Bolqarıstanın nüfuzlu qəzeti Azərbaycan mətbəxinin ləziz təamlarından bəhs edib
Bolqarıstanın nüfuzlu “Standart” qəzetində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan jurnalist Olia Al Ahmedin Azərbaycanın milli təamlarına həsr olunmuş “Azərbaycanda şeirlər masadan doğulur” sərlövhəli məqaləsi dərc edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə hazırlanan məqalədə ölkəmizin dünyada ən qədim, zəngin və ləziz mətbəxə malik olmasından, Bakının və Gəncənin turistləri necə cəlb etdiyindən bəhs olunur. Azərbaycan təamlarını dadan hər şəxsin pəhriz haqqında düşünmədiyi və ən əsası da artıq çəkiyə məruz qalmadıqları xüsusi qeyd edilir. Azərbaycanı ziyarət edənlərin bozartma, dolma, plov, piti, çığırtma, kabab, nərə balığı və digər yeməklərdən doya bilmədiklərini qeyd edən müəllif xörəklərin xüsusi ədviyyatla hazırlandığını diqqətə çatdırır.
Məqalədə avropalılara tamamilə naməlum olan tərəvəz salatının, təndirdə hazırlanan lavaş çörəyinin, şorbaların, soyuq şorba sayılan dovğanın, nahardan sonra verilən şərbətin, ərəb və türk paxlavası ilə oxşarlığı olmayan, hazırlanması sirr kimi saxlanılan Azərbaycan paxlavasının əsrarəngiz dadından bəhs edilir. Azərbaycanın üzümçülüyün inkişaf etdiyi diyarlardan olması barədə məlumat verilib.
Müəllif, həmçinin Gəncədə keçirilən şərab festivalında iştirak etdiyini və tədbirdə 450-dən çox üzüm növünün nümayiş olunduğunu bildirib. Bununla yanaşı, o, yalnız Azərbaycanda nardan hazırlanan şərabın mövcud olmasını da diqqətə çatdırıb. Məqalənin sonunda səbzi-qovurmanın, döşəmə plovun, qoyun ətindən kükü və ətli dovğanın hazırlanması qaydası əks olunub.
COMMENTS