Top.Mail.Ru

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Son vaxtlar ipoteka, yoxsa kirayə yolu ilə mənzil almaq məsələsi çox muzakirə edilən mövzulardandır.

İllərdir ki, minlərlə vətəndaş kirayə yolu ilə mənzil sahibi olmağı gözləyirdi.

Ötən ildən bu prosesə başlansa da, demək olar ki, layihə gözlənilən kimi özünü doğrultmadı. İlkin fərq özünü mənzillərin qiymətində göstərdi. Belə ki, kirayə yolu ilə satılan mənzilər ancaq 2013 -cü ildən sonra inşa edilmiş binalardan olmalı idi. Üstəlik, İpoteka və Kredit Zəmanət Fondunun xərcləri də bu məbləğin üzərinə əlavə edilir.

Eyni ölçüdə, eyni ünvanda olan mənzili dövlətin iki layihəsindən biri ilə əldə etdikdə arada kəskin fərq yaranır. Başqa sözlə, kirayə yolu ilə evə sahib olmaq ipoteka ilə mənzil almaqdan hədsiz baha başa gəlir.

Vətəndaş 4 faizlik güzəştli ipoteka imkanından yararlandıqda isə yaranan fərq daha da dərinləşir. Çünki eyni ölçülü evi kirayə yolu ilə əldə etdikdə vətəndaşa bu 260 min manata, güzəştli ipoteka krediti ilə əldə etdikdə isə 180 min manata başa gəlir. Amma kirayə yolu ilə mənzil əldə etməyin şərtləri ipotekaya nisbətən sadədir. Çünki kredit tarixçəsində gecikmə olan vətəndaşlar da kirayə yolu ilə mənzil əldə edə bilər. Üstəlik, ipotekadan fərqli olaraq digər seçimdə ilkin ödənişlər olduqca aşağıdır.

Satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun ipoteka yolu ilə təklif etdiyi evlərdən seçilir. Məsələn, ipoteka ilə mənzil almaq istəyən vətəndaş ölkənin hər yerindən, çıxarışı olan istənilən mənzili seçə bilər.

Ekspert Rəşad Həsənovun sözlərinə görə, indiyədək 33 min vətəndaş ipoteka mexanizmi ilə ev sahibi olub. Hər il ipoteka ilə ev alanların sayında olan artım da tələbin ipotekaya daha çox olduğunu deməyə əsas verir. Fondun satmaq öhdəliyi ilə veridyi kirayə mənzil layihəsi isə hədəfindən uzaqlaşıb. Mənzillərin baha, ödənişlərin yüksək olması və kredit ödəyicisinin aylıq ödəməni edə bilmədiyi halda ödədiyi vəsaitin fondun xərcləri kimi hesablanması risk amilini artırır. İpoteka ilə alınan mənzili vətəndaş rahatlıqla sata və satdığı ana qədər ödədiyi pulu geri ala bilər. Amma satmaq öhdəliyi ilə verilən kirayə mənzillərdə isə belə imkan mümkün deyil.

Hazırda bazarda çıxarışı olan 1970- 2000-ci illər arasında tikilən mənzilərin kvadratmetri əraziyə görə təxminən 750 manatdan başlayır. 2013- cü ildən sonra tikilən mənzillərin kvadratmetri isə 1200 -2500 manat civarındadır. Bu isə ipoteka krediti ilə satılan mənzillərə bundan sonra da tələbatın çox olacağını deməyə əsas verir.

Ekspertlər bildirir ki, dünya təcrübəsində kirayə yolu ilə satılan mənzillərin kirayəsi bazar qiymətindən yüksək olmur. Hazırda bazarda kirayə qiymətləri isə təxminən 250-800 manat arasında dəyişir.

COMMENTS