDİ

““Turaninfo.org”un direktoru Azərbaycan Demokratik Partiyasında (ADP) mənim müavinimdir. “Hurriyyet.org”un mənə aidiyyatı yoxdur, müstəqil saytdır və bacım oğlunundur. Mənim sayt üzərində nə kimi haqqım ola bilər?”.

Bunu Modern.az saytına açıqlamasında ADP-nin sədri Sərdar Cəlaloğlu haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, reketçiliklə heç bir əlaqəsi yoxdur:

“Məhz “Report” informasiya agentliyinin rəhbəri mənə zəng edib xahiş etmişdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) ifşa edən məlumat “turaninfo.org”dan silinsin. Mən də bildirdim ki, həmin saytın mənə heç bir aidiyyatı yoxdur və sözlərini saytın direktoruna bildirsinlər. İndi də öz aləmində məndən intiqam alır, şantaj edir. Mən senzurayam? Necə saytın direktoruna deyə bilərəm ki, sən cinayət faktını gizlət və ya yazını çıxart. “Report”un rəhbərliyi ilə danışıqlarımın mətni qalır. Mən bununla bağlı prokurorluğa müraciət edərəm. “Turaninfo”-nun direktoru ADP-də mənim müavinimdir. “Hurriyyet.org”un mənə aidiyyatı yoxdur, müstəqil saytdır və bacım oğlunundur. Mənim sayt üzərində nə kimi haqqım ola bilər? Mənə deməzlər ki, biz cinayət faktı haqqında yazmışıq, amma sən bizə deyirsən ki, məlumatı çıxar”.

S.Cəlaloğlu deyib ki, hər kəsin siyasi mövqeyini bildirmək haqqı var:

“Səməd Vurğun və ya Molla Pənah Vafiq haqqında fikirlərimin reketliyə nə aidiyyatı? Sən müdafiə etdiyin SOCAR-ın fəaliyyətindən danış ki, Azərbaycan millətinə necə ziyan vurub. Mən siyasətçiyəm və öz siyasi mövqeyimi müstəqil ifadə edə bilərəm. Sən mənə zəng edib cinayət faktının gizlədilməsini istəmisən və mən bu işlərlə məşğul olmadığımı, məlumat yanlışdırsa, prokurorluğa müraciət etməli olduğunu bildirmişəm. Prokurorluğa müraciət edəcəm, onda biləcək ki, reket kimdi. Düzdür, yazıda qeyd olunan saytlar mənim çıxışlarımı yayımlayır, təbliğ edirlər. Amma mənim o saytlarla hər hansı hüquqi , mənəvi bağlılığım yoxdur. Mən onun dedikləri ilə razılaşmadım deyə reket jurnalistlərin müdafiəçisi oldum? Buna görə də məsələ ilə bağlı mütləq prokurorluğa müraciət edəcəm ki, reket jurnalistləri dəstəklədiyimi sübut etsin”.

Qeyd edək ki, mətbuatda S.Cəlaloğlunun “reket jurnalistikası”na dəstək verməsi haqqında məlumatlar yayılıb.

Dosye.org

COMMENTS