Mərhum akademikin xanımından prezidentə ilginc müraciət- YENİLƏNİR

Tofiq İsmayılovun elmi mərkəzi ələ keçirilib; məsələdə Ali Məhkəmənin sədrinin də adı hallandırılır

1990-cı il noyabrın 20-də erməni terronunun qurbanı olan akademik Tofiq İsmayılovun ailəsi haqsızlıqla üzləşib. Bu barədə Tofiq İsmayılovun xanımı Lalə İsmayılovanın prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

 

Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Lalə İsmayılova yazır ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və onun qohumları tərəfindən haqsızlığa məruz qalıb.

Mərhum akademiklə Akim Bədəlovun tanışlığı

Lalə İsmayılovanın sözlərinə görə, mərhum akademik Tofiq İsmayılov 1973-cü ildə “Xəzər” Elmi Mərkəzini yaradaraq praktiki kosmonavtika üzrə geniş elmi və eksperimental işlərə başlayıb. Bu görülən işlərin nəticəsi olaraq bilavasitə mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında “Xəzər” Elmi Mərkəzinin bazasında keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılır, 1982-ci ildə isə keçmiş Sovetlər İttifaqında yeganə olan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin yaradılmasına nail olunur və Tofiq İsmayılov orada baş konstruktor və baş direktor vəzifəsində çalışır.
Akim Bədəlovun akademiklə tanışlığı uzun illər bundan əvvələ təsadüf edir. Belə ki 1980-ci ilin oktyabr ayında Bakıda Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna işə qəbul olunan Akim Bədəlov həmin ilin dekabr ayında Tofiq İsmayılov tərəfindən Moskvaya SSSR-i EA-nın Okeanologiya institutuna iki il müddətinə stajçı göndərilir. Tofiq müəllimin himayəsi ilə 1982-1986-cı il müddətdə orada aspiranturanı bitirərək elmi dərəcə alır. 1986-cı ildə Bakıya dönərək Kosmik EİB-nə elmi işçi vəzifəsinə təyin edilir.
13 mart 1987-ci il tarixdə Moskvada “Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması” barədə qərar çıxır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində gənclərin elmi texniki yaradıcılıq Mərkəzlərinin yaradılması keçmiş Sovetlər İttifaqı miqyasında geniş şəkildə həyata keçirilir. Bütün proqressiv yeniliklərə həssas olan Tofiq İsmayılov 1989-cı ildə keçmiş Kirov rayonu Komsomol komitəsi nəzdində 1973-cü ildə olduğu kimi “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu, 12-ci Aşırım küçəsi 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur. Həmən ilin may ayında Akim Bədəlov “Xəzər”ə direktor seçilir.
Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Kosmik EİB-nin hesabından bağlanmış müxtəlif müqavilələr üzrə “Xəzər”in hesabına külli miqdarda vəsaitlər köçürülür, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınır, Tofiq İsmayılovun rəhbərliyi ilə alternativ energetika və digər sahələr üzrə elmi və eksperimental layihələr həyata keçirilir. “Xəzər”də işlərin yerinə yetirilməsinə bir çox aktiv gənclər və elmi işçilər cəlb olunmuşdur və onlara burada qanuni yolla yüksək qazanclar əldə etmək imkanı yaradılmışdır. 1990-cı ildə Mərkəzlər üçün nəzərdə tutulan vergi güzəştləri ləğv edilir. Bununla əlaqədar 1991-ci ilin martında “Xəzər”in Kirov rayon Komsomol komitəsi nəzdindən çıxaraq müstəqil şəkildə fəaliyyətinə qərar verilir. T. İsmayılov kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”ə əsas payçı kimi qızı Səbinə İsmayılovanı təyin edir. Akim Bədəlov yenidən direktor vəzifəsinə seçilir.
Tofiq İsmayılovun vəfatından sonra “Xəzər”in hesabında külli miqdarda pul vəsaitləri, çox qiymətli qurğu və avadanlıqları, tikili və torpaq sahəsi olub. “Xəzər”in bütün sonrakı fəaliyyəti mərhum Tofiq İsmayılovun qurub qoyduğu hesabına yaradılıb. Akim Bədəlov bu dövr ərzində akademikin ailəsinə fasilələrlə də olsa ödənişlər edib. Akim Bədəlov o zaman akademikin qızı Səbinə İsmayılovanın “Xəzər”də payı olmasını inkar etmirdi. İsmayılovlar ailəsi də öz növbəsində Akim Bədəlova etibar edib.

Akim Bədəlov “Xəzər”i necə ələ keçirib?

Lalə İsmayılova bildirir k, heç vaxt Akim Bədəlovdan “Xəzər”ə dair hər hansı sənəd tələb etməyiblər: “Biz heç bir zaman A. Bədəlovdan “Xəzər”ə dair hər-hansı bir sənəd tələb etməmişik. “Xəzər”in iri tikinti işlərinin apardığını bilsək də, ailəmiz heç təsəvvürünə belə gətirə bilməzdi ki bugünkü nailiyyətləri ilə mərhum Tofiq İsmayılova borclu olan və bunu həmişə dilə gətirən A. Bədəlov mərhumun ailəsinə qarşı bu böyüklükdə bir cinayət və xəyanət edər. 2013-ci ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra Akim Bədəlov deyilən sözlər və verilən vədlərin əksinə olaraq bildirir ki Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb və edilən ödənişlər mərhumun xatirinə görə edilirdi. Bundan sonra vəkillərimiz vasitəsi ilə araşdırmalarımıza başladıq və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənilməsi faktını aşkar etdik. Belə ki, 1995-ci ildə qanunvericiliyə müvafiq olaraq müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçmək öhdəliyi yaranır. 29.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. Akim Bədəlov və üç nəfər qohumu “Xəzər”ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir və müqavilə üzərinə Bakı şəhəri 34 saylı notariat kontorunun təsdiq ştampı vurulur. Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz sənədlərə əsasən müəyyən edildi ki, 34 saylı notariat kontorunun təsdiq ştampında göstərilən əməliyyat saxta müqavilə iştirakçılarından biri olan R. Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq edilməsidir. Hüquqi cəhətdən heç bir qüvvəsi olmayan bu müqavilə “Xəzər”in 1991-ci ildə qəbul edilmiş nizamnaməsinə tam ziddir və Mərkəzin artıq 1991-ci ildə mövcud olan qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin saxta təsis müqaviləsi və 1995-ci ildə qəbul edilmiş qanunsuz nizamnamə əsasında 25. 09. 1995-c il tarixdə “Xəzər” Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək qeydiyyat şəhadətnaməsi alır. Həmçinin 2004, 2009, 2010-cı illərdə “Xəzər”in təsisçiliyinin və hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar saxtakarlıqların davam etdirilməsi barədə sənədlərin əldə edilməsinə tərəfimizdən nail olundu. Hal-hazırda “Xəzər”in təsisçiləri kimi Akim Bədəlovun arvadı, oğlu və bacısı oğlunun adları keçir”.

Mərhumun elmi işləri də mənimsənilib

Lalə İsmayılovanın sözlərinə görə, Akim Bədəlov nəinki mərhum Tofiq İsmayılovun ailəsinə miras qoyduğu müəssisəni, həmçinin mərhumun günəş energetikası üzrə elmi işlərini də mənimsəyib. O bildirir ki, bu gün Akim Bədəlov ölkə rəhbərliyinə öz nailiyyəti kimi təqdim etdiyi günəş panelləri mərhum yoldaşımın elmi işləridir. Qobustanda alternativ enerji stansiyasının tikintisi mərhum yoldaşımın proyektidir və bunu o zamanlar Kosmik EİB-də işləyənlər bilir:
“Cinayət və saxtakarlıqları subuta yetirən bütün sənədləri təqdim etdiyimizə baxmayaraq, Ali Məhkəmənin sədri Ramiz Rzayev qudası Akim Bədəlovun cinayətlərini ört-basdır etmək üçün vəzifəsindən sui-istifadə edərək, məhkəməyə təzyiq göstərir. Ailəmiz Nəsimi rayon Məhkəməsinin ədalətsiz qərarından apellyasiya şikayəti verib. R. Rzayevə dəfələrlə müraciət edərək məni qəbul etməsini və Akim Bədəlovun cinayətini sübuta yetirən sənədləri ona şəxsən təqdim etməyimi istəmişəm. Lakin o, mənimlə görüşməkdən boyun qaçırıb. Bu müraciətdə Ramiz Rzayevin bir daha yadına salmaq istəyirəm ki, ölkə başçımız tərəfindən ona tapşırılan vəzifə qanunun aliliyinin qorunmasını tələb edir. Ailəmizi başsız görüb bizlərə qarşı basqılarınıza son qoyun. Tam əminəm ki Tofiq İsmayılov sağ olsaydı, Ramiz Rzayevin və onun qudası olan Akim Bədəlovun bu özbaşınalıqları etməyə curətləri çatmazdır. Müraciətin sonunda bildirirəm ki, Akim Bədəlovun və onun qohumlarının “Xəzər”lə əlaqədar saxtakarlıqları subuta yetirən sənədləri və yaxud sənədlərin elektron variantını təqdim etməyə hazıram və onları bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevə müraciətimlə birlikdə Prezident Administrasiyasına göndərdim. Mən, Azərbaycan Respublikasının bir vətəndaşı olaraq, ümid edirəm ki, ölkə başçısının bu məsələyə müdaxiləsindən sonra, zor və güc prinsipi ilə hərəkət edən bəzi insanların bu özbaşına hərəkətlərinə son qoyulacaq”.

COMMENTS